AMEA Rəyasət Heyətinin iclasında müzakirə olunan növbəti məsələlərdən biri də AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin yaradılması haqqında olub.
Məsələ ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli qeyd edib ki, zəngin elmi-mədəni irsə, fəlsəfi düşüncə tarixinə malik türk xalqlarının fəlsəfi fikir tarixinin araşdırılması, xüsusilə də, müasir dövrün tələbləri kontekstində öyrənilməsi Türk birliyinin təməl prinsiplərinin formalaşmasında mühüm əhəmiyyətə malikdir. Türk dünyasının keçmişdən günümüzədək mədəni, fəlsəfi irsinin öyrənilməsi, başqa sözlə, ortaq təfəkkürünün, düşüncəsinin tədqiqi vacib amillərdən biridir. Həmçinin türk xalqlarının ayrı-ayrı mütəfəkkirlərinin fəlsəfi fikirlərinin vahid şəkildə formalaşması da aktuallıq kəsb edir.
AMEA rəhbəri vurğulayıb ki, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mühüm istiqamətlərindən birini ortaq etnik-mədəni dəyərlərə sahib olduğumuz türk ölkələri ilə siyasi, diplomatik, iqtisadi, mədəni, elmi əlaqələrin inkişaf etdirilməsi təşkil edir. Prezident İlham Əliyevin Andiçmə mərasimindəki nitqində “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”, - sözləri, həmçinin bu günlərdə Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi və tarixi “Qarabağ Bəyannaməsi”nin imzalanması ilə Türk dünyasına olan münasibətini açıq şəkildə ifadə etdiyini diqqətə çatdırıb.
Dövlət başçısının nitqinin AMEA, həmçinin digər akademik, ali təhsil və sahə elmi müəssisələrinin qarşısında mühüm vəzifələr müəyyənləşdirdiyini deyən akademik İsa Həbibbəyli bu vəzifələrin icrasını təmin etmək məqsədilə Akademiyanın elmi müəssisələri ilə Beynəlxalq Türk Akademiyası, Türkiyə Elmlər Akademiyası, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu, TÜBİTAK və Orta Asiya Respublikalarının Elmlər Akademiyaları arasında elmi əməkdaşlığın genişləndirilməsi, birgə tədqiqatların, digər elmi və elmi-təşkilati tədbirlərin həyata keçirilməsi istiqamətində kompleks addımlar atılır.
“Bu kontekstdə zəngin elmi-mədəni irsə, fəlsəfi düşüncə tarixinə malik türk xalqlarının fəlsəfi fikir tarixinin araşdırılması, xüsusilə də, müasir dövrün tələbləri kontekstində öyrənilməsi türk birliyinin təməl prinsiplərinin formalaşmasında mühüm əhəmiyyətə malikdir. Türk dünyasının keçmişdən günümüzədək mədəni, fəlsəfi irsinin öyrənilməsi, başqa sözlə, ortaq təfəkkürünün, düşüncəsinin tədqiqi vacib amillərdən biridir. Həmçinin türk xalqlarının ayrı-ayrı mütəfəkkirlərinin fəlsəfi fikirlərinin vahid şəkildə formalaşması da aktuallıq kəsb edir. Bu baxımdan AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda daxili imkanlar hesabına Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin yaradılması zərurəti yaranıb”, - deyə akademik İsa Həbibbəyli vurğulayıb.
İclasda qeyd olunanları nəzərə alaraq, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin yaradılması barədə qərar qəbul edilib.