Noyabrın 21-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə tədbir keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tədbirdə çıxış edib.
Yeni Azərbaycan Partiyasının yaradılması Ulu Öndərin Azərbaycan xalqına verdiyi ən böyük töhfələrdən biridir və partiyanın siyasi səhnəyə çıxması Azərbaycan insanının özünə güvənini qaytarıb. Bildirib ki, xalqımız öz gələcəyinə inamla baxmağa başladı, onu irəliyə aparan, böyük məqsədlər naminə səfərbər edə bilən siyasi təşkilata və onun elan etdiyi azərbaycançılıq ideologiyasına ürəkdən bağlandı, bu ideologiyanın Azərbaycanı nicat yoluna çıxara biləcək yeganə siyasi yol olduğunu qəbul etdi.
Azərbaycan dövləti Ulu Öndərin bizə etdiyi vəsiyyət əsasında milli-mənəvi dəyərlər üzərində qurulur, inkişaf edir. Azərbaycan dəyərləri bizim üçün əsas dəyərlərdir. Biz hamımız bunun şahidiyik ki, gənc nəsil də milli ruhda böyüyür, gənc nəsil milli ənənələrə sadiqdir, azərbaycançılıq ideyalarına sadiqdir. Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır, bu da Ulu Öndərin siyasəti idi. Biz bu siyasəti uğurla davam etdirərək, zənginləşdirərək bu gün Azərbaycanda, hesab edirəm ki, dünya miqyasında nadir və təkrarolunmaz mühit yaratdıq. İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin hamısı bir nəfər kimi ölümə getməyə hazır idi, ölümə gedirdi, azad edilmiş torpaqlarda bayrağımızı qaldırırdı. Bu, bizim böyük üstünlüyümüzdür. Bu istiqamətdə həm ölkə daxilində, həm beynəlxalq müstəvidə bu gün Azərbaycan nümunəvi davranış göstərir. Əsas məsələ odur ki, bütün Azərbaycan xalqı tərəfindən, Azərbaycanda yaşayan bütün etnik qruplar tərəfindən bu siyasət dəstəklənir. Bu, bizim gücümüzü artırır və bundan sonra gələcək nəsillər də məhz belə yaşamalıdır, əminəm ki, belə yaşayacaqlar.
Güclü ordu quruculuğu da Ulu Öndərin bizə olan vəsiyyəti idi. Bu gün Azərbaycan Ordusu artıq özünü təsdiqləyib, cəmi 44 gün ərzində düşməni tarixi torpaqlarımızdan qovub, tarixi ədaləti bərpa edib, xalqımızın qürurunu bərpa edib və bu gün Azərbaycan dövlətinin təhlükəsizliyinin qarantıdır. Biz ordu quruculuğuna həmişə çox böyük diqqət göstərmişik. Bəzi işlər ictimai diqqətə də təqdim edilirdi, bəzi işləri biz daha çox konfidensial, yəni, məxfi şəraitdə aparırdıq, bu da başadüşüləndir. Amma nəticə etibarilə elə bir qəhrəmanlıq, elə bir peşəkarlıq göstərdik ki, bu, bu gün bir çoxları üçün nümunədir.
YAP-ın gənclərə geniş imkanlar yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşmasına böyük diqqət yetirdiyini xüsusi qeyd edən ölkə prezidenti partiyanın cəmiyyətə və dövlətə yararlı olmaq istəyən istedadlı gəncləri öz ətrafında birləşdirməklə, yeni nəslin hərtərəfli inkişafı üçün mühüm işlər gördüyünü deyib.
Ceyhun Hüseynov,
Masallı şəhəri