İkinci Vətən müharibəsində Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələri qarşısnda cəmi 44 gün tab gətirə bildi. Bu müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi.2020-ci il sentyabrın 27-dən başlayaraq rəşadətli Azərbaycan Ordusu 30 ildən artıq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatlarına başladı.
Bir neçə gün ərzində düşmənin "yenilməzlik" mifologiyası darmadağın edildi. Müharibənin kulminasiya nöqtəsi heç şübhəsiz noyabrın 8-də Qarabağın incisi - Şuşanın düşmən işğalından azad edilməsi oldu. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevə və xalqına verdiyi sözləri tutdu, ata vəsiyyətini yerinə yetirdi. Prezident İlham Əliyev 2020-ci il 3 dekabr tarixində hər il noyabrın 8-nin ölkəmizdə Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi və həmin günün bayram günləri sırasına daxil edilməsi haqqında Sərəncam imzaladı.
Çünki Şuşa şəhərinin noyabrın 8-də 28 illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynadı. Məhz dillərə dastan olan Şuşa əməliyyatı düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb oldu. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq Zəfər Gününün hər il noyabrın 8-də təntənəli şəkildə qeyd edilməsi qərara alındı.
Yekunda Paşinyan hakimiyyəti reallığı qəbul etdi və noyabrın 10-da Ermənistan "ağ bayraq" qaldırdı, kapitulyasiya bəyannaməsini imzaladı. Döyüş meydanında darmadağın edilən Ermənistanın Azərbaycan Prezidentinin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı. Beləliklə, Paşinyan kapitulyasiya şərtlərinə razılığını verdi. 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanata əsasən noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan, heç bir şəhid verilmədən azad edildi.
Üçtərəfli bəyanata əsasən, Ermənistanın öz müqəddəratını təyinetmə ilə əlaqədar bütün iddiaları qüvvədən düşüb. Bundan sonra hər şey yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyü prinsipinə əsasən həll edilir. Azərbaycan Prezidenti status-kvonu dəyişdi və artıq münaqişənin həlli şərtlərini Azərbaycan diktə edir.Bəyannamənin ən mühüm məqamlarından biri də, nəqliyyat-kommunikasiya dəhlizləri ilə bağlıdır.
Şuşa Bəyannaməsində Cənub Qaz Dəhlizinin təhlükəsizliyi məsələsi, təbii ki, bir daha vurğulanıb. Ancaq sənəddə "Zəngəzur dəhlizi" ifadəsinin yer alması daha böyük anlam daşıyır. Həm də bu, "Azərbaycanla Türkiyəni birləşdirən dəhliz" anlayışı ilə ifadə olunur. Rəsmi İrəvan ə 10 noyabr Moskva bəyannaməsi ilə üzərinə götürdüyü bu öhdəliyi yerinə yetirmək məcburiyyətindədir. Bu dəhliz Azərbaycanla Türkiyəni coğrafi və iqtisadi baxımdan tam birləşdirir. Ölkə başçıları İlham Əliyev və Rəcəb Tayyip Ərdoğan Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq, müttəfiqlik menasibətlərini bu tarixi sənədlə mümkün olan ən üst səviyyəyə qaldırdılar. Bu, faktiki 44 günlük müharibədən sonra ikinci tarixi qələbədir.
Anar Məmmədov,
Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı