9 May –qələbənin əldə olunmasında Azərbaycanın töhfəsi

9 May –qələbənin əldə olunmasında Azərbaycanın töhfəsi
  • Cəmiyyət

  •  9 may – 1945-ci il tarixindən nə az, nə də çox düz 78 il ötür. Bu alman faşizmi üzərində şanlı qələbə tariximizdir. İkinci Dünya müharibəsi illəri bəşəriyyətin XX əsrdə üzləşdiyi ən ağır və dəhşətli dövr olub. Qafqazdan Berlinədək şanlı döyüş yolu keçmiş azərbaycanlıların qəhrəmanlığı, şücaəti yaddaşlarda həmişə yaşayır. Qürurlanırıq ki, minlərlə vətən oğlunun İkinci Dünya müharibəsindəki qəhrəmanlığı müxtəlif xalqlar tərəfindən öyrənilir və xalqımıza məxsus ərənlik bir nümunəyə çevrilib. Müharibə zamanı göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşının Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi əlbəttə ki, bu savaşda Azərbaycan oğullarının rolunun böyük və əvəzsiz olduğunu göstərməklə yanaşı, igidliyindən də söz açır.

    Əlbəttə ki, müharibədə Azərbaycanın müsəlləh əsgərləri silaha sarılaraq alman faşistləri ilə üz-üzə dayandılar. Gərgin bir döyüş yolu keçdilər. Müharibə başlanandan keçən qısa müddət ərzində, Azərbaycan ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edildi, respublikanın 700 mindən çox oğlan və qızları cəbhəyə yola salındı. Onların təxminən yarısı döyüş meydanlarında həyatlarını itirdilər. 170 mindən çox əsgər və zabitimiz isə müxtəlif orden və medallarla təltif edilib.
                 
    Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçiblər. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və digər şəhərlərin düşməndən azad edilməsində rəşadət göstərmiş oldular. Həmyerlilərimiz Polşa, Çexoslovakiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak etdilər. Xatırladaq ki, Berlinə ilk dəfə daxil olan hərbi hissələr içərisində 416-cı diviziyası da var idi. Azərbaycan Prezidenti İlham Əliyev müsahibələrinin birində qeyd edib ki, 416-cı diviziya Berlinin götürülməsində də fərqlənib: "Kayzer Vilhelm sarayını məhz bu diviziyanın döyüşçüləri tutublar. Azərbaycanlı leytenant Məcidovun rəhbərlik etdiyi bir qrup döyüşçü isə Brandenburq darvazaları üzərinə Qələbə bayrağını sancıb". Berlin uğrunda döyüşlərdə kapitan X.Gülməmmədovun batalyonu xüsusilə fərqlənib. Kayzerin sarayı üstündə Qələbə bayrağını ilk dəfə mayın 1-də sancanlardan biri leytenant Vahab Osmanov düşmən gülləsindən həlak olub. Brandenburq qapıları üstünə mayın 2-də qələbə bayrağını taxanlardan biri isə leytenant A.Məcidov və onun döyüşçüləri olublar.

    Bu tarixi qələbədə Azərbaycanın, onun övladlarının və neftinin əhəmiyyəti böyük olub. İkinci Dünya müharibəsində qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynamışdır.            
                 
    1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının istifadə etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşürdü. Azərbaycan Berlinin alınması zamanı Almaniya səmasında uçuşlar həyata keçirən 7 min hərbi təyyarənin yanacaq təchizatında da mühüm rol oynadı. Xalqımız cəbhəyə 7 tondan çox donor qanı göndərərək, döyüşən ordunun ərzaq və isti geyim təchizatında fəallıq göstərdi. 1941-1945-ci illərin alovunu Azərbaycanın hər bir vətəndaşı yaşıyıb. Müharibə illərində Azərbaycanın bütün iqtisadiyyatı da müharibə tələblərinə uyğun qurulmuşdu. Fəhlə və qulluqçular üçün iş günü 11-12 saata qaldırılmışdı. Məzuniyyətlər ləğv olunmuşdu. Ərzaq, gündəlik tələbat və çox işlənən sənaye məhsullarının satışı üzrə kartoçka sistemi tətbiq edilmişdi. Orduya səfərbər edilmiş işçilərin yerinə qadınlar və yeniyetmələr cəlb olunmuşdu. Bütün sənaye sahələri cəbhə üçün məhsul istehsal etməyə başlamışdılar. Azərbaycan hərbi əməliyyat meydanına çevrilməsə də, müharibənin əvvəlindən axırınadək, bu meydanda fəal iştirak etdi. Bakıda - indiki Səttərxan adına zavodda müharibə üçünsilah-susat istehsal olunurdu. "Katyuşa" raketi, "Şpakin pulemyotu", "YAK-3" qırıcı təyyarəsi yığılırdı. Bütün qüvvələr faşizm üzərində qələbəyə yönəldilmişdi.

    Azərbaycanda hazırda İkinci Dünya Müharibəsi veteranları yaşayır. 9 may-faşizm üzərində qələbədən 78 il ötsə də, həmin illərin ağrısını-acısını yaşayan insanlar hələ də var, müharibənin canlı şahidləri. Həmin illərdə baş verən hadisələrin, müharibənin şahidi və iştirakçısı olan insanların qələbə istəyi ilə Berlinə qədər getmələri, fədakarlıqları və ərənlikləri yaddaşlardan, tariximizdən heç vaxt silinməyəcək.Müharibənin od-alov püskürən cəbhələrdə ölümlə üz-üzə dayanan, qəhrəmanlıq göstərən insanlara və müharibə veteranlarına Azərbaycanda böyük diqqət və qayğı göstərilir. Veteranlara ikinci həyatı isə öz diqqət və qayğısı ilə Ulu Öndər Heydər Əliyev bəxş etmişdir. Ümummilli Lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə xüsusi diqqət yetirmiş və onlara hərtərəfli qayğı ilə yanaşmışdır. Müstəqilliyin ilk illərində veteranlara ədalətsiz münasibət heç kimin yadından çıxmayıb, AXC-Müsavat iqtidarı dövründə, hətta 9 May Qələbə Gününü də ləğv etmək fikrində idilər.

    Ulu Öndər Heydər Əliyev 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdışından sonra bu ədalətsiz münasibət aradan götürüldü, ədalət bərpa olundu və veteranlara layiq olduqları hörmət göstərilməyə başlandı. "Tarix bu gün də bilməlidir ki, İkinci Dünya müharibəsində Azərbaycan Respublikasının xidməti, fəaliyyəti, rolu çox böyük olmuşdur", - deyən Dahi Öndər Heydər Əliyev müharibə veteranlarını "Xalqımızın Qızıl Fondu" adlandırırdı.Ölkəmizdə müharibə veteranlarına qayğının və onların sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Ulu Öndər Heydər Əliyevin bu sahədəki siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev İkinci Dünya müharibəsinin ağır və çətin sınaqlarından keçmiş veteranların qayğılarına həssaslıqla yanaşır. "Biz ümumi Qələbəmiz uğrunda canlarından keçənlərin müqəddəs xatirəsini ehtiramla yad edirik", deyən dövlət başçısı Azərbaycanda veteranların diqqət və qayğı ilə əhatə olunduğunu bildirib. 
            

    Müşfiq Qurbanov,
    Masallı rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləh
    PAYLAŞ:

    Oxşar xəbərlər