AMEA-nın Rəyasət Heyətinin Yer Elmləri Bölməsinin (YEB) və Şəki Regional Elmi Mərkəzinin (Şəki REM) 2023-cü il üzrə illik hesabatlarının müzakirəsinə həsr olunmuş iclası keçirilib.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, bölmənin üzvləri, bölmənin elmi müəssisələrin direktorları, direktor müavinləri, elmi katibləri, həmçinin əldə edilmiş mühüm elmi nəticələrin müəllifləri, şöbə müdirləri, gənc alim və mütəxəssislər, sahibkarlar və aidiyyəti şəxslər iştirak ediblər.
Əvvəlcə YEB-də və Şəki REM-də 2023-cü il ərzində əldə olunan nailiyyətləri, nəşr olunan elmi əsər və kitabları əks etdirən sərgiyə baxış olub.
İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib.
Akademik İsa Həbibbəyli AMEA bölmələrinin hesabat iclaslarının Rəyasət Heyətinin Böyük akt zalında keçirilməsinin bölmələrdə əldə olunan yüksək elmi nailiyyətlərin geniş ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
O, 2023-cü il ərzində ölkə başçısının müvafiq Sərəncamlarından irəli gələn vəzifələrin və dövlət proqramlarının icrası istiqamətində Akademiyanın bölmələrinə daxil olan institut və təşkilatlar qarşısında qoyulmuş məsələlərin tam şəkildə yerinə yetirildiyini diqqətə çatdırıb. AMEA rəhbəri, həmçinin “Heydər Əliyev İli”nə töhfə olaraq AMEA bölmələri, o cümlədən Yer Elmləri Bölməsinin də iştirakı ilə Ulu Öndərin zəngin həyatını və fəaliyyətini əks etdirən 50-yə yaxın fundamental monoqrafik əsərin işıq üzü gördüyünü bildirib.
Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncamın icrasından irəli gələn vəzifələr haqqında AMEA Rəyasət Heyətinin 9 yanvar 2024-cü il tarixli qərarı barədə danışan akademik İsa Həbibbəyli AMEA-nın elmi bölmələri tərəfindən Sərəncamının icrası ilə bağlı Akademiyanın Tədbirlər planının hazırlanması üçün müvafiq təkliflərin Rəyasət Heyətinə təqdim edildiyini və bu təkliflər əsasında AMEA-nın Tədbirlər planının layihəsinin hazırlandığını qeyd edib.
İclasda AMEA Rəyasət Heyəti tərəfindən “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında” 25 dekabr 2023-cü il tarixli Sərəncamının icrası ilə bağlı AMEA-nın Tədbirlər planı” təsdiq edilib.
Akademik İsa Həbibbəyli BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər tədbirin 2024-cü ildə ölkəmizdə keçirilməsinə dair qərarın qəbul edilməsinin dünya liderləri sırasında xüsusi mövqeyə malik olan Prezident İlham Əliyevə göstərilən siyasi dəstəyin, Azərbaycanın beynəlxalq arenada malik olduğu hörmət və nüfuzunun göstəricisi olduğunu bildirib. Bu mötəbər tədbirin ölkəmizdə baş tutmasının Azərbaycan elmi ictimaiyyəti qarşısında da mühüm vəzifələr qoyduğunu söyləyən AMEA prezidenti COP29-un alimlərimizin dünya alimləri ilə sıx əlaqələr qurmağa, yeni layihələrdə iştirak etməyə imkan verən əhəmiyyətli tədbirlərdən olduğuna diqqət çəkib.
AMEA rəhbəri ötən il Akademiya ilə bağlı qəbul olunmuş dövlət əhəmiyyətli sənədlər haqqında çıxış edərək, bu sənədlər arasında “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 noyabr 2023-cü il tarixli Fərmanını, “Azərbaycan Respublikasında elmi ekspedisiyaların təşkili və aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 2 avqust tarixli Qərarını xüsusi qeyd edib. O, həmçinin Nazirlər Kabinetinin “Azərbaycan Milli Elmlər Akademiyasının A.A. Bakıxanov adına Tarix İnstitutunun, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun adlarının dəyişdirilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 30 sentyabr tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasının strukturu”nda dəyişiklik edilməsi haqqında” Qərarının icrasından irəli gələn məsələlər barədə məlumat verib. Akademik İsa Həbibbəyli Nazirlər Kabinetinin müvafiq qərarı ilə AMEA-nın A.A. Bakıxanov adına Tarix İnstitutunun və Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun bazasında müvafiq olaraq Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu, eləcə də Arxeologiya və Antropologiya İnstitutunun yaradıldığını diqqətə çatdırıb.
