Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bütün sahələrdə olduğu kimi idman sektoruna göstərilən diqqət və qayğı sayəsində beynəlxalq arenada idman ölkəsi kimi tanınır. İdmançılarımızın etdikləri nəticələr beynəlxalq arenada böyük marağa səbəb olmuş, uğurlarımız yüksək qiymətləndirilmişdir. Bu gün idman sahəsində əldə olunan uğurlarımız Bütün bunalar Dövlətimizin başçısı cənab İlham Əliyevin yürütdüyü davamlı, uğurlu idman siyasətinin bəhrəsidir, desək yanılmarıq.
Azərbaycan bu gün dünyada və Avropada idman ölkəsi kimi tanınır. Respublikada bu sahə üzrə qazanılan uğurlar qürur mənbəyi olmaqla yanaşı, strateji əhəmiyyətli inkişaf konsepsiyası baxımından da önəmlidir. 2015-ci ildə Birinci Avropa Oyunlarına və 2016-cı ildən “Formula-1” Avropa Qran-prisinə, eləcə də IV İslam Həmrəyliyi Oyunlarına və digər böyük idman yarışlarına ev sahibliyi edən Azərbaycan hərtərəfli inkişafını nümayiş etdirməklə yanaşı, güclü bir ölkə olduğunu nümayiş etdirdi. Vətənimizin böyük tədbirlərin yüksək səviyyədə keçirildiyi məkana çevrilməsi artıq heç kimdə təəccüb doğurmur. Belə bir nəticə bir daha göstərdi ki, ölkəmizdə idman inkişaf edir, idmançılarımız qələbələrilə Azərbaycanın adını yüksəklərə qaldırırlar.
Müstəqul Azərbaycanın hərtərəfli inkişafı üçün idman potensialının güclənməsi böyük önəm daşıyır. Xüsusi qeyd edilməlidir ki, ölkə rəhbərimizin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra ölkədə bədən tərbiyəsi və idman geniş vüsət alaraq, respublikamız Beynəlxalq Olimpiya Hərəkatına qoşulmuş və bu sahədə sistemli şəkildə böyük işlər görülmüşdür. Ölkədə idmanla məşğul olmaq üçün yaradılan lazımi şəraitdən bəhrələnən uşaq və yeniyetmələrimiz yarışlarda ümidlərimizi doğrultmuşlar. Respublikada uşaq və yeniyetmələr arasında idmanın inkişaf etdirilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir. Bu, bir faktdır ki, Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandıqları nailiyyətlər artmaqdadır..
Əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan gənclər-idman siyasəti bu gün Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Regionlarda idman infrastrukturu yenilənir, genişlənir. Bu isə ölkəmizin idman sahəsində nailiyyətlər əldə etməsi ilə yanaşı, sağlam gəncliyin yetişməsində mühüm rol oynayır.
Hər bir sahədə olduğu kimi, bədən tərbiyəsi və idman sahəsində də səmərəliliyə nail olmaq üçün güclü hüquqi baza yaradılmalıdır. Azərbaycanda bu sahədə 2009-cu ildə işlənilib təsdiq edilmiş “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizdə bədən tərbiyəsi və idman sahəsində təşkilati-hüquqi, sosial-iqtisadi əsasları, dövlət siyasətinin əsas prinsiplərini müəyyən etmək, bu fəaliyyət zamanı yaranan münasibətlərin tənzimlənməsini, hər kəsin bədən tərbiyəsi və idmanla məşğul olmaq hüququnu təmin etmək üçün əsaslı hüquqi baza formalaşdırılmışdır.
Respublikada həyata keçirilən idman siyasəti yeniyetmə və gənc nəslin bu sahəyə olan marağını artırmış, bölgələrdə istifadəyə verilən Olimpiya İdman Kompleksləri idmançıların sevimli məkanına çevrilmişdir. İdmanın tərəqqisi Azərbaycanın beynəlxalq aləmdə idman ölkəsi kimi nüfuzunun artmasına imkan yaratmaqla yanaşı, respublikamızın iqtisadi potensialını da nümayiş etdirir.
Əksər bölgələrdə müasir Olimpiya İdman Kompleksinin tikilməsi, Bakıda ən müasir idman infrastrukturunun mövcudluğu, əvvəlki illərdə tikilmiş idman obyektlərinin əsaslı təmiri, eyni zamanda, son illərdə bir neçə böyük stadion və zalların inşası bu sahədə uğurların təməlində durur. 70 minə yaxın tamaşaçı tutumu olan Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Su İdmanı Sarayı və Bakı Atıcılıq Mərkəzinin tikintisi buna bariz nümunədir. Şübhəsiz, həm regionlarda, həm də paytaxtda idmanın inkişafına, infrastruktur layihələrin gerçəkləşməsi istiqamətində aparılan işlər öz nəticəsini verir, bu sahədə nailiyyətlər getdikcə artır.
Bu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələrdən birinə çevrilib. Ötən il idmançılarımızın istər kütləvi, istərsə də fərdi idman növlərinə görə əldə etdikləri uğurlar Azərbaycanın idman ölkəsi kimi qazandığı beynəlxalq statusu daha da möhkəmləndirmişdir.
Ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı habelə, bütün idman növləri üzrə müstəqilliyimiz dövründə qazanılmış medalların sayının ilbəil artması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin davamçısı Prezident İlham Əliyevin bədən tərbiyəsi və idmana göstərdiyi diqqət və qayğının nəticəsidir.
Sabiq Cahangirov,
Masallı rayon Gənclər və İdman İdarəsinin
ərazi partiya təşkilatının sədri.