Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri iştirak etmişdir. Zəfər paradında 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilmişdir. Həmçinin, müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın bir qismi nümayiş olunmuşdur.
Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və fəxri qonaq qismində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdir.
Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tarixi çıxışında qeyd etmişdir ki, bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq... Hər kəs gücümüzü gördü. Hər kəs qüdrətimizi gördü, iradəmizi gördü. Bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi. Bu, birlik yumruğudur, bu, güc yumruğudur. Bundan sonra Azərbaycan yalnız inkişaf, tərəqqi yolu ilə gedəcək. Bundan sonra da biz ordu quruculuğu işində əməli addımlar atacağıq, ordumuzu daha da gücləndirəcəyik. Bütün göstərişlər verildi. İradəmiz də var, təcrübəmiz də var - əvəzolunmaz təcrübə. İndi bütün ölkələr bu Vətən müharibəsinin təcrübəsini öyrənirlər. Vəsaitimiz də var. Xalq-iqtidar birliyimiz də var. Biz göstərmişik ki, böyük xalqıq, qürurlu xalqıq. Düşməni yerə vurduq. Düşmənin belini qırdıq, məhv etdik. Bu, tarixi Qələbədir. Bu Qələbə Azərbaycan tarixində əbədi qalacaq, şanlı Qələbə kimi!
Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.
44 günün hər günü şanlı tarixdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın...Bəli, Azərbaycan xalqı 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini və Qələbə gününü gözləyirdi. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bilmişdir. Azərbaycan Ordusunda bir nəfər də fərari olmayıb.
Vətən müharibəsinin ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. Türkiyənin ilk saatlardan Azərbaycanın haqq işinə dəstəyi ədalət naminə savaşda tək olmadığımızı göstərdi.
Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, Erməni mifini də məhv etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu məhv edildi, hərbi texnikası məhv edildi, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Nəticədə noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı. Ermənistan ordusu eyni zamanda mənəvi məğlubiyyətə uğrayıb. Müharibə dövründə Ermənistan ordusunda 10 mindən çox fərari olub. Təcavüzkar Erməni əsgəri haqq uğrunda savaşan Azərbaycan əsgəri qarşısında dura bilmədi. Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb, həmçinin Hərbi Qənimətlər Parkının salınmasının təşəbbüskarı olub.
Qeyd etmək yerinə düşər ki, ikinci Qarabağ müharibəsinin aparılması üçün Azərbaycanda Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə böyük hazırlıq işləri görülmüşdü. Siyasi sabitlik, vətəndaş birliyi təmin edildi. Xalqın dəstəyini hiss edərək çox inamlı islahatlar aparıldı və siyasi müstəvidə artıq vəziyyət sağlamlaşdı. Beynəlxalq müstəvidə, beynəlxalq təşkilatlar tərəfindən bizə sərf edən önəmli qərarlar və qətnamələr qəbul edildi. Qələbinin təminatı və rəsmiləşdirilməsi üçün siyasi və hüquqi baza yaradıldı.
Azər Baxışov,
YAP Masallı rayon təşkilatı Masallı şəhər ərazi partiya təşkilatının sədri