Ümummilli lider Heydər Əliyev əbəs yerə deməyib ki, Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur.
Şuşanın işğaldan azad edilməsi artıq Böyük Qələbənin başlanğıcı oldu. Azərbaycanın bu qədim şəhərinin erməni separatçılarından geri alınması Qarabağ müharibəsinin qələbəmizlə başa çatmasına rəvac verdi. Bu möhtəşəm qələbəmizdən sarsılan düşmənlərimiz isə acı məğlubiyyətin təsirindən yəqin ki, uzun illər çıxa bilməyəcək.
Bu sözlərin müəllifi, növbəti müsahibim – 1992-ci ildən bugünədək Masallı şəhərində məskunlaşan Şuşa şəhər sakini Telman Abbasovdur.
Tariximizə əbədi həkk edilən, əsrə bərabər günlər ərəfəsində Abbasovlar ailəsində oldum. Görüş zamanı ailə başçısı bildirdi ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bütünlüklə Qarabağ torpağının, eləcə də Qafqazın incisi olan Şuşa şəhərinin işğaldan azad olunduğunu elan etməsi 28 il yarımdır həsrətlə bu günü gözləyən xalqımıza, eləcə də bizim ailəyə sonsuz sevinc və qürur hissi yaşadır.
Məlumat üçün bildirim ki, Telman Abbasov Şuşa Dram Teatrında sürücü, həyat yoldaşı Elmira xanım (1944-2013) isə Şuşa sanatoriyasında səkkizinci korpusun rəhbəri kimi çalışırmış. Ailədə 4 övlad böyüdüblər. Bir qızın toyunu Qarabağda etsələr də, o birini Masallıdan gəlin köçürüblər. Evin tək oğlu Rafiq Bakı Ali Birləşmiş Komandanlıq Məktəbini (indiki adı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi) bitirib. Masallı şəhər şəhid Sakit Tağıyev adına 4 nömrəli Digah tam orta məktəbində çağırışaqədərki hazırlıq rəhbəri, ömür-gün yoldaşı Ülviyyə isə həmin tədris ocağında ibtidai sinif müəllimi işləyir. Üç övladları var. Təranə və Kamalə Bakı Dövlət Universitetinin tələbəsidir. Ailənin sonbeşiyi Elmiranın isə 6 yaşı var. Vətənə, torpağa aid çoxlu şeirlər bilir. Elə məni də atasının yazdığı şeir parçası ilə salamladı...
Hiss edirdim ki, Telman kişinin ürəyi sözlə doludur. O, deyir: “Vətən müharibəsinin ilk günündən etibarən yenilməz ordumuzun qələbə xəbərləri sanki bükülmüş qəddimizi, başımızı dikəltdi. 44 gün ərzində hünərvər əsgərlərimizin döyüş meydanında göstərdiyi böyük şücaəti bir daha bütün dünyaya bəyan etdi ki, qorxubilməz oğullarımız, dəmir iradəli Azərbaycan xalqı nəyə qadirdir.”
Söhbətimizi çay süfrəsi arxasında davam etdiririk. 78 yaşlı ağsaqqal ötən günləri göz önündə canladırır: “1988-ci ildə ermənilərin Xankəndinə hücumlarından sonra Şuşaya pənah gətirdik. Yerevandan gələn ermənilər yerli erməniləri məcbur edirdilər (hətta onları döyürdülər) ki, bizi incitsinlər, sıxışdırıb şəhərdən çıxartsınlar. Bir sözlə azərbaycanlılara zülm edirdilər. Həyət evlərinə od vurub yandırır, binada yaşayanların bəzisini yaşadığı mənzilin eyvanından küçəyə tullayırdılar. Qarajı söküb maşınımı əzik-üzük etmişdilər.
Xocalının Meşəli kəndi uğrunda gedən döyüşlər zamanı dayımın iki övladı şəhid oldu. İki xalam oğlu isə əsir düşdü. İndiyəcən xəbər-ətər yoxdur. Meşəlidə, Armais adlı erməni quldurunun başçılığı ilə 27 azərbaycanlı qətlə yetirilmişdi...
Növbəti dəfə Şuşadakı yurdumuzdan, evimizdən didərgin düşdük. Şəhərin mərkəzində - Vaqif Cəfərov küçəsi 30, mənzil 40 ünvanında yaşayırdıq. Köç zamanı həyat yoldaşımla uşaqları Ağdama, Çəmənli kəndinə yola saldım.
Söhbətimizə Rafiq qoşulur: “Bir müddət təşviş içində yaşasaq da sonradan güllə, mərmi səsinə alışmışdıq. Küçədə uşaqlarla oynayarkən zarafatyana bir-birimizə deyərdik ki, “Alazan”ı əlimlə tutub vedrənin içinə salacam. Sanki bu bizimçün adi həyat tərzinə çevrilmişdi. Əhalidə qorxu-xof hissi yox idi. Xocalı faciəsindən sonra ermənilərin iç üzü açıldı. Şuşa şəhərinin mərkəzi mütəmadi atəşə tutulmağa başladı. İnsan tələfatları oldu. Oxuduğum şəhər 3 nömrəli orta məktəbə də mərmi düşmüşdü. Xoşbəxtlikdən şənbə günü olduğundan dərsdə deyildik. Məktəbin yarısı dağılmışdı. Elxan, Əkbər, Təvəkkül müəllimin təşəbbüsü ilə dərslər evlərdə keçirilirdi...