Qarabağa Böyük Qayıdışla bağlı AMEA-nın qarşısında duran vəzifələrdən bəhs edən akademik İsa Həbibbəyli Azərbaycan Respublikası Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında İkinci Qarabağ müharibəsində Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə əlamətdar olan Böyük Zəfərin ölkənin tarixində yeni bir dövr açdığını vurğulayıb. Qeyd edib ki, 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilən anti-terror əməliyyatı ilə Azərbaycanın ərazi bütövlüyü tam şəkildə barpa olunub.
Bu müharibə və anti-terror əməliyyatını nəinki Azərbaycanın, eləcə də dünya hərb tarixinin nadir hadisəsi kimi qiymətləndirən akademik İsa Həbibbəyli əlavə edib ki, 44 günlük müharibə, ondan sonrakı lokal hərbi və anti-terror əməliyyatlarının müasir dövdə hərbi strategiya va taktikanın hazırlanması və tətbiqi prosesində istifadə edilməsi, nüfuzlu hərbi akademiya və mərkəzlərdə tətbiq edilməsi təsadüfi deyil.
“44 günlük Vətən müharibəsində qazanılan Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq va yenidənqurma ilə Böyük Qayıdış epopeyasının da əsası qoyulmuşdur”, - deyən AMEA rəhbəri həm Böyük Zəfər, həm də Böyük Qayıdışın vahid tarixi prosesin tərkib hissəsi olub, bir-biri ilə sıx bağlı olduğunu vurğulayıb. Bildirib ki, İkinci Qarabağ müharibəsi və Böyük Qayıdış Azərbaycanın hərb tarixinə yenidən nəzər salınması və müasir çağırışlar əsasında yenidən öyrənilməsini də zəruri etmişdir.
Akademik İsa Həbibbəyli müasir dövrün çağırışlarını nəzərə alaraq Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı şöbəsinin yaradılması zərurətinin meydana çıxdığını söyləyib. O, Akademiyada Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı şöbəsinin yaradılmasını Qarabağa Böyük Qayıdışla bağlı görülən işlərə elmin dəstəyini ifadə edən əhəmiyyətli bir addım kimi qiymətləndirib.
Sonra AMEA-nın Yer Elmləri Bölməsinin Elmi şurasının sədr müavini akademik Fəxrəddin Qədirov bölmənin 2023-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatını təqdim edib. Bildirib ki, ötən il bölmənin müəssisələrində aparılan tədqiqatlar əsasən, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”, “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı”, AMEA Ümumi Yığıncağının və Rəyasət Heyətinin aidiyyəti qərarlarının icrasına istiqamətlənib.
Akademik Fəxrəddin Qədirov qeyd edib ki, 2023-cü ildə AMEA-nın Yer Elmləri Bölməsinin əhatə dairəsində olan elmi müəssisələrdə 14 problemi əhatə edən 43 mövzu, 47 elmi tədqiqat işi, 26 mərhələ üzrə elmi tədqiqat işi yerinə yetirilmiş, 18 mərhələ, 13 elmi-tədqiqat işi başa çatdırılmışdır. Hesabat ilində YEB-in əhatə dairəsində olan elmi müəssisədə 1 tətbiq işi tamamlanmış, 1 patent alınmış, təsərrüfat müqaviləsi əsasında 139 elmi-tətbiqi iş yerinə yetirilmişdir.
Bölmənin elmi müəssisələrinin nəşr fəaliyyəti barədə məlumat verən akademik Fəxrəddin Qədirov hesabat ilində Yer Elmləri Bölməsinin əhatə dairəsində olan elmi müəssisələrdə 7 monoqrafiya, 12 kitab və 20 dərslik, 268 məqalə (108-i xaricdə), 185 tezisin (51-i xaricdə) nəşr edildiyini, onlardan 76-nın “Web of Science” və “Scopus” bazasında olan impakt faktorlu jurnallarda işıq üzü gördüyünü diqqətə çatdırıb.
“Heydər Əliyev İli” çərçivəsində görülmüş işləri diqqətə çatdıran məruzəçi bildirib ki, AMEA-nın Yer Elmləri Bölməsinin əhatə dairəsində olan elmi müəssisələrdə onlarla elmi konfrans, seminar, görüş və digər tədbirlər keçirilmiş, alimlərin Heydər Əliyevə həsr edilmiş kitabları, məqalələri və müsahibələri dərc edilmişdir.
O, həmçinin bölmə əməkdaşlarının elmmetrik göstəricilərini təqdim edib, kadr potensialı və kadr hazırlığı, elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, elmin populyarlaşdırılması istiqamətində atılan addımlar, bölmənin elmi jurnalları, beynəlxalq əməkdaşlıq, qrantlar və təltiflər elektron elmin vəziyyəti, Vikipediya Virtual Ensiklopediyasında, eləcə də AMEA-nın müəssisələrinin saytlarının və sosial şəbəkə hesablarının fəaliyyəti barədə məlumatları diqqətə çatdırıb.
