Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən İsmayıllı və Şamaxı rayonlarında "Müasir çağırışlar və dini fəaliyyət" mövzulu seminarlar keçirildi. Seminarlar hər iki rayonun din xadimlərinin iştirakı ilə baş tutdu. Tədbirdə rayon icra hakimiyyətlərinin rəsmiləri də nitq söyləyərək önəmli fikirlər səsləndirdilər. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nin hər iki rayondakı nümayəndələri - bölgə üzrə təmsilçiləri, Mənəvi Dəyərlərin Təbliği Fondunun rəhbərliyində təmsil olunan şəxslər bu maarifləndirici tədbirdə vacib məsələlərə toxundular, mənəvi dəyərlərimizin inkişafında din xadimlərimizin rolundan bəhs etdilər. Fondun hazırladığı, Azərbaycanın qədim din alimlərindən bəhs edən film nümayiş etdirildi. İlahiyyatçı - ekspert kimi mən də çıxış edərək bu kimi tədbirlərin keçirilməsinin önəmindən, ölkəmizdəki vəhdət və tolerantlığın qorunub saxlanılmasından danışdım.
Qeyd edim ki, belə mövzularda tədbirlərin təşkil olunması çox yönlərdən faydalı və mühümdür. Din adamlarının, din xadimlərinin mütəmadi olaraq bu cür görüşlərini təşkil etmək, sosial əlaqələrin inkişafı, ictimai müzakirələr baxımından, vəhdət və tolerantlıq ənənələrimizin daha da möhkəmlənməsi sarıdan əvəzsizdir. Yüksək səviyyədə baş tutan bu görüşlərin, bu seminarların işkirakçısı olaraq deməliyəm ki, din xadimləri də bunu təqdir edirlər. Fondun nəşr etdiyi ədəbiyyatın, dini kitabların din xadimlərinə təqdim edilməsi onların dini maarifləndirmə işində səhih və mötədil istiqamət götürmələrinə stimul verir. Habelə çalışdıqları bölgədə dini təbliğatın sağlamlığına vəsilə olur.
İstər seminarın rəsmi hissəsində, istər digər görüşlərdə din xadimlərinin həm DQDK və Fond rəsmiləri ilə, həm bizlərlə, həm də bir - biriləri ilə yüksək səviyyəli müsbət münasibətlərinin canlı şahidi kimi deyə bilərəm ki, ölkəmizdə din - dövlət, din - cəmiyyət münasibətləri, dinlər və məzhəblər arası tolerantlığım qorunub saxlanması yüksək səviyyədə təşkil olunub və yüksələn istiqamətdə də inkişaf etməkdədir.
Bu görüşlərdə, seminarlarda, təyin olunmuş din xadimlərinin təcrübəli, təhsilli, savadlı, dövlətçiliyə bağlı, vətənpərvər şəxslər olduqlarını əyani şəkildə müşahidə etdik. Buna baxmayaraq bəzən xaricdən qara qüvvələr tərəfindən ölkəmizə də sızdırılmaq istənilən məzhəblərarası dözümsüzlük, radikallıq, fanatizm, xurafarçılıq kimi mənfi hallara qarşı da ayıq - sayıq olmağın vacibliyini də vurğuladıq. Adətən kənar qaranlıq qüvvələr, ölkəmizə düşmən olan bəzi ünsürlər din adamlarının saflığından, bəzilərinin də sadəlövhlüyündən sui-istifadə edərək hardasa bir boşluq axtarışında olurlar ki, dərhal ora sızıb mənfur niyyətlərini icra etsinlər. Ona görə hesab edirəm ki, din xadimlərimiz hazırda mövcud olan, hətta bir çox ölkələrə nümunə göstərilən hazırki mövcud dini tolerantlıq şəraitinin qorunub saxlanmasında hər zaman öz potensiallarını əsirgəməməlidirlər.
