1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmiş Kəlbəcər, 10 noyabr 2020-ci ildə imzalanan sülh müqaviləsinə əsasən 25 noyabrda Ermənistan Silahlı Birləşmələri tərəfindən boşaldılaraq Azərbaycan Silahlı Qüvvələrinə təhvil verilmişdir. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun sentyabrın 27-də əks-hücum əməliyyatı ilə başladığı 44 günlük Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatlar səbəb nəticəsində Məğlubedilməz Azərbaycan Ordusu Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinin xeyli sayda canlı qüvvəsini və zirehli texnikasını məhv edib. Bunun nəticəsində düşmən ərazilərimizi tərk etmişdir.
Vəziyyətdən çıxış yolunun olmadığını görən Ermənistan rəhbərliyi kapitulyasiya sənədinə qol çəkməyə məcbur oldu. İşğalçı Ermənistan silahlı qüvvələrinin Kəlbəcəri işğal etməsindən sonra BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edib. Beynəlxalq təşkilatın qətnaməsində bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunan rayonlarından dərhal çıxarılması tələb olunurdu lakin digər qətnamələr olduğu kimi, bu qətnamə də kağız üzərində qalırdı. Dünyanın yüzlərlə ölkəsinin cəmləşdiyi beynəlxalq təşkilatın 27 ildir sadəcə kağız üzərində qalan qətnaməsinin tələblərini Azərbaycan Ordusu cəmi 44 gün ərzində reallaşdırdı. Sentyabrın 27-də növbəti erməni təxribatının qarşısını alan Cənubi Qafqazın ən güclü ordusu ərazilərimizi bir-birinin ardınca düşmən tapdağından azad etdi.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun düşmən üzərində qazandığı şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Kəlbəcərə də həyat yenidən qayıdır. Kəlbəcər rayonunda həyata keçirilən layihələr sırasında Toğanalı-Kəlbəcər avtomobil yolunun inşası xüsusi əhəmiyyət kəsb edir. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun layihə uzunluğu 80,7 kilometr təşkil edir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva cari ilin avqustun 16-da Kəlbəcər rayonuna səfəri zamanı Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin təməlini qoyub. Daha sonra “Kəlbəcər-1” Kiçik Su Elektrik yarımstansiyasında görülən işlərlə tanışlıq olub, 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyasının açılışı edilib.
Səfər çərçivəsində Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin də təməli qoyulub. Həmçinin Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin təməlini qoyan dövlətimizin başçısı avtomobil yollarının, tunellərin tikintisinin əhəmiyyətini vurğulayaraq bildirib ki, bu bölgənin, Şərqi Zəngəzurun hərtərəfli inkişafı üçün avtomobil yolları xüsusi əhəmiyyət daşıyır: “Azad edilmiş torpaqların investisiya proqramı tutulanda mənim göstərişimlə məhz tunellər də bu layihələrə salınıb, o cümlədən Şuşaya gedən yolda və burada tunellər çəkilməkdədir. Tunelin tikintisi həm çətindir, xüsusilə belə ağır dağlıq relyefdə, eyni zamanda, çox böyük xərclər tələb edir. Ancaq biz bunu edirik və edəcəyik. Çünki bu, bölgənin, Şərqi Zəngəzurun inkişafına lazımdır”.
Vüsal Əliyev,
Masallı Dövlət Regional Kollecinin müəllimi