Daha sonra Şəki REM-in 2023-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı dinlənilib. Hesabatı Mərkəzin baş direktoru, fizika üzrə fəlsəfə doktoru Yusif Şükürlü təqdim edərək bildirib ki, Şəki REM tərəfindən 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Nazirlər Kabinetinin və AMEA Rəyasət Heyətinin qərarları, AMEA prezidentinin sərəncamları əsas götürülərək, habelə dövlət proqramlarının icrasından irəli gələn işlər yerinə yetirilmişdir.
Məruzəçi hesabat ilində Şəki REM-də 7 yeni prioritet istiqamətdə, 8 şöbədə və 8 mövzu üzrə elmi-tədqiqat işlərinin yerinə yetirildiyini, 4 kitabın, 53 məqalə və 28 tezisin nəşr olunduğunu bildirib. O, tədqiqatların əsasən təbii fəlakətlərin və texnogen sferadakı baş verə biləcək təhlükələrin proqnozlaşdırılması və operativ məlumatlandırılması, regionlar üzrə ekosistemə dair tədqiqatların aparılması, ekoturizm potensialından səmərəli istifadənin yollarının müəyyənləşdirilməsi, ətraf mühitin mühafizəsi və təbii ehtiyatların, o cümlədən bioloji müxtəlifliyin tədqiqi və səmərəli istifadəsi, regionlarda yabanı bitkilərin genetik ehtiyatlarının təbii areallarında tədqiqi, mühafizəsi, bərpası, çoxaldılması, reintroduksiyası və səmərəli istifadəsi üzrə fəaliyyətin həyata keçirilməsi, Azərbaycan Respublikasının şimal-qərb bölgəsinin tarixinin milli-mənəvi irsinin öyrənilməsi, “Azərbaycançılıq” ideologiyasına aid məsələlərin işlənib hazırlanması, Azərbaycanın insan, heyvan və bitki genefondunun tədqiqi, genetik kolleksiyalarının və məlumat bazalarının yaradılması istiqamətləri üzrə aparıldığını qeyd edib.
Yusif Şükürlü, həmçinin bölmənin kadr potensialı və kadr hazırlığı, elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, beynəlxalq əməkdaşlıq, təltiflər, elektron elmin vəziyyəti barədə məlumatlarını diqqətə çatdırıb.
Müzakirələrdən sonra AMEA Rəyasət Heyətinin qərarı ilə Yer Elmləri Bölməsinin və Şəki REM-in 2023-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatları təsdiq edilib, əldə olunmuş mühüm nəticələrin AMEA-nın illik hesabatına daxil edilməsi qərara alınıb.
İclasda aparılan müzakirələrdə Elm və Təhsil Nazirliyinin (ETN) Geologiya və Geofizika İnstitutunun direktoru akademik Akif Əlizadə, Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin aparıcı elmi işçisi yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasov, ETN akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru coğrafiya elmləri doktoru Zakir Eminov, həmin institutun Xəzər dənizi üzrə mütəxəssisi c.ü.f.d. Elnur Səfərov, sahibkar Mehman Tağıyev və başqaları çıxış edərək əldə olunan mühüm nəticələrlə bağlı fikirlərini bildiriblər. Çıxış edənlər Azərbaycanda elm və təhsilin inteqrasiyası, elm və istehsalatın əlaqələndirilməsi istiqamətində görülən işlərdən, Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncamın önəmindən, eləcə də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP 29-un ölkəmizdə keçirilməsinin əhəmiyyətindən bəhs ediblər, genişprofilli elmi istiqamət olan ekogeo ilə bağlı, Xəzər dənizinin şelf zonası, həmçinin dərinliyin geodinamikası məsələləri ilə bağlı dövlət proqramlarının hazırlanması, müştərək elmi tədqiqatların aparılması ilə bağlı təkliflərini səsləndiriblər.
Daha sonra çıxış edən akademik İsa Həbibbəyli YEB-in və Şəki REM-in 2023-cü il üzrə fəaliyyətini yüksək qiymətləndirib, onların qarşısında duran vəzifələri diqqətə çatdırıb. AMEA rəhbəri gənc alimlərin elmə cəlb olunması, gənc elmlər doktorlarının sayının artırılması, elmlə istehsalatın inteqrasiyasının təşkili, elm sahələri arasında əlaqələrin genişləndirilməsi, o cümlədən kollektiv fundamental elmi tədqiqatların aparılması istiqamətində müvafiq tapşırıqlarını verib.
İclasda, həmçinin AMEA-nın müxbir üzvü Surxay Əkbərovun 70 və AMEA-nın müxbir üzvü Vəli Hüseynovun 60 illik yubileylərinin Akademiyada keçirilməsinə dair qərarlar qəbul edilib.
Müəllif: Leqal.az