12 Noyabr Azərbaycan Respublikasının Konstitusiya günü

12 Noyabr Azərbaycan Respublikasının  Konstitusiya günü
  • Cəmiyyət

  • Hər bir dövlətin müstəqil, özünəməxsus qanun qaydaları olduğu kimi, Azərbaycan dövlətinin də, özünə xas müstəqil qanunları vardır. Bu qanunlar toplusu Konstitusiya adlanır və hər il Noyabr ayının 12-si ölkəmizdə qeyd edilir. Bu il artıq Konstitusiya gününün qəbul edilməsindən 27 il ötür. İlk dəfə Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiya 1995-ci il Noyabr ayının 12-də keçirilmiş ümumxalq səsverməsi yolu ilə qəbul edilib. Dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib.

    1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyadır. Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı. Ümumilli lider Heydər Əliyev bu barədə danışarkən deyirdi: Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti, bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır.
                     
    Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi.Təsadüfi deyil ki, konstitusiyamızın müəllifi ulu öndər Heydər Əliyev əsas Qanunun ən mükəmməl formada hazırlanmasını zəruri sayaraq bildirirdi. Bizim yeni konstitusiyamız şübhəsiz ki, birinci növbədə, Azərbaycan Respublikasının dövlət müstəqilliyini, bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini qoruyub saxlamaq, yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir.

    Məhz bunun nəticəsində keçmiş sovet konstitusiyalarından fərqli olaraq, müstəqil Azərbaycan Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasını, dövlətin ali məqsədi kimi bəyan etdi.Hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi.İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə əsas vəzifə olaraq qoydu.

    Ötən 27 ildə ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrün yaratdığı zərurətlə əlaqədar Azərbaycan Konstitusiyasına bir neçə dəfə əhəmiyyətli dəyişikliklər və əlavələr edilib.2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub.Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi.
              
    Biz bu gün bir daha bu dövlətdə yaşayaraq illər öncə Ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasının bu günləri və gələcəyi üçün etdiyi ən önəmli işlərindən birinin Konstitusiya yaratması və qəbul etdirməsi olub.Bizlər gənc nəsil olaraq belə ədalətli dövlətdə yaşadığımız üçün çox xoşbəxtik.



    Cəmaləddin Cabbarov,
    Masallı rayon Mahmudavar kənd tam orta məktəbinin direktor müavini

    PAYLAŞ:

    Oxşar xəbərlər