DYP ekoloji tələbləri pozan nəqliyyat vasitələri sürücülərinə daşıdıqları məsuliyyəti davamlı xatırladır

DYP ekoloji tələbləri pozan nəqliyyat vasitələri sürücülərinə daşıdıqları məsuliyyəti davamlı xatırladır
  • Cəmiyyət

  • Məlum olduğu kimi, arxada qalan may ayı bütövlükdə ölkədə “Təmiz hava” aylığı elan edilmişdi. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bu təşəbbüsü ilə əlaqədar sürücülərə müraciət etmiş, Respublika ərazisində keçirdiyi “Təmiz hava” aylığı tədbirinin keçirilməsində əsas məqsədin atmosfer havasının avtonəqliyyat vasitələrinin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsi hallarının qarşısının alınması olduğunu elan etmişdi.

    Tədbirlə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitəsi sahiblərinin, sürücülərin və eləcə də avtonəqliyyat müəssisələri rəhbərlərinin diqqətinə çatdırmışdı ki, istifadələrində olan avtomobillərin yanacaq sistemi tənzimlənilməklə saz vəziyyətə gətirildikdən və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılması təmin edildikdən sonra istismarına yol verilə bilər. Ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

    Son vaxtlar yollarda ekoloji cəhətdən tələbləri pozan və qara tüstü buraxan nəqliyyat vasitələrinə rast gəlinir. Həmin avtomobillərin sürücüləri əksər hallarda yanacağın keyfiyyətinin aşağı olmasından şikayət etsələr də, bu zaman məntiqli bir sual ortaya çıxır; bəs digər avtomobillərdən niyə bu cür tüstü çıxmır? Deməli, sürücülər “Yol hərəkəti haqqında” qanuna əsasən, nəqliyyat vasitəsini saz vəziyyətdə saxlamaq öhdəliyini tam yerinə yetirmirlər. Xüsusən, bu cür hallar dizel mühərrikli avtobillərdə daha çox müşahidə olunur. DYP belə hallara qarşı mütəmadi olaraq mubarizə aparsa da, hələ də bir cür nəqliyyat vasitələri yollarımızda müşahidə edilməkdədir.

    Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji nəzarət YPX bölüyünün əməkdaşları bu cür avtomobillərə qarşı ilin bütün fəsillərində ciddi nəzarət həyata keçirirlər. Aşkar olunan sürücülərin əksəriyyəti ilə maarifləndirici söhbətlər aparılır, onların avtomobili ilə bağlı qeydlər götürülür və sürücülərə xəbərdarlıq olunur. Xəbərdarlığın mahiyyəti ondan ibarətdir ki, sürücü həmin problemi həll etməsə növbəti dəfə saxlandığı zaman barəsində inzibati qaydada protokol tərtib olunacaq.

    Bu cür hallar sürücülərin avtomobilə texniki qulluq göstərməməsi ucbatından baş verir. Bəzən sürücülər bunu müxtəlif səbəblərlə izah etməyə çalışsalar da, avtomobil ustaları bunun həlli yolunun olduğunu deyirlər. Sadəcə olaraq sürücülər öz məsuliyyətini dərk edib avtomobili saz vəziyyətdə saxlamaqdan yayınırlar. Onlar düşünmürlər ki, idarə etdiyi nəqliyyat vasitələrinin ətraf mühitə vurduğu zərər həm onların özünə, həm də yaxınlarına təsir göstərir.

    Sürücülərə tövsiyə edilir ki, bu cür avtomobillərə yola çıxmasınlar, özlərinə, ətraf mühitə və digər insanlara zərər vurmasınlar. Nəzərə almaq lazımdır ki, avtomobili saz vəziyyətdə saxlamaq qanunla sürücünün birbaşa borcudur. Bu baxımdan düşünürük ki, belə nəqliyyat vasitələrinin sayı az olsa da, qarşısı alınmalıdır. Sürücülərin diqqətinə çatdırılır ki, bu cür maşınları təmir etdirib sonra yola çıxsınlar. Çünki növbəti dəfə həmin maşınlar yol polisi tərəfindən aşkarlandıqda inzibati tənbeh tədbiri seçilir.

    Qeyd edək ki, bəzən aşkar olunan nəqliyyat vasitələrində zəhərli qazların miqdarı 10 faizdən yuxarı olur. Hansı ki, norma maksimum 1,5-3 faizə qədər olmalıdır. Bəzi sürücülər bunun səbəbini yanacağın keyfiyyəti ilə əlaqələndirməyə çalışsalar da DYP əməkdaşları onların diqqətinə çatdırıb ki, bu cür nəqliyyat vasitələrinin təmiri mümkündür. Sadəcə, normal avtoservislərə müraciət etmək lazımdır.

    PAYLAŞ:

    Oxşar xəbərlər