Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə işğaldan azad olunmuş Şuşa şəhərinin təhlükəsizliyinin gücləndirilməsi, şəhərdə hərbi və hüquq-mühafizə orqanları arasında koordinasiya işinin təşkili məqsədilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Əli Nağıyevin noyabrın 19-20-də Şuşa şəhərinə xidməti səfəri olub.
Bu barədə LEQAL.AZ-a Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində Xidmət rəisi, həmçinin Füzuli şəhəri və Hadrut qəsəbəsində DTX-nin yeni fəaliyyətə başlamış yerli şöbələrinin təchizat məsələləri və iş şəraiti ilə tanış olub, Müdafiə Nazirliyinin və digər strukturların əməkdaşları ilə görüşlər keçirib, qarşıda duran birgə vəzifələr müzakirə edilib.