Vətən müharibəsindəki böyük qələbə Azərbaycan Prezidenti İlham Əliyevin öz vətəndaşlarına nə qədər bağlı olduğunu, dövlətimizin milli maraqlarını qətiyyətlə müdafiə etdiyini bir daha sübut etdi. Döyüşləringetdiyi 44 günərzində Prezident İlham Əliyev hərb meydanında müzəffər sərkərdə, diplomatik cəbhədə böyük strateq nümunəsi sərgilədi, informasiya müharibəsində Azərbaycanın haqq səsini bütün dünyaya yaydı, bütün təzyiqlərə cəsarətlə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Vətən müharibəsi ilə işğal altındakı torpaqlarımız düşməndən təmizləndi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu cəmi 44 gün ərzində bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.
Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə qəbul edilmiş bütün beynəlxalq sənədlərin icrasını təmin etmiş oldu. Bu yolda şəhidlərimiz və başqa itkilərimiz də oldu. Lakin Azərbaycan haqq işindən dönmədi və bütün dünyaya, eləcə də Ermənistan və ona havadarlıq edən dövlətlərə sübut etdi ki, Azərbaycan xalqı sülhsevər xalq olmaqla yanaşı onun ləyaqətinə və torpağına təcavüz edənləri bağışlamıyacaq. Hazırda erməni quldurlarından xilas edilən ərazilərimizdə Azərbaycan bayrağı dalğalanır.
Əlbəttə ki,bu tarixi qələbəni əldə etmək üçün, hərbi potensialın möhkəmləndirilməsi ən vacib məsələ idi və Ulu Öndərin bu sahədə qısa müddətdə gördüyü işləri sürətlə dəyişən zəmanənin xarakterinə və çağırışlarına uyğun istiqamətlərə yönəltməyi, ən müasir texnika və sursatla təchiz olunmuş peşəkar ordu formalaşdırmağı Prezident İlham Əliyev dövlət başçısı vəzifəsinə seçildikdən dərhal sonra özünün prioritetləri sırasına daxil etdi və uğurla həyata keçirdi. Həm yerli müdafiə sənayesinin yaradılması, həm də dünyanın ən qabaqcıl silah istehsalıçıları ilə əlaqələrin qurulması, ən yeni hərbi texnikanın qısa müddətdə ordumuzun arsenalına cəlb edilməsi mövcud potensialın artırılmasını və müasirləşdirilməsini təmin etdi. Əlbəttə, yalnız güclü iqtisadiyyat, geniş maliyyə imkanları sayəsində belə yüksək təminata nail olmaq mümkün idi. Dövlətimizin başçısının müdrik və uzaqgörən siyasəti nəticəsində qazanılan iqtisadi nailiyyətlər, ölkənin gəlirlərinin artırılması büdcədən hərbi xərclərə ilbəil daha çox vəsait ayrılmasına imkan verdi və bu tendensiya böyük qələbədən sonra da davam edir. Hərbi potensial təkcə güclü silah-sursatdan və texnikadan ibarət deyil; hazırlıqlı, peşəkar kadrlar olmasa, onlardan təyinatı üzrə, zəruri məqsədlər üçün istifadə edilməsi mümkünsüzdür. Bu baxımdan ölkəmizin Silahlı Qüvvələrinin kadr potensialının möhkəmləndirilməsi Vətən müharibəsində qələbəni şərtləndirən ən mühüm amillərdəndir.
Müasir hərb elminin ən qabaqcıl taktiki-strateji bilik və bacarıqlarına yiyələnmiş Azərbaycan əsgərinin şücaəti dünya hərb elminə qızıl hərflərlə yazıldı. 44 günlük savaş Azərbaycan xalqının mətin iradəsini, milli ideya ətrafında sıx birləşmək və sarsılmaz ümumxalq həmrəyliyinə nail olmaq bacarığını, işğala boyun əyməmək əzmini və dünya birliyi tərəfindən göstərilən ədalətsizliyə qarşı barışmazlığını nümayiş etdirdi. Dövlət – xalq – ordu birliyi özünün ən yüksək zirvəsinə çatdı.
Toğrul İmanverdiyev,
Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı