Qalib Ordu və Prezident, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyev

Qalib Ordu və Prezident, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyev
  • Cəmiyyət

  • İşğalçı Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Müzəffər Ali    Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan, 44 gün davam edən və Azərbaycanın tam Qələbəsi ilə nəticələnən Vətən müharibəsinin əhəmiyyəti, mahiyyəti və nəticələri uzun illər təhlil ediləcək, bu Qələbənin şanına dastanlar, romanlar və elmi əsərlər yazılacaq.
                   
    Buna da tam haqqımız var. Azərbaycan xalqının birliyi, Müzəffər Ali Baş Komandanın dəmir iradəsi, sarsılmaz qətiyyəti, Şanlı Ordumuzun qüdrəti və qəlbi Vətən eşqi ilə dolub-daşan hərbçilərin, eləcə də hər bir azərbaycanlının monolit birliyi sayəsində Azərbaycan xalqı zəfər qazandı.
                 
    Elə bir görüş, səfər, forum, toplantı olmadı ki, Prezidentimiz Qarabağ münaqişəsindən söz açmasın, diqqəti bu münaqişəyə yönəltməsin, bu münaqişənin həllinə ədalətlə yanaşmanı tələb etməsin. Dövlətimizin başçısı da dəfələrlə qeyd etmişdi ki, bizim yeganə məqsədimiz haqq-ədalətin bərqərar olması, işğalçının torpaqlarımızdan çıxarılması və bir milyona yaxın qaçqın və məcburi köçkünün doğma yurd-yuvalarına qayıtmasıdır. Bütün haqsızlıqlara, ikili standartlarla yanaşmaya baxmayaraq, Vətən müharibəsinin ədalətli xarakteri danılmazdır.

    Çünki bütün beynəlxalq normalarda, hüquqi sənədlərdə Azərbaycan ərazilərinin işğal olunması və bu məsələnin respublikamızın ərazi bütövlüyü çərçivəsində həll edilməsi öz əksini tapıb. Lakin bu danışıqlar, sülh yolu ilə məsələ öz həllini tapmadığından xalq özü bu məsələnin həllinə nail olmalı idi. Düşmənin qeyri-konstruktiv, təxribatçı davranışları məsələnin hərbi yolla həllinin qaçılmaz olduğunu ön plana çəkirdi. Bu münaqişənin uzadılması, ədalətli şəkildə həllini tapmaması dözülməz və yol verilməz idi. Bu cür vəziyyətə biganə qala bilməyən dövlətimizin, ölkə başçısının, bu haqq savaşında bizə dəstək verənlərin və döyüşlərə yollananların yeganə amalı, arzusu da məhz tarixi ədalətin bərqərar olması və respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi idi. Qırx dörd günlük Vətən müharibəsində Zəfərimiz sözün həqiqi mənasında tarixi ədalətin bərpasıdır.
                 
    Vətən müharibəsində Böyük Qələbəmizdən yazarkən qeyd edilməsi vacib olan amillərdən biri də ulu öndər Heydər Əliyevin təməlini qoyduğu ordu quruculuğu siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən yeni dövrün tələbləri səviyyəsində inamla, uğurla davam edilməsidir. Prezident İlham Əliyevin son illərdə qəbul etdiyi qərarlar, atdığı inamlı addımlar qüdrətli ordu yaratmaq istiqamətində gərək olan bütün zəruri tədbirlərin həyata keçirilməsini təmin edib. Dövlət başçısı tərəfindən prioritet elan edilən ordu quruculuğu sayəsində ərsəyə gələn nizami Azərbaycan Ordusu dövlətçiliyimizin qarantı olmaqla yanaşı, ölkəmizin dünya miqyasında maraq və mənafeyinin, milli təhlükəsizliyinin lazımi səviyyədə qorunmasını, həmçinin müstəqil siyasət yeritməsini təmin etməyə imkan yaradıb.

    Həmçinin qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində maddi-sosial və texniki cəhətdən hərtərəfli təchiz olunan, ən müasir silahlarla silahlanmış, dünyanın 50 ən güclü orduları sırasında özünə layiqli yer tutan Azərbaycan Ordusu ərsəyə gəlib. Keyfiyyətli təşkil edilən, səmərəli keçirilən təlimlərdə təcrübə toplayan, peşəkarlığını yüksəldən müasir Ordu, döyüş əməliyyatlarının səriştəli, düzgün, eyni zamanda, hərbin bütün qanunlarına uyğun olaraq planlaşdırması, həyata keçirilməsi və hərtərəfli, planlı şəkildə hazırlıq ölkəmizin döyüş meydanında qələbə qazanmasını səciyyələndirən faktorlardır. 
                 
    Dövlətin müstəqilliyi onun ordusunun gücündən bilavasitə asılıdır. Ordunun gücü dövlətin iqtisadiyyatıyla, dövlətin gücü ordunun qüdrətiylə, qüdrəti gücüylə müəyyənləşdirilir. Ordu iqtisadiyyatı dinamik inkişafda olan dövlət üçün prioritetdirsə, güclü olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fəxrlə bildirir: "Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var".



    Aytən  Şükürova,
    Dəmirçi kənd ümumi orta məktəbinin direktoru

    PAYLAŞ:

    Oxşar xəbərlər