Xəbər verdiyimiz kimi, bir neçə gün bundan əvvəl, 2022-ci ilin noyabr ayının 15-də Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev Albaniya Respublikasına səfər edib.
Qeyd etmək yerinə düşər ki, bu səfər Azərbaycan Prezidenti İlham Əliyevin Albaniyaya birinci səfəridir. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. İkitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlərin müzakirəsi məqsədilə Azərbaycan dövlət başçısının Albaniya Respublikasının Prezidenti Bayram Beqay və Baş nazir Edi Rama ilə görüşləri təşkil olundu.
Görüşdə ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olundu, fəal siyasi dialoqun həyata keçirildiyi bildirildi.
Söhbət zamanı Albaniyanın Baş naziri Edi Ramanın bu ilin aprelində Azərbaycana rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsi işində önəmi qeyd olundu. İqtisadi və enerji sahələrində əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.
Noyabrın 15-də həmin təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Albaniya Respublikasının Prezidenti Bayram Beqay mətbuata bəyanatlarla çıxış ediblər.
Əvvəlcə Albaniya dövlətinin başçısı çıxış edib, iki ölkə arasında aparılan dialoqa görə dərin təşəkkürümü bildirərək, Azərbaycan Prezidentinə müraciətində bildirib ki, cənab Prezident, çox yaxşı haldır ki, Siz bu gün ölkəmizdəsiniz. Əslində, bu, qarşılıqlı maraq doğuran əməkdaşlığın yeni sahələrini açır. Albaniya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünün qeyd edilməsinə gəldikdə, 2023-cü ildə biz əməkdaşlığımızın daha intensiv mərhələsinə qədəm qoyacağıq. Biz burada Azərbaycan Həftəsini keçirmək niyyətindəyik. Əslində, bu tədbir ölkənizin burada mədəni baxımdan təşviq olunması üçün önəmlidir. Biz, həmçinin burada ölkənizin səfirliyinin açılması ilə əlaqədar iradəsini bildirdiyinə görə Azərbaycan tərəfinə minnətdarıq və həmin addım ölkələrimiz arasında əməkdaşlığın yaxşı təzahürüdür.
Bu gün aparılan müzakirələr xüsusilə vacibdir, çünki biz gələcək üçün yeni istiqamətləri müəyyən edirik, bizim üçün maraqlı olan sahələri təyin edirik. Bununla qeyd etmək istərdik ki, Birgə Komitənin iclası əlaqələrimizi daha da möhkəmləndirə bilər. Beləliklə Albaniya enerji, infrastruktur, turizm, kənd təsərrüfatı və sənaye sahələrində əməkdaşlığın genişləndirilməsində olduqca maraqlıdır. Əlbəttə ki, enerji sahəsində İon–Adriatik boru kəməri Albaniyanı, Monteneqronu, Xorvatiyanı birləşdirərək, ölkələrimizin geosiyasi əhəmiyyətini artırır və regional, o cümlədən Avropa səviyyəsində qaz təchizatının şaxələndirilməsini nümayiş etdirir. Bilirik ki, bu sahədə ölkənizin sərmayə qoyuluşu baxımından təcrübəsi var. Albaniya, həmçinin öz ərazisində tranzit imkanlarından istifadəyə çox açıqdır və hazırdır. Qaz infrastrukturumuzdan bu məqsədlə tam istifadə olunmasını mümkün hesab edirik. Bu sahədə daha böyük nəticələrin əldə olunmasını səmimiyyətlə arzu edirik. Beləliklə, biz əməkdaşlığımızın yeni yollarını açırıq və bu məqsədlə Azərbaycan tərəfinin göstərəcəyi səyləri alqışlayırıq. Fikrimizcə, birgə işləyərək öz imkanlarımızı səfərbər edə biləcəyik və daha da genişləndirəcəyik.
