Mingəçevirdə yeni elektrik stansiyasının inşası bütün Qafqaz regionunun elektroenergetika sahəsinə dəyərli töhfə olacaq

Mingəçevirdə yeni elektrik stansiyasının inşası bütün Qafqaz regionunun elektroenergetika sahəsinə dəyərli töhfə olacaq
  • Cəmiyyət

  • Məlumdur ki, Mingəçevir hal-hazırda elektroenergetika sahəsində Azərbaycanın əsas şəhəridir. Mingəçevirdə fəaliyyət göstərən elektrik stansiyası bu gün ölkəmizin elektrik enerjisinə olan ehtiyacının böyük hissəsini ödəyir. Fevralın 13-də Bakıda “Gülüstan” sarayında keçirilən yeni İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxış edərkən, Ölkə Prezidenti cənab  İlham Əliyevin qeyd etdiyi kimi, Mingəçeviri Qafqazın enerji mərkəzinə çevirən məhz Ulu Öndər Heydər Əliyev olmuşdur. Belə ki, ümummilli liderin rəhbərliyi və təşəbbüsü ilə 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulmuşdur. Böyük stansiyanın birinci blokunun 1981-ci ildə Heydər Əliyevin şəxsən iştirakı ilə açılışı olmuşdur. Ümumi generasiya gücü 2400 meqavat olan bu stansiya ölkəmizin nəinki enerji potensialını, ümumiyyətlə, sənaye potensialının böyük hissəsini ödəyərək imkan verdi ki, hətta müstəqilliyimizin ən ağır illərində, ilk illərdə Azərbaycanda elektrik enerjisi ilə təchizat təmin edilsin.
             
    Əlbəttə ki, zaman keçdikcə bütün qurğular, infrastruktur köhnəlir və sıradan çıxır. Buna görə də 2018-ci ildə Ölkə Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən Mingəçevir Elektrik Stansiyasının yenidən qurulması prosesi başlamışdır. 2020-ci ildə isə stansiya yenidən 2400 meqavat generasiya gücünə malik olmuşdur. 
               
    Bu gün isə artıq Mingəçevir şəhərinin təkcə Azərbaycanın deyil, həm də bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır. Dövlət başçımızın dediyi kimi, 2025-ci ildə Mingəçevir şəhərində yeni elektrik stansiyasının açılışı olacaq. Təxminən 1300 meqavat gücündə olan stansiya ölkəmizin elektroenerji potensialını xeyli gücləndirəcək. Bu, Azərbaycanın enerji təhlükəsizliyinə verilən növbəti töhfə olacaq, yüzlərlə yeni iş yerləri yaranacaq və beləliklə, Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatı ödəyəcək, həm də elektroenergetika və təbii qaz sahəsində daha böyük addımlar atacaq.
               
    Lakin Azərbaycanın həyata keçirdiyi bütün iri miqyaslı layihələr kimi, yeni Mingəçevir elektrik stansiyasının inşası da təkcə ölkəmizə deyi, həmçinin dost xarici ölkələrə də xeyir verəcək. Belə ki, yeni tikiləcək stansiyada şərti yanacağın sərfiyyatı kifayət qədər aşağı olacaq ki, bu da ildə təqribən 800 milyondan 1 milyarda qədər kubmetr qaza qənaət etmək imkanı yaradacaq. Aydındır ki, bu gün Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün bu, Avropanın enerji təhlükəsizliyinə növbəti əhəmiyyətli töhfə olacaqdır. Həmçinin yeni tikiləcək stansiyanın müasir standartlara cavab verməsi nəticəsində karbon qazının miqdarı 2 milyon ton azalacaq və beləliklə, ətraf mühitə də bunun çox böyük faydası olacaq.
                 
    Qeyd etmək lazımdır ki, Mingəçevirdə inşa ediləcək yeni stansiyanın inşasında İtaliya şirkətinin iştirakı da xüsusi önəm kəsb edən məqamdır. Cənab Prezident İlham Əliyev də öz çıxışında bu məsələyə toxunaraq qeyd etdi ki, İtaliya Azərbaycanın strateji tərəfdaşıdır. İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır və son vaxtlar davamlı olaraq yüksək səviyyəli qarşılıqlı səfərlər təşkil edilmişdir. Məlumdur ki, ölkələrimiz arasında energetika sahəsində əməkdaşlıq ənənəvi xarakter daşıyır. Azərbaycan neftinin böyük hissəsi İtaliya bazarına çatdırılır və iki ildən artıqdır ki, Azərbaycan qazı da İtaliya bazarına çatdırılır. TAP layihəsi ölkələrimizin birgə uğurudur. Cənub Qaz Dəhlizinin başlanğıcı Azərbaycanın Xəzər dənizindəki sektorudursa, bunun son məntəqəsi İtaliyadır və yol boyunca bir neçə ölkə Azərbaycan qazından faydalanır. Əlbəttə ki, yaxın gələcəkdə Azərbaycanın elektrik enerjisi də Avropa məkanına çatdırılacaq. Bu məqsədlə keçən ilin dekabr ayında müvafiq anlaşma imzalanmışdır və Azərbaycanın potensialı, o cümlədən yaşıl enerji potensialı Avropa üçün yeni imkanlar açacaqdır.
               
    Diqqətəlayiq haldır ki, İtaliya-Azərbaycan əlaqələri təkcə iki ölkənin maraqlarını təmin etmir, böyük coğrafiyanın maraqlarını təmin edir. Həm də ölkələrimiz arasında əməkdaşlıq təkcə energetika sahəsi ilə məhdudlaşmır. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Hazırda Bakıda Azərbaycan-İtaliya Universitetinin yeni binası inşa edilir. Azad edilmiş torpaqlarda bərpa-yenidənqurma işlərində İtaliya şirkətləri çox fəal iştirak edirlər. Dini abidələrin bərpası və tikintisi, qələbə muzeylərinin tikintisi və dizaynı məhz İtaliya şirkətləri tərəfindən görülən işlərin bir hissəsidir. Birmənalı olaraq demək olar ki, İtaliya-Azərbaycan əlaqələri bir çox Avropa ölkələri üçün Azərbaycanla münasibətlərin necə qurulmalı olduğuna dair əsl örnək ola bilər. 
            


    Rusif Kərimov,
    Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi 
    PAYLAŞ:

    Oxşar xəbərlər