AMEA-da İraqda yaşayan türkmanlarla tarixi, mədəni və humanitar sahələrdə əlaqələrin genişləndirilməsinə dairTədbirlər planı qəbul olunub

AMEA-da İraqda yaşayan türkmanlarla tarixi, mədəni və humanitar sahələrdə əlaqələrin genişləndirilməsinə dairTədbirlər planı qəbul olunub
  • Cəmiyyət

  • Akademiyanın Rəyasət Heyətinin iclasında “İraq Respublikasında yaşayan türkmanlarla tarixi, mədəni və humanitar sahələrdə əlaqələrin genişləndirilməsinə dair AMEA-nın Tədbirlər planı” haqqında müzakirələr aparılıb.

    Məsələ ilə əlaqədar çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, Akademiyanın Rəyasət Heyətinin 12 iyul 2023-cü il tarixli qərarı ilə İraq-Türkman Araşdırmaları üzrə Əlaqələndirmə Şurası yaradılıb və şuraya İraq-Türkman tarixi, dili, ədəbiyyatı, mədəniyyəti, etnoqrafiyası və folkloru ilə bağlı araşdırmaların əlaqələndirilməsi və sistemli koordinasiyası istiqamətində tədbirlərin həyata keçirilməsi tapşırılıb.

    Akademik qeyd edib ki, həmin qərarda İraq-Türkman Araşdırmaları üzrə Əlaqələndirmə Şurasına AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin elmi tədqiqat müəssisələrinin təklifləri nəzərə alınmaqla İraq Respublikasında yaşayan türkmanlarla tarixi, mədəni və humanitar sahələrdə əlaqələrin genişləndirilməsinə dair AMEA-nın Tədbirlər planının hazırlanması barədə müvafiq tapşırıq verilib. Qeyd olunan məsələnin İraq-Türkman Araşdırmaları üzrə Əlaqələndirmə Şurasının 2023-cü il 20 oktyabr tarixli iclasında müzakirə olunduğunu, şura üzvlərinin rəy və təkliflərinə əsasən Tədbirlər planının layihəsinin hazırlandığını söyləyib.

    Bundan əlavə, Şuranın bu günlərdə baş tutan ilk iclasında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Dialektologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru dosent Kübra Quliyevanın “İraq-Türkman ləhcəsinin tarixi-dialektoloji təsviri” mövzusunda məruzəsinin dinlənildiyini, eləcə də kərküklü şair, tədqiqatçı, ədəbiyyatşünas, ictimai xadim Dr. Şəmsəddin Kuzəçinin “Çağdaş Türkman ədəbiyyatı” mövzusunda elmi seminarının keçirildiyini bildirib.

    Akademik İsa Həbibbəyli, o cümlədən İraqın 7 universitetində Türkologiya fakültəsinin fəaliyyət göstərdiyini və həmin fakültələrin Azərbaycan dili, lüğəti, ədəbiyyatı, tarixi, folkloru, arxeologiyası ilə bağlı elmi ədəbiyyata ehtiyacları olduğunu söyləyib, həmin universitetlərin nəşr ehtiyacını ödəmək üçün AMEA-nın elmi müəssisə və təşkilatlarından kitabların toplanaraq göndəriləcəyini vurğulayıb.

    İclasda qeyd olunanları nəzərə alaraq, AMEA Rəyasət Heyəti “İraq Respublikasında yaşayan türkmanlarla tarixi, mədəni və humanitar sahələrdə əlaqələrin genişləndirilməsinə dair Tədbirlər planı”nı təsdiq edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər