“Hazırda sülh üçün vaxt yetişib"

“Hazırda sülh üçün vaxt yetişib"
  • Cəmiyyət

  • Azərbaycan sülh müqaviləsinin imzalanması, 10 noyabr üçtərəfli bəyanatının tələblərinin icrası yönündə özü üzərinə düşən, gərəkən bütün addımları atıb və atmaqda davam edir.Azərbaycan sülh sazişinə doğru aparan prosesləri həm idarə edir, həm də bütün oyun qaydalarına riayət etmək nümunəsi göstərir. Güney Qafqazda uzunmüddətli və etibarlı sülhü bərpa etmək üçün Azərbaycan dünyanın əsas güc mərkəzləri ilə təsirli diplomatiya aparır, əməkdaşlıq edir və Ermənistanın mövcud hakimiyyətinin konstruktiv davranışlarını təmin etmək üçün bütün təsir rıçaqlarını işə salır. Postmüharibə dövründə Ermənistanın və Qarabağdakı erməni icmasının doğru yoldan kənarlaşmasına imkan verməmək üçün dövlətimiz cəmi iki dəfə hərbi gücün təsirlərindən istifadə edib. Bunlardan birinin adı "Fərrux" əməliyyatı, digəri isə "Qisas" əməliyyatı kimi tarixə düşüb. Məhz bu iki əməliyyatın sayəsində Ermənistanın və Qarabağdakı separatçı rejimin təxribatları dayandırılıb, onların Rusiya sülhməramlılarına və erməni dostu olan Fransa-ABŞ tandeminə ümidləri darmadağın edilib. Yəni bölgədə və qarşı duran tərəflər arasında real hərbi güc üstünlüyünün Azərbaycanda olduğunu, erməniləri Azərbaycan sərhədləri daxilində bu gücün təsirindən heç bir kənar dövlətin qoruya bilməyəcəyini əyani şəkildə göstərmiş olduq.
             
    Qarabağın bərpası prosesinin ardıcıl davam etdirilməsi, Ağalı kəndindən start götürən “Böyük qayıdış”ın miqyası Azərbaycanın əsas diqqətinin məhz sülhə, əməkdaşlığa, quruculuğa yönəldiyini də isbat edir. Habelə Azərbaycan bölgədə kommunikasiyaların bərpası, birgəyaşayışa nail olunması, Zəngəzur dəhlizinin reallaşması yönündə də üzərinə düşən nə varsa icra edir. Laçın dəhlizinə alternativ yolun inşası, bunun nəticəsi olaraq Laçın şəhəri və bir neçə kəndin Azərbaycanın tam nəzarətinə verilməsindən növbəti planların icrasının şahidi olmaqdayıq. 

    Hazırda ilin sonunadək sülh müqaviləsinin imzalanmasından danışılır. Paşinyan özü də bunun alternativinin olmadığını bildirib və ölkəsinin siyasi elitası ilə danışıb. Bu mərhələdə də Azərbaycan öz səmimi və humanist prinsiplərinə sadiqliyini nümayiş etdirib. Azərbaycana qarşı cinayətlər törətmiş erməni diversantların da daha bir qisminin cəzası azaldılıb və onlar - 5 erməni hərbçisi Ermənistana təhvil verilib. Fransa, ABŞ, NATO, Aİ, Rusiya bunu alqışlayıb. Onlara bir daha sübut etdik ki, Azərbaycan ancaq irəliyə baxır, münaqişə keçmişdə qaldı. Ancaq paralelində Ermənistan yenə də öz təxribatlarını, pozuculuq fəaliyyətini davam etdirməkdədir. Ermənistan bir dövlət olaraq toparlanaraq ortaya konkret mövqe qoya bilmir. Hazırda bir çox siyasi dairələr dövlətlə, Paşinyan hakimiyyəti ilə anlaşmır və revanşist ideyalarla yaşayır, antisülh bəyanatlarını davam etdirirlər. Eyni zamanda Ermənistan ordusu hər gün atəşkəsi pozmaqda davam edir. 

    Göründüyü kimi, Ermənistan və Qarabağdakı separatçılar ağıllarını başlarına yığmaq istəmirlər. Bu onunla nəticələnə bilər ki, Azərbaycan həmin atəş nöqtələrini darmadağın etmək, habelə Qarabağdan hələ də tam çıxarılmayan silahlı ermənilərin neytrallaşdırılması, zərərsizləşdirlməsi üçün növbəti “Qisas” əməliyyatları keçirə bilər.

    İkinci Qarabağ müharibəsindən iki ilə yaxın vaxt keçib, Moskvanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin 2020-ci ilin 10 noyabrında və 2021-ci ilin 11 yanvarında imzaladıqları iki ortaq sənəd var. Azərbaycan və Ermənistan təmsilçiləri sərhədlər və kommunikasiyaların açılması məsələsi ilə bağlı danışıqları davam etdirirlər. Bundan başqa, Brüsselin vasitəçiliyi ilə liderlərin 4 görüşü keçirilib. Buna baxmayaraq, bölgədə gərginlik azalmır.

    Ermənilər artıq anlamalıdırlar ki, 44 gündə Azərbaycanın qarşısını kimsə kəsə bilmədisə, “Qisas” əməliyyatımıza hansısa qurumun, paytaxtın maneçilik törətmək imkanı olmadısa, növbəti addımı da kimsənin əngəlləməsi mümkünsüzdür.



    Ceyhun Hüseynov,
    Masallı MRX İƏ söbəsinin mütəxəssisi          
                           
    PAYLAŞ:

    Oxşar xəbərlər