Şirvan suvarma kanalının təməlinin qoyulması ölkəmizdə həyata keçirilən infrastruktur layihələri arasında xüsusi əhəmiyyət kəsb edir

Şirvan suvarma kanalının təməlinin qoyulması ölkəmizdə həyata keçirilən infrastruktur layihələri arasında xüsusi əhəmiyyət kəsb edir
  • Cəmiyyət

  • Dünya ciddi quraqlıq problemi ilə üz-üzədir və bu amili nəzərə alan ölkələr sudan istifadədə israfçılığa yol verməməyə çalışırlar. Onilliklərdir qlobal səhralaşma problemi ilə üzləşən Azərbaycan da Kür və Araz hövzələrinin dayazlaşması ilə  əlaqədar 2019-2021-ci illərdə ciddi suvarma böhranı yaşamışdı.

    2022-ci ilin yağışlı yazında suvarma suyu qıtlığı ilə bağlı vəziyyət bir qədər sabitləşsə də, aydındır ki, problemin aradan qaldırılması yalnız yeni su anbarlarının tikilməsindən, suvarma kanallarının modernləşdirilməsindən və qənaətcil suvarma sistemlərindən istifadədən sonra mümkündür. Buna görə də, suvarma suyu çatışmazlığı problemini həll etmək üçün Kiçik Qafqazın bol sulu regionunda çayların və su anbarlarının ehtiyatlarının cəlb edilməsinə böyük əhəmiyyət verilir.

    Prezident İlham Əliyev Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub. Şirvan kanalı suyun həcminə və əkin sahələrinin əhatəsinə görə ən böyük layihə olacaq. Yuxarı Şirvan suvarma kanalı Şirvan düzündə yerləşən 8 rayonun 112 min hektardan artıq əkin sahəsini suvarma suyu ilə və yaşayış məntəqələrini məişət suyu ilə təmin edir. Fasiləsiz istismar olunduğu 65 ildən çox müddət ərzində sözügedən kanalın cari və əsaslı təmirinə baxmayaraq, onun torpaq məcrasında baş verən dəyişikliklər, eləcə də qurğuların öz funksiyasını itirməsi su itkisinin artmasına səbəb olmuşdur. Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının əsasının qoyulması aqrar sahə üçün əlamətdar hadisə oldu. Qeyd olunduğu kimi uzun illər ərzində istismar olunan Yuxarı Şirvan kanalının böyük hissəsinin yararsız hala düşməsi nəticəsində böyük su itkilərinə gətirib çıxarırdı. Şirvan kanalı istifadəyə verildikdən sonra bu problem aradan qalxacaq. Prezident İlham Əliyevin vurğuladığı kimi yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək.

    Bunun da böyük hissəsi yeni suvarılacaq əkin sahələri olacaq. Şirvan kanalının 2027-ci ilin sonuna qədər istifadəyə veriləcəyi gözlənilir. Bütün bu irimiqyaslı infrastruktur layihələrini Azərbaycan öz hesabına həyata keçirir. Heç bir beynəlxalq maliyyə dəstəyi almadan belə strateji əhəmiyyətli layihələri reallaşdırır. Bu, bir daha onu göstərir ki, Azərbaycan öz problemlərini müstəqil şəkildə həll etməyi bacaran ölkədir. Prezident İlham Əliyevin bildirdiyi kimi Azərbaycan öz gücünə, öz imkanlarına arxalanan dövlətdir. Kimsədən yardım gözləmədən, öz gücünə, xalqının inamına güvənən Azərbaycan dövləti qarşısında dayanan problemləri həll edir və əlamətdar hadisə olan Şirvan suvarma kanalının təməlinin qoyulması ölkəmizdə həyata keçirilən infrastruktur layihələri arasında xüsusi əhəmiyyət kəsb edir.


    Türkanə Əliyeva
    YAP fəalı
    PAYLAŞ:

    Oxşar xəbərlər