Onu da əlavə edim ki, Şuşanın ilk şəhidi Habil Abbasov bizim qonşumuz idi. Kosalar kəndi uğrunda qəhrəmanlıqla döyüşən igidimizin izdihamlı dəfn gününü də xatırlayıram, güclü qar yağırdı.
Şuşadan ayrılmağımız da yadımdadır. İlk növbədə uşaq-qadın yola salınırdı. Atam şəhərdə qaldı. Çünki kişilər növbə ilə binaların qarşısında soyuq silahlarla növbə çəkirdilər ki, ən azından düşmənə müqavimət göstərə bilsinlər. Gecə saatlarında şəhərdən çıxdıq. Maşınla gəlsək də evdən heç nə götürə bilmədik. Zənn edirdik ki, tezliklə qayıdacağıq. Maşının işıqlarını söndürmüşdük ki, ermənilər duyuq düşməsin. Daşaltıda yolu bağlamışdılar. Kəndin kənarı, meşənin içi ilə Laçın dəhlizinə çıxıb, sonra Qubadlı, Zəngilan istiqamətində 40 kilometr yolu 8 saata qət etdik. Ağdama gəlirdik... Bir neçə gündən sonra televiziyada elan olundu ki, Şuşa işğal olunub. Atamdan narahat idik.”
Rafiq müəllim danışdıqca yaddaşı təzələnir: “1992-ci il yanvarın 28-i idi. Qonşumuzun qışqırığına eyvana çıxdıq. Vertolyotun yana-yana Xəlfəli kəndi üzərindən dərəyə necə düşüb partlamasının şahidi olduq. Ağdamdan Şuşaya uçan “Mi-8” mülki vertolyotu erməni terrorçuları tərəfindən Xankəndi istiqamətindən vurulmuşdu. Bu kütləvi qətliam nəticəsində əksəriyyəti qadın və uşaq olmaqla 44 nəfər (41 sərnişin, 3 ekipaj üzvü) həlak olmuşdu. Atamın xalası qızları – Nazilə və Ramilə Zeynalova bacıları da o faciənin qurbanlarına çevrildilər. Vertolyotun ikinci pilotu Masallıdan olan Səfa Axundov ölümündən sonra Milli Qəhrəman adına layiq görüldü.”
Hər iki ailə üzvü ağrı-acılı xatirələri dilə gətirdikcə, müsahiblərimi aramla dinləyir, sanki illər öncə çəkdikləri dərd-sərə şərik kimi onlara təskinlik gətirməyə çalışırdım.
Bu arada Telman kişi sözünün davamını gətirir:” Şuşanın işğalı Mеşəlidən, Kərkicahandan, Malıbəylidən, Quşçulardan, Хоcalıdan… başladı – Xankəndindəki 366-cı rus motoatıcı alayın dəstəyilə. Xocalı faciəsindən sonra genişmiqyaslı artileriya bombardımanına başladılar. Əsasən Kərkicahandan, Topxana meşəsindən mərmi atırdılar. Ermənilər 8 mayda tank və vertolyotlarla Şuşaya hücum etdilər. Şiddətli döyüşlərə baxmayaraq yaxşı silahlanan düşmən istəyinə nail oldu. Çoxlu şəhidlər vеrdik.
Döyüşlərə qatılmaq üçün bir neçə rayondan polis dəstələri də köməyə gəlmişdi. Masallıdan gələn polis işçilərindən Adışirin Həzərxanov, Nizami Şükürov sonuncu gün şəhəri tərk edərkən bizə kömək etdilər. Sanki son sakinlər kimi şəhəri tərk edirdik. Beş nəfər idik – mən və sanatoriya işçiləri. Şuşa zastavasına gəldik, Laçın yoluna çıxdıq. Zarıslıdan yolu bağlamışdılar. İki günə Beyləqana çatdıq. Bir neçə gün sonra isə Masallıya gəldik. Mehribanlıqla qarşılandıq. Konserv zavodunda işə düzəldim...”
Ailənin 43 yaşlı övladı Rafiq qürurla vurğulayır: “Doğma torpaqlara qayıdırıq. Köçkün adından xilas oluruq. Qarabağın, Şuşanın üzərində sevinc və azadlıq günəşi doğub. 8-10 noyabr günləri tarixdə əbədi qalacaq təqvimə çevrildi. Üçrəngli bayrağımız Şuşa qalasına sancıldı, işğaldan azad edilmiş Qarabağda dalğalandı. Aciz düşməndən fərqli şəkildə - mülki şəxslərə toxunmadan, itirilmiş torpaqlarımızı öz hünərimizlə, dövlət başçımızın dediyi kimi dəmir yumruğumuzla qaytardıq, tapdalanan hüququmuzu öz gücümüzlə bərpa etdik.
