Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşü olmuşdur

Prezident İlham Əliyevin  Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşü olmuşdur
  • Cəmiyyət

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb.
                 
    Qərbi Azərbaycan İcması 1989-cu ildən fəaliyyət göstərən “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin hüquqi varisidir. Bu il avqustun 3-də İctimai Birliyin adı dəyişdirilərək “Qərbi Azərbaycan İcması”na çevrilib, İcmanın yeni Nizamnaməsi təsdiq olunub. İcmada Müşahidə, Ağsaqqallar, Ziyalılar, Qadınlar və Qəyyumlar şuraları, İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası, Gənclər Birliyi, xarici ölkələrdəki nümayəndəliklər kimi strukturlar yaradılıb və seçkilər keçirilib.
                 
    Görüş zamanı  məlumat verildi ki, təşkilat 1989-cu ildən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1988-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplandığı və saxlandığı yeganə ictimai qurumdur. 1988-1991-ci illərdə Qərbi Azərbaycandan qovulmuş 50 mindən çox ailənin 20 minə qədərinə dəymiş ziyan hesablanıb və hazırda bu işlər davam etdirilir. Həmin illərdə Qərbi Azərbaycanda 300-ə yaxın yaşayış məntəqəsindən qovulan qaçqınların hər bir ailə üzrə (ad, soyad, ata adı) dəqiq statistikası aparılıb, 130 kəndin siyahısı tamamlanıb. Təşkilat Qərbi Azərbaycanda tarixi və mədəni irsimizin bütün nümunələrinin dəqiq siyahısının hazırlanmasını davam etdirdi.
                   
    Prezident İlham Əliyev görüşdə çıxış edərək bildirib ki, mən ikinci dəfədir ki, bu binadayam. On iki il bundan əvvəl binanın açılışında iştirak etmişəm. Onu da bildirməliyəm ki, bu bina mənim göstərişimlə inşa edilmişdir və məcburi köçkünlər üçün nəzərdə tutulmuşdur, Qarabağdan olan məcburi köçkünlərin təşkilatı bu binada yerləşmişdi. İkinci dəfədir ki, buradayam və artıq bu binada Qərbi Azərbaycan İcması yerləşibdir. Bu gün biz bu binanın Qərbi Azərbaycan İcmasına verilməsini qeyd edirik.
                   
    Bildiyiniz kimi, avqust ayında Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan İcmasına çevrilmişdir və mən hesab etdim ki, ən düzgün yer, ən düzgün qərargah məhz bu bina olmalıdır. Təkcə ona görə yox ki, bu, çox gözəl binadır, dördmərtəbəlidir və burada fəaliyyət göstərmək üçün bütün imkanlar var, Heydər Əliyev Mərkəzi ilə demək olar ki, üzbəüz yerləşir. Əsas səbəb o idi ki, burada vaxtilə yerləşmiş Qarabağın məcburi köçkünlər icması artıq öz torpaqlarına qayıdır. Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar.
                 
    Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqlə yir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər.  Mən bununla paralel olaraq hesab edirəm ki, biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik. Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ budur. Əlbəttə ki, Qarabağ münaqişəsi həll olunmayana qədər bu haqda danışmaq bəlkə də tez idi. Ancaq, məncə bu gün biz vaxt itirməməliyik. Qayıdış Konsepsiyası hazırlanmalıdır. Yenə də bu, necə deyərlər, sülhsevər konsepsiya olmalıdır. Əlbəttə ki, mən sizdən də təkliflər gözləyəcəyəm. İcma həm öz imkanları daxilində, həm də Azərbaycan dövlətinin dəstəyi ilə bu işlərə, necə deyərlər, böyük yer verməlidir. Əminəm ki, biz buna nail olacağıq.Bir daha onu da bildirməliyəm ki, bu yer İcma üçün təsadüfən seçilmədi, rəmzi mənası var. Bu binada yerləşmiş qarabağlılar artıq Qarabağa ya qayıdıblar, ya da qayıtmağa hazırlaşırlar. Burada yerləşən Qərbi azərbaycanlılar da qayıdacaqlar, İnşallah.
             .


    Paşayev Teymur,
    Masallı rayon Elşən Heybətov adına Dəlləkoba kənd ümumi orta məktəbinin laborantı
    PAYLAŞ:

    Oxşar xəbərlər