Heydər Əliyev şəxsiyyəti Azərbaycan tarixində, milli-siyasi təfəkkürümüzdə, dövlətçilik şüurumuzda çox böyük məna yükünü daşıyan fenomendir. Müstəqil Azərbaycan dövlətinin hər bir atributu Heydər Əliyevin adı, onun yorulmaz fəaliyyəti ilə bağlıdır. Ulu Öndərin rəhbərliyi ilə xalqımız sosial-iqtisadi tərəqqi, milli oyanış, mədəni intibah, azadlıq hərəkatı mərhələsindən keçərək müstəqillik əldə etmiş, suverenliyini və milli birliyini təmin edərək onu qorumaq imkanlarına malik olmuşdur.
Azərbaycanın müstəqil dövlət kimi yaşaması, inkişaf etməsi, onun vətəndaşlarının güzəranının, həyat tərzinin yaxşılaşması üçün əsas şərtlərdən biri də, şübhəsiz ki, respublikanın iqtisadi potensialıdır. Bu gün biz böyük iftixar hissi ilə qeyd edə bilərik ki, Azərbaycan Respublikasının müstəqil dövlət kimi yaşaması üçün yaxşı, gərəkli və etibarlı iqtisadi potensialı var və onun əsasını sənaye təşkil edir.
Heydər Əliyevin ən böyük xidmətlərindən biri də Azərbaycanın neft sahəsində qazandığı uğurdur. Azərbaycanın yeni neft strategiyasının zirvə sənədi - "Əsrin müqaviləsi" 1994-cü il sentyabrın 20-də imzalanmışdır. Bu müqavilənin hər cəhətdən əsaslandırılmış, milli və dövlətçilik maraqlarımıza tam uyğun bir tərzdə işlənib hazırlanmasında İlham Əliyevin də əməyi az olmamışdır. Xarici tərəfdaşlarla aparılmış çoxsaylı danışıqlar, məsləhətləşmə və görüşlər zamanı İlham Əliyevin qətiyyəti və səriştəliliyi Azərbaycan dövlətinin maraqlarını mövcud geosiyasi reallıqlarla uzlaşdırmaqla gələcək konsorsiumun tərkibini, hasilatın pay bölgüsündə tərəflərin iştirak payını qəti şəkildə müəyyənləşdirməyə imkan yaratmışdır.
Ümumiyyətlə, Heydər Əliyevin iqtisadi baxışlarında bir-birini tamamlayan iki məqam nəzərə çarpır.Bunlardan iqtisadiyyatın bütün sahələrində islahatlar aparmaq və bu islahatlar vasitəsilə ölkə iqtisadiyyatını inkişaf etdirmək və mövcud iqtisadi potensialdan istifadənin səmərəsini təxirə salmadan yüksəltmək, onun dağılmasına yol verməmək , bu potensialın bütün Azərbaycan xalqının sərvəti kimi respublikamızın vətəndaşlarının, əhalinin bütün təbəqələrinin həyat tərzinin yaxşılaşdırıl- masına yönəltmək. Müstəqillik şəraitində heç kimə ümid olmadan iqtisadiyyatımızı düzgün inkişaf etdirməyi, öz sərvətlərimizdən səmərəli istifadə etməklə dövlətçiliyimizi möhkəmləndirməyi, özü də təkcə siyasi-mənəvi deyil, həm də maddi nəticələr əldə etməklə insanların həyat səviyyəsini yaxşılaşdırmağı əsas şərt sayan Heydər Əliyev deyirdi: "Müstəqillik ona görədir ki, biz öz taleyimizin sahibi olaq, öz sərvətlərimizin sahibi olaq və bu sərvətlərdən istifadə edərək xalqımız daha yaxşı yaşasın".
Heydər Əliyevin birbaşa göstərişi ilə müvafiq dövlət orqanları tərəfindən təcili olaraq hökumətin iqtisadi proqramı işlənib hazırlanmış və həyata keçirilməyə başlanmışdır. 1995-1996-cı illər ərzində makroiqtisadi sabitliyin təmin olunması və iqtisadiyyatda struktur dəyişikliklərinin aparılması tədbirlərini nəzərdə tutan iki hökumət proqramı uğurla icra olunmuşdur. Başqa sözlə, Azərbaycanda Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli və məqsədyönlü tədbirlər əvvəllər baş alıb gedən özbaşınalıqlara və xaosa son qoymuş, sonra ictimai-siyasi sabitlik təmin edilmiş, ölkənin hərtərəfli sosial-iqtisadi inkişafı və beynəlxalq iqtisadi sistemə inteqrasiyası üçün əlverişli şərait yaradılmışdır.
1995-ci ildən başlayaraq ardıcıl surətdə aparılan düşünülmüş, bir sıra məqamlarda isə hətta radikal xarakterli islahatlar nəticəsində iqtisadiyyatın inkişafında ciddi irəliləyiş əldə edilmiş, əksər sahələrdə, xüsusilə makroiqtisadi göstəricilərin artımında yüksək nəticələrə nail olunmuş, bazar münasibətlərinin dərinləşməsində və iqtisadi potensialın formalaşmasında həlledici rol oynayan azad sahibkarlığın təməli qoyulmuş və özəl bölmənin, vətəndaş təşəbbüskarlığının inkişafında əhəmiyyətli uğurlar qazanılmışdır. Həmçinin əhalinin rifah halının yaxşılaşdırılması, cəmiyyətin sosial müdafiəyə ehtiyacı olan üzvlərinə dövlət qayğısının artırılması istiqamətində mühüm addımlar atılmışdır. Bütün bunlar mövcud imkanlardan daha səmərəli istifadə etməklə Azərbaycanın iqtisadi cəhətdən güclü dövlətə çevrilməsi, onun dünya təsərrüfat sisteminə inteqrasiyası və bu sistemdə özünə layiq olan yeri tutması, ölkədə sosial problemlərin həlli və əhalinin güzəranının daha da yaxşılaşdırılması üçün etibarlı zəmin yaratmışdır.
Elçin Ağayev
Masallı Dövlət Regional Kollecinin müəllimi