Azərbaycanın Baş Prokuroru ilə rusiyalı həmkarı arasında helikopterin vurulması hadisəsi ilə bağlı telefon danışığı olub

Azərbaycanın Baş Prokuroru ilə rusiyalı həmkarı arasında helikopterin vurulması hadisəsi ilə bağlı telefon danışığı olub
  • Cəmiyyət

  • Xəbər verildiyi kimi, noyabrın 9-da saat 18.30-da Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopterinin vurulması nəticəsində 2 hərbi qulluqçu həlak olub, 1 nəfər isə yaralanıb.

    Baş Prokurorluğun mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, həmin faktla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən dərhal araşdırmalara başlanılıb və baş vermiş hadisənin təfərrüatlarının hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə Baş Prokuror tərəfindən noyabrın 9-da Cinayət Məcəlləsinin 342.2-ci (qulluğa səhlənkar yanaşma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda, habelə müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb və istintaqın aparılması Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğuna həvalə edilib.

    Cinayət işi üzrə prokurorluq əməkdaşları tərəfindən hərbi mütəxəssislərin iştirakı ilə raketin atıldığı qurğuya, habelə informasiya sistemlərinə baxış olub, raketin atıldığı hərbi hissənin hərbi qulluqçuları dindirilib, zəruri olan sənədlər götürülüb və digər lazimi istintaq hərəkətləri həyata keçirilib. Hazırda təqsirkar şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

    Həmin cinayət faktı ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev Rusiya Federasiyasının Baş Prokuroru İqor Krasnova rəsmi məktub ünvanlayıb, eyni zamanda, aralarında telefon danışığı baş tutub.

    Telefon əlaqəsi zamanı Baş Prokuror hadisə nəticəsində həlak olanlarla bağlı rusiyalı həmkarına baş sağlığı verib, yaralı hərbi qulluqçuya şəfa diləyib, həmçinin başlanmış cinayət işi üzrə həyata keçirilmiş ilkin istintaq hərəkətləri barədə həmkarını məlumatlandıraraq onu tam, obyektiv və hərtərəfli istintaq aparılmasına əmin edib.

    Rusiya Federasiyasının Baş Prokuroru, öz növbəsində, həmin faktla bağlı tərəflərindən də cinayət işinin başlanaraq istintaq aparılmasını və Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə istintaqın əlaqəli şəkildə aparılmasının işin səmərəliliyin artırılmasına xidmət edəcəyini qeyd edib.

    İqor Krasnov Azərbaycan tərəfinin hadisə ilə bağlı təxirəsalınmaz reaksiya verərək zəruri tədbirlərin görülməsinə görə təşəkkürünü bildirib.

    Bundan başqa, Rusiya Federasiyasının Baş Prokuroru imzalanmış 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatla bağlı məmnunluğunu ifadə edərək bəyanatda əks olunmuş müddəaların icrasının tərəflərin, o cümlədən Azərbaycan xalqının maraqlarına xidmət edəcəyini qeyd etməklə, sülhməramlı qüvvələrin regionda yerləşdirilməsinin sülh və əmin-amanlığın bərqərar olmasında səmərəli rol oynayacağına ümidvar olduğunu vurğulayıb.

    Kamran Əliyev və rusiyalı həmkarı İqor Krasnov ölkələrimizin prokurorluqları arasında olan sıx əməkdaşlıq və dostluq münasibətlərinin bütün istiqamətlərdə bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.
    PAYLAŞ:

    Oxşar xəbərlər