“Akademiyanın Şuşanamə salnaməsi” mövzusunda elmi konfrans keçirilib

“Akademiyanın Şuşanamə salnaməsi” mövzusunda elmi konfrans keçirilib
  • Cəmiyyət

  • Dekabrın 27-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi çərçivəsində AMEA-da görülmüş işlərin yekunlarına həsr olunan “Akademiyanın Şuşanamə salnaməsi” mövzusunda elmi konfrans keçirilib.

    Tədbirdən öncə 2023-cü il ərzində “Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı” mövzusunda AMEA-da işıq üzü görmüş nəşrlərdən və rəsm əsərlərindən ibarət sərgiyə baxış olub.

    Konfransı giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli 2022-ci il martın 31-də Türkiyənin Bursa şəhərində TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, Prezident İlham Əliyev bunun ardınca “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

    Akademik İsa Həbibbəyli AR Nazirlər Kabinetinin 7 Fevral 2023-cü il tarixli  “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncamında AMEA-nın üzərinə müvafiq dövlət qurumları ilə birgə “Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı ili” çərçivəsində beynəlxalq konfrans, elmi seminar və digər tədbirlərin keçirilməsi, I Türk Dünyası Mədəniyyət Forumunun, eləcə də Əhməd bəy Ağaoğlu və Türk dünyası” mövzusunda beynəlxalq konfransın təşkili kimi vəzifələrin qoyulduğunu bildirib.

    Sözügedən sənədlərdən irəli gələrək AMEA-da müvafiq Tədbirlər Planının hazırlandığını diqqətə çatdıran akademik İsa Həbibbəyli Akademiyanın Humanitar və İctimai Elmlər bölmələrinin elmi müəssisələrində “Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı ili” mövzusunda konfransların, sərgilərin keçirildiyini, fundamental monoqrafik tədqiqatların hazırlandığını vurğulayıb. Qeyd edib ki, Qarabağ, Şuşa və “Böyük Qayıdış” mövzularında aparılmış tədqiqatlar və işıq üzü görmüş nəşrlər Qarabağın qədim və əzəli Azərbaycan torpağı olduğunu bir daha təsdiqləmiş oldu. Həmçinin sözügedən tədqiqatlarla Prezident İlham Əliyevin liderliyində Qarabağda qazanılmış tarixi Zəfər və “Böyük Qayıdış”ı əhatə edən geniş quruculuq işlərinin elmi əsaslarının ictimaiyyətə təqdim olunduğunu bildirib.  

    AMEA prezidenti bugünkü konfrans çərçivəsində sərgilənən nəşr və rəsm əsərlərinin bir-birini tamamladığını, alimlər tərəfindən çəkilmiş rəsm əsərlərinin rəng, kompozisiya və üslub baxımından Qarabağ, Şuşa mövzusunda ciddi və dərin mənalar verdiyini diqqətə çatdırıb.

    Akademik İsa Həbibbəyli “Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı ili” çərçivəsində həyata keçirilən konfranslar, seminarlar, forumlar, sərgilər və fundamental monoqrafik tədqiqatların dövlət başçısının Akademiya qarşısında qoyduğu tapşırıqları əhatə etdiyini və alimlərimizin Prezident İlham Əliyevin qarşımıza qoyduğu vəzifələrin öhdəsindən bundan sonra da layiqincə gəlmək üçün var qüvvələri ilə çalışacağını bildirib.

    Sonra AMEA-nın Folklor İnstitutunun direktoru akademik Muxtar İmanov “Şuşa və Qarabağ akademik nəşrlərdə və toplama materiallarında” və AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə “Qarabağ və Şuşa təsviri incəsənətdə” mövzusunda məruzələrlə çıxış ediblər. Məruzələr ətrafında tədqiqatçı-alim, kimya üzrə fəlsəfə doktoru Nazir Əhmədli çıxış edib.

    PAYLAŞ:

    Oxşar xəbərlər