Cəbrayılın inkişafının başlanğıcı

Cəbrayılın inkişafının başlanğıcı
  • Cəmiyyət

  • Cəbrayıl rayonu 8-avqust 1930-cu ildə təşkil edilmişdir. Rayonun ərazisi indiki hüdüdları daxilində sahəsi 1050 km-dir. Həmçinin əhalisi 24.300 nəfəri təşkil edir. Cəbrayıl rayonu Kiçik Qafqaz dağlarının cənub-şərqində,Gəyən düzü və Qarabağ silsiləsində yerləşir.Ərazisi əsasən dağlıqdır.İran İslam Respublikası ilə həmsərhəddir.Cəbrayıl rayonunun ən yüksək zirvəsi Dağ Tumasdır ki,hündürlüyü 1580 m-dir.Həmçinin erməni işğalından əvvəl rayonda yaşı 400-500 olan iri diametrli çinar ağacı,104 kəhriz və 99 bulaq vardır.Cəbrayıl ərazisi Midiya,Əhəmənilər və Albaniya dövlətlərinin tərkibində olmuşdur.
                 
    Cəbrayıl rayonu Azərbaycan tarixi və dini abidələri ilə zənginlik təşkil edir.Beləki belə abidələrə misal olaraq Mərmərnənə məqbərəsi,Daş məqbərə,Məzan nənə türbəsi,Səkkizgüşəli türbə və Xudafərin körpüsünü misal göstərmək olar.
                 
    Cəbrayıl rayonu 4 yanvar 1963-cü ildə ləğv edilərək Füzuli rayonuna birləşdirilmiş,17 iyun 1964-cü ildə yenidən yaradılmışdır.23 avqust 1993-cü il tarixində rayon Ermənistan ordusu tərəfindən işğal edilmişdir.Beləki,işğal nəticəsində rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəymişdir.Cəbrayıllılar,məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində,çadır düşərgələrində,yük vaqonlarında və yataqxanalarda məskunlaşmışlar. 
                 
    Nəhayət 2020-ci ildə Azərbaycan 27 sentyabr tarixində işğal altında qalan torpaqlarını bərpa etmək üçün əks hücum əməliyyatı keçirdi. Bildiyiniz kimi, Ermənilər Cəbrayıl ərazisində bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi.  27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktybar tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etdi. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə Cəbrayıl şəhəri və 80 kənd işğaldan azad edildi. Adı çəkilən ərazilərin azad edilməsilə, həm də Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqmətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Cəbrayılın azad olunması Azərbaycan Ordusunun gücünün, şücaətinin nəticəsidir. 2016-cı il şanlı Aprel döyüşləri zamanı Ordumuzun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdi. Azərbaycan Ordusu yarımçıq qalan işi 2020-ci ildə uğurla reallaşdırdı və Cəbrayıl bütövlükdə azad edildi. Üstəlik, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü. 
                 
    27 il ərzində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Cəbrayıl rayonunun bütün infrastrukturu dağıdılmaqla yanaşı, maddi-mədəni abidələri də məhv edilib. Belə ki, Dağtumas kəndi yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbə və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri işğal zamanı məhv edilmiş və ya dağıntıya məruz qalmışdır. Şübhəsiz ki, Azərbaycan xalqının birliyi və dövlətimizin gücü sayəsində dağıdılmış bütün tarixi abidələr yenidən bərpa olunacaq.

    27 il ərzində əldə edilən uğurlar, görülən hazırlıqlar bizi addım-addım möhtəşəm qələbəyə yaxınlaşdırdı. Bu böyük sevinci bütün xalqımıza bəxş edən başda Ali Baş Komandan İlham Əliyev olmaqla bütün igid, qəhrəman Azərbaycan Ordusuna minnətdarıq. Möhtəşəm qələbəmizdən ötən dövr ərzində Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarında aparılan yenidənqurma və bərpa işlərinə nəzər saldıqda görürük ki, bu yerlərdə tezliklə həyat öz axarına düşəcək. O cümlədən, Cəbrayıl camaatı öz ata-baba yurdlarına qayıdaraq yenidən xoşbəxt, firavan həyat sürəcək.




    Nazənin Heydərzadə,
    Masallı Tarix-Diyarşünaslıq Muzeyi  Elmi işçi
    PAYLAŞ:

    Oxşar xəbərlər