Azərbaycanın məhv olmaqdan və parçalanmaqdan xilası

Azərbaycanın məhv olmaqdan və parçalanmaqdan xilası
  • Cəmiyyət

  • Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanıb. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə məhz Ulu Öndərin uzaq görənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilib. Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı  məhv olmaqdan, parçalanmaqdan xilas etdi. Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkəmiz bəlalardan qurtuldu, həmin dövrdə Ulu Öndərin həyata keçirdiyi mühüm işlər nəticəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu və dünyada tanınmağa başladı.

    Əgər həmin çətin dövrdə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan xalqının başına hansı faciələrin gələcəyini heç kim bilmirdi. O vaxtı səriştəsiz hakimiyyətin fəaliyyəti nəticəsində Azərbaycanın müstəqilliyi təhdid altında idi, lakin Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində Azərbaycan bu bəlalardan qurtuldu və dövlət quruculuğu istiqamətində böyük işlər həyata keçirilməyə başlandı. 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan parlamentinin sədri vəzifəsinə seçilməsi müasir tariximizdə dönüş nöqtəsi idi.Ulu Öndər Heydər Əliyev qısa zaman kəsiyində Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi və Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi. Asayiş və qayda-qanun bərqərar edildi.

    Ən əsası, nizami ordu yaradıldı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində atəşkəs əldə edildi, problemin dinc yolla nizama salınmasına dair danışıqlara başlanıldı. Eləcə də, idarəetmə sistemi formalaşdırıldı, insanların öz dövlətinə inamı qaytarıldı. Ölkə iqtisadiyyatının dirçəldilməsi, Azərbaycanın gələcəyi üçün ən mühüm addımlardan sayılan neft müqavilələri imzalandı və Azərbaycanın iqtisadi inkişafının əsası qoyuldu. Azərbaycanda qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verildi, ilk parlament seçkiləri keçirildi və 1995-ci ildə referendum yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Ulu Öndər Heydər Əliyevin səyi ilə qısa zamanda Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı. 
                   
    Məhz Ulu Öndərin gərgin və məqsədyönlü fəaliyyəti nəticəsində respublikamızda cinayətkarlıq və hüquq pozuntularına qarşı barışmaz mübarizə elan edilmiş, bütün hüquq mühafizə orqanlarının fəaliyyəti cinayətkar təzahürlərə, ilk növbədə, mütəşəkkil cinayətkarlığa, korrupsiya və rüşvətxorluğa, terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə səfərbər olunmuş və "qanunun aliliyi” prinsipinin real təmin olunması üçün müvafiq tədbirlər görülmüşdür.Ulu öndər hakimiyyətə qayıtdığı ilk gündən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu məsələsini də daim diqqət mərkəzində saxlayaraq bu istiqamətdə mühüm islahatların reallaşdırılmasını təmin etmişdir. Heydər Əliyev böyük siyasət ustadı olaraq hər bir fərdin maraq və mənafelərini təmin etmədən, ədalət meyarını qorumadan güclü dövlət yaratmağın mümkünsüzlüyünü hər zaman vurğulamış, vətəndaşlara göstərilən hüquqi yardımın səviyyəsinin müntəzəm surətdə artırılmasının əsas təşəbbüskarı kimi çıxış etmişdir.Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri məhz Prezident İlham Əliyev kimi siyasi varisin hazırlanması oldu. Heydər Əliyev dövlətçilik məktəbinin layiqli yetirməsi olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iqtisadi-siyasi sahələrdə təməli atılmış işləri daha da inkişaf etdirdi. Qısa müddət ərzində Azərbaycanın dövlət büdcəsi bir neçə dəfə artırıldı, ölkəmizdə ordu quruculuğu və digər sahələrdə yüksək inkişaf əldə  olundu.
                 
    Cənab Prezident İlham Əliyev ölkə rəhbərliyinə gəldiyi ilk gündən vurğulayıb ki, Azərbaycanda Heydər Əliyev siyasi-iqtisadi inkişaf kursu davam etdiriləcək. Çünki bu kursa alternativ yoxdur, bu kurs yüksək inkişaf və tərəqqi yoludur. Bu gün fəxrlə qeyd edirik ki, Azərbaycanda cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş uğurların miqyası olduqca böyükdür.



    Müşfiq Qurbanov,
    Masallı rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçi
    PAYLAŞ:

    Oxşar xəbərlər