Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev XX əsr Azərbaycan tarixində böyük rol oynamış, geniş və hərtərəfli fəaliyyəti ilə Azərbaycanın ictimai-siyasi həyatında əsaslı dönüş yaratmışdır. Azərbaycan müstəqillik dövrünə qədəm qoyduğu bir dövrdə cəmiyyətimizin qarşısında duran mühüm vəzifələrdən biri ictimai-siyasi mədəni inkişafda ümumbəşəri dəyərlərə istiqamətlənməklə yanaşı milli-mənəvi dəyərləri qorumaq və daha da inkişaf etdirmək olmuşdur.
Heydər Əliyevin siyasi fəaliyyətinin XX əsrin 90-cı illərinin əvvəllərindən başlayan ikinci mərhələsi Azərbaycan tarixində xüsusi yer tutur. Məhz bu dövrdə sovet hakimiyyəti illərindən başlayaraq Azərbaycan tarixinə qarşı olan qərəzli münasibətlərə son qoyulmuş, milli tariximizə obyektiv yanaşma baş vermişdir. Heydər Əliyevin hələ Naxçıvan MR-in Ali Sovetinə rəhbərlik etdiyi dövrdə, hərbi-siyasi vəziyyətin ağır olduğu bir şəraitdə Azərbaycan tarixinin yenidən tədqiqi məsələsini diqqət mərkəzində saxlaması təsadüfi deyildi. Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzü, Dağlıq Qarabağ və onun ətrafındakı Azərbaycan Respublikası ərazilərinin işğalı, Azərbaycan tarixinin bir çox problemlərinin yenidən tədqiq edilməsini daha da aktuallaşdırdı. Ermənilərin Dağlıq Qarabağla yanaşı həm də Naxçıvan diyarı ərazilərinə iddialar irəli sürməsi və hərbi əməliyyatlara başlaması Naxçıvan tarixinin yenidən tədqiqini də ön plana çəkdi. Dövlət quruculuğu kontekstində keçmişə nəzər salmaq, müasir beynəlxalq münasibətləri müəyyən edərkən Azərbaycanın müxtəlif tarixi dövrlərdə beynəlxalq münasibətlərinə yenidən baxmaq Heydər Əliyevin irsində əsas istiqamətlərdən biri olmuşdur. Ulu öndər Heydər Əliyevin həyat amalı, zaman və məkan anlayışına sığmayan siyasi fəaliyyətinin əsas məqsədi azad və müstəqil bir dövlət qurmaq idi. Tarixə müasir Azərbaycanın memarı olaraq düşən Ümummilli Lider Heydər Əliyev hər zaman Azərbaycanı özünə güvənən qüdrətli bir ölkəyə çevirmək istəyirdi. Bu yolda qəti addımlar atır, əməli işlər görür, özünün iqtisadi inkişaf yolunda olan Azərbaycanın etibarlı, sağlam gələcəyini qururdu.
Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ilk illərdə ölkədə hakimiyyət uğrunda başlanan silahlı mübarizə, hakimiyyətlərin bir-birini əvəz etməsi və çoxhakimiyyətliliyin hökm sürməsi müstəqil dövlətçiliyə ağır zərbələr vurmuşdu. Ölkədə yaranmış ictimai-siyasi xaos, anarxiya, zorakılıq halları, milli və vətəndaş qarşıdurmasının kəskinləşməsinə və hakimiyyətin tam iflasına rəvac verirdi. Nəticədə, 1993-cü ilin yayında Azərbaycan dövlətçiliyi böhran və məhv olmaq təhlükəsi qarşısında qalmış, ölkə vətəndaş müharibəsi və parçalanma həddinə gətirilmişdi. Belə bir vəziyyətdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər öz böyük siyasi təcrübəsi və müdrikliyi ilə Azərbaycanı bu təhlükəli vəziyyətdən çıxarmaq üçün gərgin işə başlamışdır. İlk növbədə, hakimiyyət vakuumu aradan qaldırılmış, respublikanın müxtəlif bölgələrində baş qaldırmış destruktiv qüvvələr xalqın fəal köməyi ilə zərərsizləşdirilmiş, vətəndaş müharibəsinin qarşısı alınmışdır. Azərbaycanın dövlətçiliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə qəsdlər təşkil edən cinayətkar ünsürlər cəmiyyətdən təcrid edilmişdir.
Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz etmiş, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarmış, qlobal enerji-kommunikasiya layihələrini inkişaf etdirmişdir. Bu gün Azərbaycanın suverenliyini, müstəqilliyini qorumağa qadir olan, Müzəffər Ali baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Zəfər qazanaraq ərazi bütövlüyünü təmin edən Orduya malik olması Ulu Öndərin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərdən birinin bariz nəticəsi sayıla bilər.
Azərbaycanın daxilində yaranmış sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edilərək 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsi imzalanmışdır. Onun gerçəkləşdirilməsi Ulu Öndər tərəfindən işlənilib hazırlanmışdır və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Heydər Əliyev öz neft strategiyasının əsas mənasını Azərbaycanın zəngin təbii sərvətlərindən xalqın rifahı naminə daha da səmərəli istifadə etməkdə görürdü. Azərbaycanın iqtisadi suverenliyini əks etdirən ilk beynəlxalq neft müqaviləsi ölkə iqtisadiyyatının dinamik inkişafının əsasını qoymuşdur və bu gün onun praktiki nəticələri göz qabağındadır. Azərbaycanın iri beynəlxalq layihələrdə iştirakı, Böyük İpək Yolunun bərpası, nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisindən keçməsi Heydər Əliyev neft strategiyasının həyata keçirilməsinin bəhrəsidir.
Heydər Əliyevin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada yerini müəyyən etmiş, milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır. Azərbaycan ziyalısını son yüzilliklərdə ən ciddi bir şəkildə düşündürən milli dirçəliş problemləri bütöv şəkildə Heydər Əliyevin həmin illərdəki fəaliyyəti ilə strateji dövlət siyasətinə, elmdən, sosiologiyadan və fəlsəfədən əməli siyasət müstəvisinə keçmişdir.
Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. Heydər Əliyev öz müdrik rəhbərliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi tanınmış, Azərbaycan xalqının Ümummilli Liderinə çevrilmişdir. Azərbaycan Respublikasının hərtərəfli inkişafı üçün onun hazırladığı strateji istiqamətlər müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması, xalqımızın layiq olduğu xoşbəxt həyata qovuşması işinə indi də xidmət edir.
Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkirdi. Hüquqi və dünyəvi dövlət quruculuğu prosesində, çoxşaxəli islahatların reallaşdırıldığı bir vaxtda gənclik enerjisinə ehtiyac duyulduğunu düzgün qiymətləndirən Heydər Əliyev müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə müvafiq sənədlər imzalayıb. Ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır. Yaradılmış yeni Nazirlik gənclərlə iş sahəsində vahid dövlət siyasətinin reallaşdırılmasını təmin etdi. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb.
Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən haldır. Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir. O, idarəetmənin ustadı və siyasətin kamil bilicisi idi. Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Azərbaycanın coğrafi cəhətdən kiçik ölkə olması faktı Heydər Əliyevin böyük siyasət adamı olaraq beynəlxalq miqyasda özünü təsdiq etməsinə mane ola bilməmişdir.
Heydər Əliyev güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Ulu Öndərin ən böyük gücü dərin və universal biliyində, qətiyyətində, işgüzarlığında, qeyri-adi yaddaşında, tükənməz səbrində, uzaqgörənliyində və müdrikliyində idi. Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər öz titanik fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməmişdir. 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncam imzalamışdır. Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında müstəsna tarixi xidmətlərini nəzərə alaraq və onun xatirəsini əbədiləşdirmək məqsədilə 2005-ci il 22 aprel tarixli Qanun ilə “Heydər Əliyev” ordeni təsis edilmişdir. Ulu Öndər öz müdrikliyi, cəsarəti ilə Azərbaycan xalqının sevgisini qazanmışdır. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqın, dövlətin maraqlarını qoruyacaq və xalqın mənafeyi ilə bağlı ən düzgün qərar verəcəkdir.
Tural Sadıqov,
Masallı Gənclər Evinin metodisti