Milli Məclisin deputatı Vüqar Bayramov qardaşı, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu barədə müvafiq dövlət qurumları ilə təmaslarını gücləndirəcəyini bildirib.
Deputat bununla bağlı "Facebook" sosial şəbəkə hesabında yazıb.
"Son bir həftə ərzində xarici səfərdə olduğum üçün qardaşım Qubad İbadoğlunun həbsi ilə bağlı medianın suallarını cavablandırmaq imkanım yox idi. Bu gündən Bakıdayam, yenə də hörmətli jurnalistlərin fərqli mövzular üzrə sorularını cavablandıra biləcəyəm. Qeyd edim ki, ölkədən kənarda olduğum müddətdə cəmiyyətdə ciddi qəbul olunmayan bir sıra fiqurlar və xəbər portalları tərəfindən yayılan spekulyativ açıqlamalar sadəcə təəssüf doğurur.
İnanırıq ki, araşdırmalar obyektiv aparılacaq və hüquqi dövlət prinsiplərinə uyğun ədalətli qərar qəbul ediləcək. Eyni zamanda, Qubad bəyin qəbul etdiyi dərman ləvazimatlarının mütəmadi təminatı üçün müvafiq dövlət qurumları ilə təmaslarımı gücləndirərək bu məsələdə də nə mümkündür edəcəyəmm. Allah bütün məhbusların qapısını açsın", - deyə o qeyd edib.