Xalqımızın ən gözəl günlərindən biri - ZƏFƏR GÜNÜMÜZ!

Xalqımızın ən gözəl günlərindən biri - ZƏFƏR GÜNÜMÜZ!
  • Cəmiyyət

  • 44 gün davam edən, yüzlərcə şəhid və qazimizin canı, qanı bahasına, eyni zamanda mükəmməl siyasət və müzəffər Ali Baş Komandan vəhdəti ilə qazanılmış qələbə!
               
    Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak ediblər.
             
    Şuşaya gedən yol 27 sentyabr tarixində başlamışdır. Müharibənin ilk günündən son gününə qədər Azərbaycan Silahlı Qüvvələri yalnız irəli gedirdi, 44 gün ərzində bir gün də geri addım atmamışdı. Halbuki, biz dünya hərb tarixindən bilirik ki, belə çətin müharibələrdə, xüsusilə bizim üçün əlverişsiz relyef şəraitində gedən müharibələrdə manevrlər də olur, geriyə addımlar da olur və gözlənilməz hadisələr də olur. Ancaq bizi Qələbəyə aparan güclü iradə idi, Vətən sevgisi idi, hərbçilərimizin peşəkarlığı idi. Sentyabrın 27-də - müharibənin birinci günündə altı kənd azad olunanda Azərbaycan xalqı daha da inandı ki, biz istədiyimizə nail olacağıq, tarixi missiyamızı yerinə yetirəcəyik.

    Müharibədə uğur qazanmaq üçün biz çox önəmli layihələri icra etməli idik və etdik. Bu gün dünyanın və bizim bölgəmizin enerji-nəqliyyat xəritələrinə baxmaq kifayətdir ki, hər kəs görsün bizim təşəbbüsümüzlə icra edilən layihələr həm ölkəmizə, həm də bizim tərəfdaşlarımıza nə qədər böyük fayda gətirib. Bizim təşəbbüsümüzlə nəqliyyat və enerji layihələrində iştirak edən ölkələrin sayı onlarla ölçülür. Hələ indiki mərhələdə daha geniş vüsət alacaq və bütün bu ölkələr bizim təbii dostlarımızdır, müttəfiqlərimizdır. Eyni zamanda, bu layihələr bizə əlavə maliyyə imkanı yaratdı. Biz, ilk növbədə, bu maliyyə imkanlarını hərbi potensialın gücləndirilməsinə yönəltdik.
                   
    Nəhayət, Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirdi. Müharibəyə gedən yol bir çox istiqamətlərdən keçmişdir. İlk növbədə, biz özümüz ordumuzu lazımi silahlar və texnika ilə təchiz etməli idik. Bunun üçün də güclü iqtisadiyyat olmalı idi. Azərbaycan müstəqilliyi əldə edəndə bizim maliyyə, iqtisadi vəziyyətimiz çox ağır idi. Ona görə güclü iqtisadiyyatın yaradılması müharibədə qələbənin qazanılması işində önəmli amil kimi nəzərə alınırdı və biz bunu etdik. Bizim iqtisadiyyatımız gücləndi, biz öz hesabımıza yaşayırıq, heç kimin yardımına ehtiyacımız yoxdur, heç kimdən asılı deyilik, özümüz imkan daxilində öz həyatımızı qururuq və yaxşı da qururuq.
                 
    Bu Qələbə, bu Zəfər bizə bu imkanı verdi, bütün xalqımıza inam verdi, ruh verdi. Biz təkcə ərazi bütövlüyümüzü yox, milli qürurumuzu bərpa etdik. Buna görə, əziz hərbçilər, sizə borcluyuq, sizin kimi on minlərlə əsgər, zabitə borcluyuq və Azərbaycan xalqı bunu yaxşı bilir. 

    Yaşasın Qarabağ!     

    Yaşasın Azərbaycan!



    Ceyhun Hüseynov   
    Masallı şəhəri

    PAYLAŞ:

    Oxşar xəbərlər