Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir. Bundan əvvəl, Azərbaycanın Ermənistanla həmsərhəd Qazax rayonunun Bağanis Ayrım kəndinin, Dağlıq Qarabağda azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin işğalı zamanı həmin yaşayış məntəqələrinin dinc əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirilib. Yalnız bunu qeyd etmək kifayətdir ki, Xocalı soyqırımından bir neçə gün əvvəl – 1992-ci il fevralın 17-də Xocavəndin Qaradağlı kəndində 80 nəfərdən çox azərbaycanlı kütləvi qırğına məruz qalıb.
Xankəndidən 10 kilometr cənub-şərqdə, Ağdam-Şuşa və Əsgəran-Xankəndi yollarının arasında strateji məntəqədə yerləşən,Dağlıq Qarabağın yeganə hava limanının yerləşdiyi Xocalı fevralın ikinci yarısından başlayaraq, Ermənistan hərbi birləşmələri tərəfindən tam mühasirəyə götürülüb. Dinc sakinlərin dəstə halında və ya təklikdə mühasirədən çıxmaq üçün göstərdiyi bütün cəhdlərin qarşısı alınıb.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq, mühasirədəki Xocalı şəhərinin dinc əhalisinin üzərinə ağır hərbi texnika yeridib, onlara misli görünməmiş qəddarlıqla divan tutub, şəhər barbarcasına yerlə-yeksan edilib. Yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, onlardan 63-üuşaq, 106-sı qadın, 70-i qoca olub. Nəticədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Bundan başqa, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi naməlumdur.
Ümummilli lider Heydər Əliyev Xocalının o dövrdəki ölkə rəhbərliyi tərəfindən tamamilə müdafiəsiz buraxılmasına kəskin etiraz edərək deyib: “O zamankı iqtidarın Azərbaycanın milli müstəqilliyinə və xalqımıza qarşı xəyanətkar mövqeyi, öz konstitusion vəzifə borcuna cinayətkar laqeydliyi, ardı-arası kəsilməyən siyasi hakimiyyət oyunları, respublikada baş alıb gedən anarxiya və başıpozuqluq, ayrı-ayrı siyasətbazların məkrli şəxsi ambisiyaları bu tarixi faciənin törədilməsinə birbaşa şərait yaratmışdır. Uzun müddət dörd tərəfdən düşmən əhatəsində taleyin ümidinə buraxılmış vətəndaşlarımızın imdad dolu harayı qulaqardına vurulmuş, Xocalının xilas olunması üçün real imkanların mövcudluğuna baxmayaraq, günahsız əhali məqsədyönlü şəkildə bu milli qırğına sürüklənmişdir. Xocalı soyqırımı erməni faşizminin iç üzünü bir daha açıb göstərməklə, təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş tarixi cinayətdir və beynəlxalq hüquqa uyğun olaraq sivilizasiyalı dünya tərəfindən məhkum olunmalıdır”.
Xocalı şəhərində törədilmiş cinayətlərin xarakteri və miqyası bu soyqırımı aktının BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada ifadə olunmuş definisiyaya tam uyğun gəldiyini sübut edir. Qabaqcadan planlaşdırılmış kütləvi və amansız qırğın aktı həmin ərazidə yaşayan insanları məhz azərbaycanlı olduqlarına görə tamamilə məhv etmək niyyəti ilə törədilib. Azğınlaşmış cəlladlar insanların başlarının dərisini soyub, müxtəlif əzalarını kəsib, körpə uşaqların gözlərini çıxarıb, hamilə qadınların qarınlarını yarıb, insanları diri-diri torpağa basdırıb və ya yandırıb, meyidlərin bir qismini minalayıblar. Yanan şəhərdən qaçıb xilas olmaq istəyən insanlara aman verilməyib, dinc sakinləri yollarda, meşələrdə pusqu quran erməni hərbçiləri xüsusi amansızlıqla qətlə yetirib.
Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və Serebrenitsa kimi soyqırımları ilə bir sırada dayanır.Bəşəri cinayət olan Xocalı soyqırımının təşkilatçıları Ermənistan Respublikasının siyasi və dövlət rəhbərliyi, birbaşa icraçıları isə Ermənistan silahlı qüvvələrinin bölmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətidir.
Soyqırımının dünya miqyasında tanıdılması sahəsində aparılan sistemli işin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də Amerika Birləşmiş Ştatlarının 20-dən çox ştatının icra və qanunvericilik orqanı Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə hər il Xocalı soyqırımı genişmiqyaslı tədbirlərlə qeyd edilir. 2017-ci ildə Xocalı soyqırımının 25-ci ildönümü də Bakıda növbəti ümumxalq yürüşü ilə yad edilib. Yürüşdə “Dünya Xocalı soyqırımını tanımalıdır!”, “Xocalıya ədalət!”, “Xocalını unutmayın!”, “Rədd olsun erməni faşizmi!”, “Xocalı - XX əsrin soyqırımı”, “Cinayətkarlar cəzasız qalmayacaqlar!” kimi çağırışlar və şüarlar nümayiş etdirilib.
Elşən Ağayev,
Masallı rayon Qızılavar kənd sakini