Enerji təhlükəsizliyi həm fərdi dövlətlərin, həm də bütövlükdə dünya təhlükəsizliyinin vacib bir komponentidir. Müasir kəskin geosiyasi qarşıdurma şəraitində ölkə iqtisadiyyatı, suverenliyi və müdafiə qabiliyyəti birbaşa enerji təhlükəsizliyinin təmin edilməsindən asılıdır. Buna görə strateji sahə sayılan enerji sektorunun tam dövlət nəzarətində olması milli təhlükəsizliyə nəzarətin vacib şərtidir.
Azərbaycan Respublikası Cənubi Qafqazın yeganə ölkəsidir ki, zəngin karbohidrogen ehtiyatlarına, inkişaf etmiş yanacaq-energetika infrastrukturuna və özünü tam təmin edən enerji sisteminə malikdir. Ölkənin təkcə milli və regional səviyyədə deyil, həm də dünya enerji sistemində getdikcə həlledici bir vəsiləyə çevrilməsi, transmilli enerji bazarlarında özünəməxsus yer tutması və Avropanın enerji təhlükəsizliyində fəal iştirakı onun regional və planetar geosiyasi, geoiqtisadi mövqeyinin möhkəmlənməsinə xüsusi təsir göstərməkdədir. Azərbaycanın enerji ehtiyatları həm də milli iqtisadiyyatın bütün sahələrinin dinamik inkişafının əsasını təşkil edir, ölkənin ümumi daxili məhsulunun, əsas maliyyə - iqtisadi göstəricilərinin formalaşmasında həlledici amil kimi çıxış edir. Odur ki, mövcud təbii ehtiyatlardan, yanacaq-enerji potensialından səmərəli istifadə edilməsi siyasəti Cənubi Qafqazın regional geosiyasi və geoiqtisadi vəziyyəti fonunda ölkənin davamlı iqtisadi inkişafının və iqtisadi təhlükəsizliyinin əsas təminatlarından birini yaradır.
Geosiyasi ədəbiyyatda hər bir ölkənin enerji təhlükəsizliyi onun milli təhlükəsizliyinin mühüm tərkib hissələrindən biri kimi dəyərləndirilir. Enerji təhlükəsizliyi dedikdə, bütün ölkənin, onun vətəndaşlarının, cəmiyyətin, iqtisadiyyatın yanacaq və enerji təchizatı vasitəsilə xarici və daxili təhdidlərdən müdafiəsi nəzərdə tutulur. Enerji təhlükəsizliyi diğər ölkələrdə olduğu kimi Azərbaycanın milli təhlükəsizliyinin əsasını təşkil edir. Enerji təhlükəsizliyi strategiyası 1994-cü ildə “Əsrin müqaviləsi” imzalandıqdan başlamışdır. “Əsrin müqaviləsi” ölkənin iqtisadi inkişafında, həm də dünya enerji tədarükü üçün yanacaq və enerji ehtiyacının təmin edilməsi prosesində fövqəladə yer tutur. Strateji və əhəmiyyətli obyektlərin etibarlı enerji təchizatı, boru kəmərlərinin təhlükəsizliyi, enerji mənbələrinin diversifikasiyası, ekoloji tələblərin nəzərə alınması və enerji resurslarının səmərəli istifadəsi Azərbaycanın enerji təhlükəsizliyi prinsiplərini təşkil edir. Bu prinsiplərə görə enerji təhlükəsizliyi risklərini aşağıdakı kimi təyin etmək olar:
· Alternativ enerji mənbələrindən istifadə etməklə tükənən enerji resursları olan neft və qaz hasilatının azaldılması.
· Neft və qaz boru kəmərlərinin təhlükəsizliyi.
· Enerji resurslarının sabitliyi və səmərəliliyi.
· Alternativ enerji ehtiyatlarının istehsalının çatışmazlığı
Avropa birliyi (AB) və Şərq tərəfdaşlığı (Eastern Partnership – EaP) ölkələri ilə əməkdaşlıq münasibətləri enerji təhlükəsizliyi problemlərinin səmərəli şəkildə həll edilməsi üçün şərait yaradır. Azərbaycan iqtisadiyyatının enerji sektoru sayəsində inkişaf etdiyini nəzərə alaraq ölkə bu sektoru inkişaf etdirməyə maraqlıdır. Qərb ölkələri Azərbaycanı AB də enerji təhlükəsizliyinin əsas təminatçısı hesab edərək onunla strateji münasibətlərinin səviyyəsini qaldırdılar. Nəticədə, 7 noyabr 2006-cı ildə Azərbaycan Respublikası ilə AB arasında strateji tərəfdaşlığın enerji məsələləri üzrə Anlaşma Memorandumu imzalanmışdır. “Şahdəniz-2” layihəsi çərçivəsində 2013-cü ilin dekabr ayında, dünyanın aparıcı neft-qaz şirkətləri və bir çox Avropa ölkələri tərəfindən təbii qazın istehsalı, pay bölgüsü və ixracatı haqqında son investisiya qərarının imzalanması yalnız Azərbaycan üçün deyil, habelə Avropa və dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacaqdır. “Şahdəniz-2” layihəsi, Azərbaycan və Gürcüstan arasında Cənubi Qafqaz boru kəmərinin Trans - Asiya və Transadriatik qaz boru xəttini genişləndirərək Avropanın inşaat planlarının həyata keçirilməsinə kömək edəcək və yeni qaz dəhlizi açacaqdır.
Bu məsələlər təhlükəsizlik problemlərinin idarə olunması baxımından Azərbaycan təcrübəsini göstərir. Ənənəvi enerji ehtiyatları bərpa edilmədiyindən Azərbaycan bərpa olunan enerji ehtiyatlarına investisiya yatırmağa başlamışdır. Onlardan biri 2004-cü il 21 apreldə qəbul olunmuş “Alternativ və bərpa olunan enerji ehtiyatlarının istifadəsi üzrə Dövlət Proqramı”dır. Digər bir dövlət proqramı 2005-ci ildə qəbul olunmuş “2005-2013-cü illərdə Alternativ və Bərpa Olunan Enerji Mənbələrinin istifadəsi üzrə Dövlət Proqramı”dır. Bu, 2009-cu ildə Alternativ və Bərpa Olunan Enerji üzrə Dövlət Agentliyinin yaradılmasına gətirib çıxarmışdır. Beləliklə, Azərbaycanın AB və EaP ölkələri ilə əməkdaşlığı enerji təhlükəsizliyinin əsas prinsiplərini təşkil edir. Böyük neft və qaz layihələri baxımından bu münasibətlər çox vacibdir. Azərbaycanın Avropa enerji birliyi ilə əməkdaşlığı neft boru kəmərlərinin təhlükəsizliyi, alternativ enerji stansiyalarının tikintisi və inkişafı, enerji sektorunun diversifikasiyası kimi enerji təhlükəsizliyi problemlərinin həllinə öz töhfəsini verir. AB Azərbaycanda neft boru kəmərlərinin təhlükəsizliyi, bərpa olunan və alternativ enerji obyektlərinin tikintisi və inkişafında da əməkdaşlıqda maraqlıdır. Bütün bunlar göstərir ki, Azərbaycan Respublikası əsas enerji strategiyası kimi bu sektoru yeni investisiyalar qoymaqla inkişaf etdirir.
Arif Əzimov,
YAP Masallı Rayon Təşkilatı
Masallı Rayon İcra Hakimiyyəti
Ərazi partiya təşkilatının sədr müavini