Xocalı soyqırımı 1992-ci ilin soyuq fevral ayının 25-dən 26-sına keçən gecə ermənilərin Azərbaycanlılara qarşı törədikləri soyqırımlardan ən dəhşətlisidir.
Xocalılar nə bilsinlər ki, yaxın tarixdə onlara qarşı belə qanlı soyqırımı törədənlər zamanında torpaqları, duz çörəkləri ilə qucaq açdıqları erməni cəlladları olacaqdır.
Belə ki, 1992-ci il fevralın soyuq qış gecəsində erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərinə hucuma keçdilər.
Hücumdan əvvəl fevralın 25-i axşamı şəhər toplardan və ağır zirehli texnikalardan şiddətli atəşə tutulmağa başlamışdır. Nəticədə şəhərdə yanğınlar baş vermiş və fevralın 26-ı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdür. Belə bir vəziyyətdə, şəhərdə qalmış 2500 nəfərə yaxın əhali yaxınlıqdakı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşdur.
Ancaq dinc əhalinin bu qırğından canlarını qurtarmaq cəhdləri baş tutmadı. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutdular.
Həmin vaxtlar Azərbaycan yenicə müstəqilliyini qazanmış və ordu quruculuğu tam formalaşmadığı üçün şəhərə hucumlar zamanı ancaq əhalinin qəhrəmanlığı və müdafiəçilərin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. Şəhərin müdafiəsi əsasən atıcı silahlarla silahlanmış yerli özünümüdafiə dəstəsi, milis və tam formalaşmamış Milli Ordunun az sayda olan döyüşçülərindən təşkil olunmuşdu.
Bu qırğının nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı insanlar olmaqla ümumilikdə 613 nəfər həlak olmuşdur. 8 ailə tamamilə məhv edilmişdir.25 uşaq hər iki valideynini itirmişdir.130 uşaq valideynlərindən birini itirmişdir. 76-sı uşaq olmaqla 487 nəfər yaralanmış, 1275 nəfər əsir götürülmüşdür.150 nəfər itkin düşmüşdür.
Bu hadisə XX əsrdə Qarabağ iqtisadi zonasında ən dəhşətli, qanlı faciəsindən birinə çevrilmişdir.
Həmin günlərdə Azərbaycan qüvvələri Xocalı sakinlərinin köməyinə çata bilmədi, hətta meyitlərin götürülməsi belə mümkün olmadı. Bu zaman isə ermənilər vertolyotlarla, xüsusi qruplarla meşələrdə gizlənmiş insanların axtarışını aparır, aşkar edilənləri əsir götürür, işgəncələrə məruz qoyurdular.
Həmin dövürdə ordumuz tam formalaşmadığı üçün Azərbaycanda rəhbərliyi həyata keçirmiş şəxslər ölkənin ərazi bütövlüyünün, təhlükəsizliyininn və onun vətəndaşlarının mühafizəsinin təminatçısı kimi Xocalıda baş verən hadisələrin qarşısının alınması üçün zəruri olan tədbirləri tam şəkildə görə bilməmişdir.
1993-cü ildə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev tərəfindən Xocalı soyqırımının baş verməsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması, bu faciənin qurbanlarının xatirəsinin əbədiləşdirilməsi və bütün dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımlar atılmış, faciəyə dövlət səviyyəsində hərtərəfli və obyektiv hüquqi-siyasi qiymət verilmişdir.
Ulu Öndərin səyi nəticəsində erimənilərin Xocalıda törətdikləri vəhşiliklər haqqında xarici mətbuatda geniş yazılar dərc olundu.
Ulu Öndər Heydər Əliyev tərəfindən azərbaycanlıların Xocalı hadisələrində soyqırıma məruz qalması və onun bütün dünyada tanınması üçün “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanı imzalamışdır.
Ulu Öndər Heydər Əliyev iştirak etdiyi bütün beynəlxalq təşkilatlarda Xocalıda baş verən hadisələrdə azərbaycanlıların təbii hüquqları xüsusilə yaşamaq, azadlıq, şəxsi toxunulmazlıq, mülkiyyət hüquqları kəskin şəkildə pozulması və tapdanması eləcədə, ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi bu soyqırımda İnsan hüquq və azadlıqlarını özündə əks etdirən Cenevrə konvensiyası, BMT-nin Baş Məclisinin 10 dekabr 1948 -ci ildə elan olunan İnsan hüquqlarının Ümumi Bəyannaməsinin, "İnsan hüquqlarının ümumi və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının, BMT-nin Mülki və Siyasi hüquqlar haqqında Paktın maddələri ermənilər tərərfindən ciddi şəkildə pozulması çatdırılmış və beynəlxalq aləmdə bu hadisəyə siyasi qiymətin veriməsi üçün çalışmışdır.
Azərbaycan Milli Məclisi hər il fevralın 26-nı "Xocalı soyqırımı günü" elan etmişdir. Hər il fevralın 26-da saat 17.00-da Azərbaycan xalqı Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edir.
Biz Masallı regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi olaraq “Xocalı soyqırımı” hadisəsi ilə bağlı əməkdaşlar arasında təbliğat işləri apararaq bir daha həmin hadisə qurbanlarını yad edirik.
Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarına çatmalıdırlar. Cinayət cəzasız qala bilməz. Təəssüf ki, XX əsrdə soyqırım və etnik təmizləmə hadisələri baş vermiş tarixi səhifələr olmuşdur. Xocalı faciəsi onların sırasında ən dəhşətlilərinə aiddir. Hal-hazırda bu hadisələrdə hər hansı şəkildə iştirakı olmuş şəxslər hələlik öz vicdanları qarşısında cavabdehdirlər, ancaq vaxt gələcək onlar tarixin məhkəməsi qarşısında cavab verməli olacaqlar.
Tarix heç nəyi unutmur.
Rabi İSAYEV,
Masallı regional “ASAN xidmət” mərkəzində
Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin rəisi.