Bu ilin sentyabrın 19-da erməni silahlı birləşmələrinin Qarabağ bölgəsində həyata keçirdikləri terror aktları nəticəsində 4 polis və 2 mülki vətəndaşımızın həlak olması Azərbaycanı bölgədə lokal xarakterli antiterror əməliyyatlarına başlamağa vadar etdi. Hər zaman öz məkrli və xain əməllərindən geri qalmayan düşmən artıq səbr kasamızı daşdırdı. Lakin, cəmi 23 saat 43 dəqiqə davam edən antiterror əməliyyatları nəticəsində çoxlu sayda strateji mövqe və döyüş sursatları şanlı ordumuz tərəfindən ələ keçirildi. Məğlubiyyətlərə doymayan düşmənin isə çoxlu sayda itki verərək ağ bayraq qaldırmaqdan başqa çarəsi olmadı.
Bölgədə aparılan antiterror əməliyyatları başa çatdıqdan sonra Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciət etdi. Ölkə başçısı bildirdi ki, ikinci Qarabağ müharibəsi başa çatandan sonra bu günə qədər 300-dən çox Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olmuş və ya ağır yaralanmışdır. İkinci Qarabağ müharibəsindən sonra məqsədyönlü şəkildə Azərbaycana qarşı terror aktlarını həyata keçirmək üçün 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalardan istifadə olunmuşdur. Laçın sərhəd-buraxılış məntəqəsi qurulmayana qədər İkinci Qarabağ müharibəsindən sonra Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq minalar gətirilmiş və müxtəlif yerlərdə basdırılmışdır.
Prezident İlham Əliyev qürurla qeyd etdi ki, lokal xarakterli antiterror tədbirlərin qarşısında duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi.
Terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcəkdir. Antiterror tədbirlərinin nəticəsində Azərbaycan öz suverenliyini tam şəkildə bərpa etmişdir. Antiterror tədbirləri nəticəsində bizim hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişlər. Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edilmişdir. Hərbi texnika məhv edilmişdir və sıradan çıxarılmışdır. Əməliyyat başlamazdan əvvəl bütün hərbi birləşmələrimizə ciddi tapşırıq verilmişdir ki, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır.
Yaşadığı acı məğlubiyyətlərdən və uğursuzluqlardan dərs çıxarmayan Ermənistan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq üç il ərzində öz silahlı qüvvələrini, canlı qüvvəsini və texnikasını bizim ərazimizdən çıxarmamışdır. Aparılmış qısamüddətli lokal xarakterli antiterror tədbirləri nəticəsində, düşmənin silah və texnikalarının böyük hissəsi sıradan çıxarılmışdır. Azərbaycan ərazisində qanunsuz olaraq Ermənistan ordusuna məxsus yüzdən çox tank və zirehli nəqliyyat vasitələri, zirehli texnika yerləşdirilmişdir. Radioelektron mübarizə vasitələri yerləşdirilmişdir. İki yüzdən çox top və artilleriya qurğuları, hava hücumuna qarşı ən müasir qurğular yerləşdirilmişdir. Əfsuslar olsun ki, antiterror tədbirləri zamanı şəhidlərimiz olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralı əsgər və zabitlərimizə şəfa versin. Onlar Vətən yolunda, haqq-ədalət yolunda, Azərbaycanın suverenliyi yolunda öz canlarını fəda etmişlər. Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaqdır.
Dövlətimizin başçısı müraciəti zamanı bildirdi ki, əməliyyatın uğurlu gedişatı Ermənistan dövlətini və onun himayəsi altında fəaliyyət göstərən qanunsuz xunta rejimini ciddi təşvişə salmışdır. Cəmi bir gün davam etmiş döyüşlərin nəticəsində qanunsuz silahlı birləşmələr artıq bizim şərtlərimizi qəbul etməyə hazır oldular. Tərəflər arasında birbaşa dialoq üçün lazımi addımlar atıldı və Qarabağda yaşayan erməni icmasının nümayəndələri Yevlax şəhərində görüşməyə hazır olduqlarını bildirdilər. Azərbaycan hər zaman olduğu kimi, öz sözünə sadiqdir. Əfsuslar olsun ki, qarşı tərəf atəşkəsə tam əməl etməyib. Atəşkəs elan olunandan sonra da bizim mövqelərimiz atəş altına düşmüşdür. Buna baxmayaraq, prinsip etibarilə bizim şərtlərimiz tam qəbul olundu və artıq qanunsuz erməni silahlı birləşmələrinin mövqelərdən çıxarılma prosesi başlamışdır. O cümlədən onlar bizim şərtimizi qəbul edərək silahların da təhvil verilməsinə başlamışlar.