İsmayıllı rayonunda fəaliyyət göstərən din xadimləri arasında kifayət qədər ziyalı, müdrik, hətta dini elmlərlə, dini təhsillə yanaşı dünyəvi elmlərə də vaqif olan, dünyəvi təhsilli, şeirə-sənətə, mədəniyyətə bağlı, Azərbaycan Yazıçılar Birliyinin üzvü olan bir neçə ilahiyyatçı ilə şəxsən tanış oldum. Böyük şəhərlərimizin böyük məscidlərində imam vəzifəsində uzun illər işləmiş, geniş təcrübə qazanmış din xadimlərimiz vardır.
Habelə Xaqani, Nəsimi, Seyid Əzim, Sabir yurdu olan Şamaxı rayonunda din xadimlərinin iştirakı ilə keçirilən seminarda, rayonda fəaliyyət göstərən din xadimlərinin yüksək bacarıq və potensiala malik olduqlarını gördük. Din xadimləri içərisində elmə, elmi - mədəni tarixi araşdırmalara meylli, bu işlərdə təcrübəsi olan şəxslərlə söhbət etdikcə böyük qürur hissi keçirdim. Hətta bu din xadimlərindən bəziləri gənc olsalar da əhalinin rəğbətini qazanmış, ictimai, dini tədbirlərdə cəmiyyətin yanında olan, savadlı ilahiyyatçıardır. Çalışdıqları rayonların dini, mədəni, tarixi abidələrinin tarixini, təyinatını bilən, təbliğ edən şəxslərdir. Şamaxı Cümə məscidini, digər tarixi abidələrimizi, Qobustanda Diri Baba türbəsini ziyarətimiz zamanı bu rayonların din xadimlərinin, bu sahəyə məsul olan rəsmilərin düzgün dini maarifçiliklə yanaşı bu kimi abidələrimizə münasibətdə səmimi olduqlarını bir daha müşahidə etdik.
Din xadimlərimizin qaneedici fəaliyyət göstərməsində bu təyinatları həyata keçirən DQDK və onların səmərəli fəaliyyəti üçün işlər görən Mənəvi Dəyərlərin Təbliği Fondu əsas rola sahibdir. Müşahidələrim onu göstərdi ki, həm yeni təyinatlar, həm də din xadimlərinin fəaliyyətinə dəstək, bu cür sıx münasibətlər, seminarlar, görüşlər, maarifləndirmə işi bu sahədəki boşluqları dolduracaq, əvvəlki bəzi nöqsanları aradan aparacaq və inkişafı gücləndirəcəkdir.
Bir qədər əvvəl həmin fondun təşkil etdiyi, media nümayəndələrinin də iştirakı ilə keçirilmiş təhlükəsizliklə bağlı seminar da çox böyük əhəmiyyət kəsb edirdi. Media nümayəndələrinin, ekspertlərin fikirlərinin dinlənildiyini, mətbuat nümayəndələrinin də məsələyə münasibətlərinin öyrənildiyini həmin seminarın əhəmiyyəti və effekti ictimaiyyətin diqqətini çəkdi, aidiyyatı mövzuda məlumat zənginliyini təmin etdi.
Ümumiyyətlə hesab edirəm ki, bu istiqamətdə görülən işlərin indiki faydaları ilə yanaşı gələcək üçün də böyük önəmi vardır. Din xadimlərimizin milli təfəkkürdə olması, dini maarifləndirmə işini düzgün aparması, ənənəvi mənəvi dəyərlərimizi yaşadıb təbliğ etməsi çox vacibdir.
Din sahəsində saflığın, şəffaflığın yaşadılması, tolerantlığın qorunması, mənəvi dəyərlərimizin - dinimizin dürüst təbliğ edilməsi naminə Mənəvi Dəyərlərin Təbliği Fondunun gördüyü işlər təqdirəlayiqdir və bu fəaliyyət davam etməlidir.
Tural İrfan
İlahiyyatçı-yazar