12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü ilə əlaqədar

12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü ilə əlaqədar
  • Cəmiyyət

  • 12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür. Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 27 il ötür. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Ötən əsrin 90-cı illərinin əvvəlində Azərbaycanı bürüyən ümumi xaos və tənəzzül prosesi məhz Heydər Əliyevin hadisələrə tarixi müdaxiləsi sayəsində özünün hüquqi məcrasına salınmışdır. Azadlıq və hüquq uğrunda mübarizə tarixində bu qədər qısamüddətli zəfər nümunəsi yoxdur.

    Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi. Konstitusiya qəbul edilən gün - noyabrın 12-də respublika parlamentinə ilk dəfə çoxpartiyalı sistem əsasında demokratik seçkilər də keçirildi. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.
       
    1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyasıdır. Azərbaycanın Konstitusiya quruluşunun tarixi SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da, SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası isə 1925-ci il martın 14-də qəbul olunmuşdu. 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiya da, əvvəlki konstitusiyalar kimi, SSRİ Konstitusiyasına uyğunlaşdırılmışdı. İlk milli Konstitusiyamızın qəbulundan ötən 27 il ərzində cəmiyyətimizin konstitusion əsasları qanunvericiliyin inkişafı ilə daha da möhkəmləndirilmiş, durmadan inkişaf etdirilmişdir.

    Bu sıraya daxil olan yeni-yeni qanunvericilik aktları və ayrı-ayrı maddələr konstitusion insan və vətəndaş hüquq və azadlıqlarının miqyasını daha da genişləndirməyə xidmət etmişdir. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanmasıdır. Ulu Öndər Heydər Əliyev demişdir: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır.”
       
    Müstəqil Azərbaycan Respublikası öz banisi və qurucusunun ölməz siyasi kursuna daim sadiqdir. Ulu öndərin layiqli siyasi varisi, Azərbaycan dövlətinin başçısı, Prezident İlham Əliyevin ölkədə qanunçuluğun möhkəmləndirilməsi və cəmiyyətdə ümumbəşəri dəyərlərin tanınması istiqamətində ciddi addımlar atmışdır. Bütün bunlar ilk milli Konstitusiyamızın qəbulundan ötən 14 ilin ərzində Vətənimiz, millətimiz və xalqımızın öz qarşısına qoyduğu və bəyan etdiyi demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, hamının layiqli həyat səviyyəsini təmin etmək, dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və başqa ülvi niyyətlərə sarsılmaz sədaqətindən və əbədi bağlılığından irəli gəlir.



    Nihat  Baxşıyev,
    Masallı rayon fəal gənci Baxşıyev Nihat
    PAYLAŞ:

    Oxşar xəbərlər