İcazə almadan Azərbaycanın dövlət sərhədini keçən, sərhədi üzərində uçuş qaydalarını pozan hava gəmisi məcburi qaydada yerə endirilə bilər. Tələblərə riayət etməyən hava gəmisinin məhvinə icazə verilir.
Leqal.az xəbər verir ki, bununla bağlı “Aviasiya haqqında” qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin oktyabrın 18-də keçirilən iclasının gündəliyinə daxil edilib.
Sənədə əsasən qanunla nəzərdə tutulan hallarda uçuş qaydalarını pozan hava gəmisi yerə endirildikdən və pozuntunun səbəbləri aydınlaşdırıldıqdan sonra uçuşunun davamına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icazə verilir.
Məcburi qaydada yerə enmək barədə xüsusi tələblərə riayət etməyən, bortunda pozuntu törədilməsində təqsiri olmayan sərnişinlərin olması barədə düzgün məlumat olmayan və ya özünümüdafiə tələb edilən halda hava gəmisinin məhvinə icazə verilir.
Qanun layihəsinə görə, qəza halları istisna olmaqla, hava gəmisinin bortunda olan şəxslərin həyat və sağlamlığına təhlükə yarandığı hallarda və ya texniki nasazlıq səbəbindən Azərbaycan Respublikasının hava məkanına daxil olan beynəlxalq uçuşları yerinə yetirən hər hansı hava gəmisinin təcili enməsinə həmin hava gəmisinin sərhəd və gömrük nəzarətindən və bu Qanunda nəzərdə tutulmuş digər nəzarətdən keçməsini təmin etmək üçün yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) bu məqsədlə müəyyən etdiyi hava limanında yol verilir.
Kommersiya uçuşlarının həyata keçirilməsi zamanı istismar tələblərinə uyğun olmayan sınaqları və qəza şəraitinin imitasiyasını aparmağa yol verilmir.//azərtac