Aprelin 23-ü Azərbaycanın tarixində ən əlamətdar günlərdən biri olaraq qalacaq. Çünki həmin gündə Azərbaycan tərəfindən Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında Dövlət Sərhəd Xidmətinin (DSX) nəzarət-buraxılış məntəqəsinin qurulması ölkəmizin əraziləri üzərində suverenliyinin növbəti təsdiqidir. Bununla yanaşı, Cənubi Qafqazda sülhün, sabitliyin, rifahın və əmin-amanlığın təməlinin qoyulması istiqamətində mühüm addımdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktor müavini, politoloq Fuad Çıraqov söyləyib.
O qeyd edib ki, Laçın yolunda Azərbaycanın sərhəd-buraxılış məntəqəsini qoyması Qarabağda yaşayan mülki ermənilərin hüquqları və təhlükəsizliyinin təmin edilməsi istiqamətində atılan mühüm addımdır. Son zamanlar xaricdə ölkəmizə qarşı aparılan çirkin təbliğatın əsas iddialarından biri odur ki, Azərbaycan Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyini təmin edə bilməz. Həmçinin Bakının məqsədi guya ki, burada etnik təmizləmə həyata keçirməkdir. Bu təbliğata uyan bəzi dövlətlərin rəsmiləri də yersiz olaraq öz çıxışlarında və bəyanatlarında Azərbaycanı Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyini təmin etməyə çağırırlar. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Qarabağda yaşayan erməni əhalisinin əksəriyyəti Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırdır, ancaq cinayətkar elementlər 30 il burada yaşayan insanları girov saxlamaqdadır. Ona görə də Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi və hüquqlarının təminatını Azərbaycandan tələb edən qüvvələr Laçın yolunda DSX postunun qoyulmasını bu baxımdan qiymətləndirməli və alqışlamalıdırlar. Belə ki, hər hansı bir yerdə insanların hüquq və təhlükəsizliyinin təmin edilməsindən bəhs edilərkən həmin ərazidə beynəlxalq hüquq normalarına uyğun olaraq konstitusiya quruluşunun və legitim dövlət orqanlarının normal fəaliyyətinin bərqərar olunması ilkin şərtlərdəndir. Bu məqsədlə həmin ərazi qeyri-qanuni cinayətkar elementlərdən və silahlı dəstələrdən təmizlənməli və hüququn aliliyi təmin edilməlidir.
"Cinayətkar elementlərin və silahlı dəstələrin əsirlərinə çevrilən Qarabağdakı ermənilərin bu gün hansısa formada özlərinin fikirlərini və iradələrini açıq şəkildə ifadə etdiyini düşünmək absurddur. Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması Qarabağı cinayətkar elementlərdən və qeyri-qanuni silahlı birləşmələrdən azad etməklə, buradakı erməni əhalisini uzun illərin girovluğundan azad edəcək. Eyni zamanda, onların həqiqi hüquq və təhlükəsizliyini təmin etməyə imkan verəcək.
Təəssüflər olsun ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra Ermənistan Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi bölgədə özünün cinayətkar, dağıdıcı və təcavüzkar fəaliyyətini davam etdirirdi. Bəyanatın müddəalarına zidd olaraq Ermənistan və qanunsuz erməni hərbi birləşmələri yoldan hərbi məqsədlərlə istifadə edirdi, xarici terrorçu qüvvələri bölgəyə gətirirdi. Başqa sözlə, məhz Ermənistan öz fəaliyyəti ilə buradakı dinc ermənilərin həyatlarını və təhlükəsizliyini risklə üz-üzə qoyurdu. Azərbaycan tərəfinin Ermənistana və Rusiya sülhməramlılarına iki il yarım ərzində bəyannamənin müddəalarına əməl etməklə bağlı çoxsaylı iradları və çağırışları lazımi nəticə vermədi. Buna görə də, Azərbaycan özünün suveren hüququndan çıxış edərək və bölgədəki əhalinin hüquqları və təhlükəsizliyi təmin etməklə bağlı beynəlxalq öhdəliklərinə uyğun olaraq Laçın yolunda DSX sərhəd-buraxılış məntəqəsini qurdu",- deyə F.Çıraqov əlavə edib.