Oktyabrın 19-da AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Əməkdar Elm xadimi, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı akademik Kamal Talıbzadənin 100 illik yubileyinə həsr olunmuş “Akademik Kamal Talıbzadə: ədəbi tənqid məktəbinin yaradıcısı” mövzusunda elmi sessiya keçirilib.
Tədbiri girş sözü ilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq Akademiyanın, eləcə də Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun formalaşmasında ədəbiyyatşünas alim Kamal Talıbzadənin əvəzsiz xidmətləri olduğunu bildirib.
Akademik İsa Həbibbəyli akademik Kamal Talıbzadənin Azərbaycan elminə və ictimai fikir tarixinə əhəmiyyətli töhfələr vermiş, qiymətli əsərləri ilə elmimizi zənginləşdirmiş, yeni nəsillərin inkişafında böyük xidmətlər göstərmiş böyük ictimai xadim olduğunu qeyd edərək, görkəmli alimin Azərbaycan elminin inkişafı istiqamətində gördüyü işlərdən danışıb. Bildirib ki, Azərbaycan ədəbiyyatşünaslıq tarixində ədəbi tənqid məktəbinin banisi olan akademik Kamal Talıbzadə XX əsr Azərbaycan ədəbi tənqidinin mükəmməl salnaməsini, dolğun elmi mənzərəsini yaratmış, həmçinin tənqid tariximizin köklərini dərindən araşdırmışdır.
AMEA rəhbəri diqqətə çatdırıb ki, Kamal Talıbzadə yaşadığı dövrün ədəbi-tənqid proseslərini hər zaman diqqətlə izləmiş və müasirləri olan yazıçılar haqqında qiymətli elmi əsərlər yazmışdır. Akademik İsa Həbibbəylitənqidçi alimin gənclərin inkişafına böyük dəstək göstərdiyini, onların elmi fəaliyyəti ilə daim maraqlandığını, aspirantların yetişdirilməsində yaxından iştirak etdiyini vurğulayıb.
Akademik Kamal Talıbzadənin Azərbaycan ədəbiyyatı tarixi, ədəbiyyat təndiqi və ədəbiyyat nəzəriyyəsiistiqamətlərindəki xidmətlərini yüksək qiymətləndirən İsa Həbibbəyli alimin 1966-cı ildə işıq üzü görmüş“XX əsr Azərbay¬can tənqidi” kitabını indiyədək bu sahədə yazılmış ən qiymətli, fundamental tənqid tarixi əsəri kimi dəyərləndirib. O, akademik Kamal Talıbzadənin XX əsrin əvvəlləri Azərbaycanda romantik şeirin sənətkarlıq xüsusiyyətləri ilə bağlı ərsəyə gətirdiyi dissertasiya işinin Abbas Səhhətin timsalında ədəbiyyat sənətinin görkəmli nümayəndəsini bütün yönləri ilə birlikdə təqdim etməklə yanaşı, onun lirikasını, özünəməxsusluğunu, sənətkarlıq xüsusiyyətlərini ilk dəfə meydana qoyan tədqiqat işi olduğunu vurğulayıb.Akademik Kamal Talıbzadə haqqında ilk monoqrafiyanın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda çapdan çıxdığını qeyd edib.
Çıxışının sonunda akademik İsa Həbibbəyli böyük müəllimi, akademik Kamal Talibzadəni hər zaman hörmətlə xatırladığını, onun irsinə xüsusi diqqət və qayğıyla yanaşdığını, yubileylərinin mütəmadi olaraq qeyd olunduğunu vurğulayıb. AMEA rəhbəri görkəmli alimin 100 illiyinə həsr olunmuş bugünkü elmi sessiyada Kamal Talıbzadənin davamçıları tərəfindən onun yaradıcılığının müxtəlif məqamlarına nəzər salınacağını söyləyib, ədəbiyyatşünas alimin qızı – sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülkər Talıbzadənin atasının yolunu uğurla davam etdirdiyini diqqətə çatdırıb.
Sonra Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru Vaqif Yusifli “Kamal Talıbzadə - tənqid tariximizin memarı”, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli “Şəxsiyyətin görünən və görünməyən miqyası”, filologiya elmləri doktoru, dosent Elnarə Akimova “Kamal Talıbzadənin yaradıcılığında poeziya məsələləri”, filologiya elmləri doktoru, dosent Sara Osmanlı “Müqayisəli ədəbiyyatşünaslığın inkişafında Kamal Talıbzadənin xidmətləri”, filologiya üzrə fəlsəfə doktoru, dosent Nərgiz Cabbarlı “Kamal Talıbzadə və müsasir ədəbi tənqid” mövzularında məruzələrlə çıxış ediblər.
Sonda çıxış edən akademik Kamal Talıbzadənin qızı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülkər Talıbzadə atasının xatirəsinə göstərilən dərin ehtirama görə AMEA rəhbərliyinə minnətdarlığını ifadə edib.
Müəllif: Leqal.az