Əslində, turizm ölkələrimizin iqtisadiyyatlarının digər mühüm sahəsidir. Azərbaycan uğurlu təcrübəni özündə əks etdirir. Biz bundan yararlana bilərik. Mən cənab Prezidentə bəyan etdim ki, bu sahədə Azərbaycan tərəfindən qoyulacaq sərmayələri yüksək dəyərləndirərdik. Eyni zamanda, mədəniyyət sahəsində birgə işləməliyik ki, xalqlarımız daha yaxın olsun, bir-birini tanısın. Bununla bağlı iki tərəf arasında yeni sazişlər imzalana bilər. Bilirik ki, mədəniyyət və incəsənət sahəsinə aid olan minlərlə eksponat nümayiş etdirilə bilər. Cənab Prezident, mən Sizə bildirdim ki, bu, irsimizin qorunmasına töhfə verəcəkdir. 2019-cu ildə baş vermiş zəlzələdə də göstərilən yardımı yüksək dəyərləndiririk...
Sonra Azərbaycan Prezidenti cənab İlham Əliyev çıxış edərək, qeyd edib ki, Azərbaycan ilə Albaniya arasında diplomatik münasibətlər 1993-cü ilin sentyabrın 23-də qurulub. Bu münasibətlərin 30-cu ildönümü ilə əlaqədar gələn il Albaniyada “Azərbaycan Həftə”sinin təşkil olunması planlaşdırılır. İki ölkə arasında siyasi dialoq daim yüksək səviyyədə olub. Albaniya prezidentləri ölkəmizə 5 işgüzar səfər, Baş nazirləri isə 2 rəsmi və 2 işgüzar səfər ediblər. 2022-ci il aprelin 14-də Azərbaycana rəsmi səfər edən Albaniyanın Baş naziri Edi Rama Bakıda olarkən qeyd edib ki, Albaniya ATƏT-in sədri və hazırda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi hər zaman Azərbaycanı, həqiqəti və ölkənizin tarixi hüquqlarını dəstəkləyir və bunu etməyə davam edəcək”. Baş nazir, həmçinin əlavə edib ki, biz sizin qonşunuz Ermənistanla sülhə və uzunmüddətli əməkdaşlığa yönəlmiş olduqca nümunəvi səylərinizi alqışlayırıq.
Prezident İlham Əliyev də Albaniyanın dəstəyini yüksək qiymətləndirib. Dövlət başçısı Albaniya prezidenti Bayram Beqayla birgə mətbuata bəyanatı zamanı bildirib: “Siz qeyd etdiniz ki, Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək həmişə qarşılıqlı olub. Biz bunu çox yüksək qiymətləndiririk. Həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatları Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstəyi biz çox yüksək qiymətləndiririk”.
Ölkələrimiz arasında siyasi dialoq yüksələn xətlə inkişaf etməkdədir. 2016-2019-cu illərdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil edilən Qlobal Bakı forumlarına bir qayda olaraq Albaniya Respublikasının Prezidenti, həmçinin Mərkəzin fəaliyyətində fəal iştirak edən keçmiş prezidentləri qatılıblar.
Azərbaycan Prezidenti İlham Əliyev isə öz növbəsində IX Qlobal Bakı Forumunda iştirakına görə Albaniya Prezidenti İlir Metaya təşəkkürünü bildirib. Dövlətimizin başçısı Albaniyanın həmişə olduğu kimi, İkinci Qarabağ müharibəsində də Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstəyi yüksək qiymətləndirib və vurğulayıb ki, bu, Albaniyanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu bir daha göstərir.
Bu vaxtadək Azərbaycan və Albaniya arasında 8 sənəd, o cümlədən 2013-cü il aprelin 8-də Bakıda “Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq haqqında Saziş” imzalanıb.
İqtisadi sahədə əməkdaşlığa gəlincə deməliyik ki, Azərbaycan və Albaniya arasında 2016-2017-ci illərdə ticarət əlaqələrində canlanma müşahidə edilib.
Azərbaycanda tikinti və xidmət sahələrində fəaliyyət göstərən 3 Albaniya investisiyalı şirkət qeydiyyatdan keçib.
2019-cu il noyabrın 26-da Albaniyada baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan tərəfindən humanitar yardım olaraq 500 min avro ayrılıb.
Beləliklə, Müzəffər Prezidentimiz İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət ölkəmizin mənafelərinin bütün beynəlxalq təşkilatlarda və dövlətlərarası münasibətlərdə cəsarətlə qorunmasına, xalqın böyük etimad və hörmətinin qazanılmasına gətirib çıxarıb.
Arif Əzimov,
YAP Masallı rayon təşkilatı Masallı Rayon İcra Hakimiyyəti Ərazi partiya təşkilatının sədr müavini