Ali Baş Komandan İlham Əliyev eyni zamanda vurğuladı ki, Azərbaycan dəfələrlə qarşı tərəfə öz xəbərdarlığını vermişdir. İkinci Qarabağ müharibəsindən dərhal sonra ölkəmiz haqlı narahatlığını ifadə edərək dəfələrlə Ermənistan rəhbərliyinə, onların xaricdəki havadarlarına və digər tərəflərə müraciət edərək deyirdik ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində qalması qanunsuzdur və buna son qoyulmalıdır. Qarabağ Azərbaycan ərazisidir və bunu bütün dünya tanıyır, o cümlədən Ermənistan rəhbərliyi artıq bunu başa düşüb. Əgər vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyirdisə, indi “Qarabağ Azərbaycandır” deyir və nəinki deyir, hətta bizim ərazimizin ölçülərini də dilə gətirməyi unutmur. Azərbaycanın bütün addımları legitimdir, hüquqidir və ədalətlidir. Azərbaycan bütün addımlara görə həm məsuliyyət daşıyır, həm qürur hissi keçirir. Antiterror tədbirləri yüksək peşəkarlıqla və dəqiqliklə aparıldı.
Artıq bölgəmizdə yeni vəziyyətin yaranması labüddür. Çünki kriminal xunta rejimi təslim olandan sonra bu gərginlik mənbəyi, bu zəhər yuvası artıq tarixdə qalır və Qarabağda yaşayan erməni əhalisi də nəhayət rahat nəfəs ala bilər. Onlar bizim vətəndaşlarımızdır. Sadəcə olaraq, erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistanın və Qarabağın dırnaqarası rəhbərləri o insanları girov götürmüşdü, onların beyinlərini zəhərləmişdi. Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək. Azərbaycanın niyyəti sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Bütün haqsızlıqlara, kriminal Ermənistan rejimi tərəfindən törədilmiş cinayətlərə baxmayaraq, biz erməni xalqını bu cinayətlərdə heç vaxt günahlandırmamışıq. Xocalı soyqırımında, şəhərlərimizin, kəndlərimizin dağıdılmasında, qəbirlərin qazılmasında biz erməni xalqını günahlandırmamışıq. Biz kriminal rejimin ünsürlərini, başda duranlarını ittiham etmişik və biz onları məsuliyyətə cəlb edirik və edəcəyik.
Prezident həmçinin qeyd etdi ki, Yevlax şəhərində Qarabağ icmasının nümayəndələri ilə təşkil olunacaq görüşdə biz gələcək ilə bağlı olan baxışlarımızı çatdıracağıq. Qarabağda yaşayacaq ermənilərin bütün hüquqları təmin ediləcək - təhsil, mədəniyyət, din hüquqları, bələdiyyə seçki hüquqları. Azərbaycan azad cəmiyyətdir, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir. Bu, bizim böyük sərvətimizdir. Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi bunu görür. Bu, bizim həyat tərzimizdir. Heç vaxt Azərbaycanda dini, milli zəmində ayrı-seçkilik olmayıb və olmayacaq. Bütün millətlərin nümayəndələri, bütün etnik qrupların, bütün konfessiyaların nümayəndələri İkinci Qarabağ müharibəsi zamanı bir yumruq kimi birləşdi - Azərbaycan uğrunda, ləyaqət uğrunda, Vətən uğrunda. Bundan sonra da işğaldan azad olunmuş bütün ərazilərdə inkişaf davam etdiriləcəkdir. Azərbaycan müxtəlif sosial proqramlar icra etməyə hazırdır. Ölkəmiz bütün Qarabağı və Şərqi Zəngəzuru yenidən qurur. Eyni şəraiti biz Xankəndidə, Ağdərədə, Xocavənddə, kəndlərdə yaradacağıq, Əsgəranda yaradacağıq. Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb. O şansı əldən verməsinlər. Çünki bu, məntiqə, tarixi ədalətə, beynəlxalq hüquqa, gələcək inkişafa əsaslanan və gələcək inkişafa hesablanan birgəyaşayış təklifdir. Biz əmin olmalıyıq ki, qarşı tərəf revanşist fikirlərlə yaşamır və onlar da əmin olmalıdırlar ki, bizim onların torpağında gözümüz yoxdur. Biz onların ərazi bütövlüyünü tanıyırıq və bunu bəyan etmişik, bütün ölkələrin ərazi bütövlüyünü tanıyırıq. Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən. Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın. Əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuş regionumuza artıq sülh gəlməlidir. Azərbaycan və Ermənistan öz aralarında olan məsələləri tənzimləyəcək, sülh müqaviləsi imzalayacaq və
Cənubi Qafqaz ölkələri üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında işləməyə başlayacaqlar.
Müzəffər Ali Baş Komandan bir daha əminliklə qeyd etdi ki, bizə xor baxanlar, torpağımıza göz tikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt unutmasınlar ki, dəmir yumruq yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Onu da unutmasınlar ki, Qarabağ Azərbaycandır!
Tural Sadıqov,
Masallı Gənclər Evi sosial xidmət müəssisəsinin metodisti