Qələbə günündə özümə borc bildim ki, şagirdim, Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olmuş Araz Seyfullayevin, Şuşa həsrətilə dünyasını dəyişən Elmira anamın (1944-2013) Masallı şəhər qəbiristanlığındakı məzarını ziyarət edim. Deyim ki, ruhun şad olsun Araz, qisasın alındı, rahat uyu, ana, doğma ellərin üstündən qara buludlar çəkildi.
Qələbə günləri ərəfəsində telefonum susmadı, gecə saatlarınadək çoxlu sayda masallılardan, hətta tanımadıqlarımdan təbrik zəngləri gəldi.”
Azərbaycanın döyünən ürəyi olan Şuşa çox səfalı yerdir. İstirahət guşələrinə, müalicəvi suyu, sanatoriyaları, mədəni-tarixi abidələrinə... görə məşhurdur. Ədəbi və musiqi istedadlarının məskənidir. Dünyanın heç bir yerində bitməyən xarı bülbül gülü Şuşa dağlarında bitir...
“26-lar bağı” Abbasovlar ailəsinin yaşadığı əraziyə yaxın imiş. Sonralar bağın arxasında doqquz mərtəbəli binalar tikilib. Yuxarı hissədə turist bazası, Şuşa telestudiyası yerləşirmiş.
Şəhərin mərkəzinə çəkilən su isə Zarıslıdan – saxsı borularla çəkilib. Qayalıqdan keçən hissənin qazılması çətin olduğundan Xan qızı Natəvan hər qarış qazma işinə görə bir qızıl pul verərmiş.
Rafiqlə birgə xatirə albomunu varaqlayırdı. Şuşadakı sinif yoldaşları ilə, atasının iş yoldaşları ilə Şuşa qalasının yanında, ailə üzvlərilə, yaşadıqları beşmərtəbəli binanın və s. maraqlı şəkillər nəzərimdən yayınmır. Bu arada o, 30 il ərzində heç kimə demədiyi sirrlərini mənimlə bölüşür. “Sizə iki sirrimi açıqlayacağam”- deyə, o biri otağa keçir. Dəsmala bükülmüş köhnə, paslı açarları masa üzərinə qoyaraq: “Bunlar mənə anamdan əmanətdir. Evdəkilər xəbərsizdir. Şuşadakı evimizin, həyətdəki qaraj və s. açarlarıdır. Bir dəfə anamın gizlində ağladığının şahidi oldum. Yaxınlaşanda ovcunda nəyisə gizlətdiyini hiss elədim. Bu bir neçə dəfə təkrarlandı. Açarları harda saxladığını görüb, fikrimi qətiləşdirdim: Onları elə bir yerdə saxlamalıyam ki, nəinki anam, heç kəs duyuq düşməsin. Anam açarları tapa bilməyəndə, bəhanə gətirdim ki, o paslı dəmirlər nəyimizə gərəkdir ki, atdım. Qınansam da, başqa əlacım yox idi, anamın hər dəfə ağlamağına dözə bilmirdim.
İkinci sirrim isə dəfələrlə hərbi-vətənpərvərlik tədbirlərində, şəhidlərin anım mərasimlərində istifadə etdiyim bu bayraqla bağlıdır. Bu günəcən heç kim bilmir ki, onu Şuşadan gətirmişəm. 13-14 yaşım olardı. Həmyaşıdım Saleh Hüseynovla (indi o, hərbçidir) binamızın qarşısındakı meydançada oynayırdıq. Bu arada yanımızdan yerli özünümüdafiə batalyonunun əsgərləri keçirdi. Əllərindəki al-əlvan bayraqlar diqqətimizi cəlb etdi. İstədik ki, bizim də bayrağımız olsun. Əsgərlərdən bayraq istədikdə inkar etdilər. Qoruyub saxlayacağımıza söz verdikdən sonra razılaşdılar. O gündən bu vaxtacan bu bayraq mənimlədir...”
Rafiq Abbasovun təbirincə desək, vüqarlı dağlar başında, sıldırım qayalar üstündə qərar tutan alınmaz qalamızın – Şuşanın itkisinə nə qədər heyfslənmişiksə, bu gün şəhidlərimizin qan bahasına xilas etdikləri bu müqəddəs məbədi göz bəbəyi kimi qorumağa borcluyuq.
Söhbətimizin sonunda Telman kişi üzünü mənə tutaraq: “Anam Şuşada dəfn olunub. Türmənin aşağısındakı qəbiristanlıqda. Doğma yurda çatan kimi ayaqyalın onun ziyarətinə gedəcəyəm. Möhtərəm Prezidentimizin dediyi kimi: “Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!”
AKİF AĞAYEV