Ağdamda Azərbaycan Milli Şəhərsalma forumunun açılış mərasimi

Ağdamda Azərbaycan  Milli Şəhərsalma forumunun açılış mərasimi
  • Cəmiyyət

  • Prezident İlham Əliyev 5 oktyabr tarixində Ağdamda Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxış edərək qeyd etmişdir ki,İşğaldan azad edilmiş ərazilərə gələn hər kəs Ermənistanın işğalı və təcavüzünün nəticələrini görür. İkinci Qarabağ müharibəsi başa çatandan bəri minlərlə əcnəbi qonaq, jurnalist, siyasətçi, vətəndaş cəmiyyəti nümayəndələri azad olunmuş ərazilərə gələrək bunu öz gözləri ilə görüblər. Erməni barbarlığı və vandalizminin miqyası faktiki olaraq o qədər böyükdür ki, Azərbaycanın bu hissəsinə gələn bir çox insanlar özlərini mənəvi cəhətdən tamamilə tükənmiş hiss edirlər. Ərazilər işğaldan azad edildikdən sonra xarici ekspertlər, jurnalistlər buraya gəldilər və Ağdama bir neçə ad verdilər. Bu adlardan biri “urbisid qurbanı” idi, bu da tamamilə doğru idi.

    Digər ad “ruhlar şəhəri” idi, bu da tamamilə doğrudur. Biri də “Qafqazın Xirosiması” idi.İşğalçılıq siyasəti yürütməklə Ermənistanın əsas hədəfi de-fakto vəziyyəti yerində dəyişmək və bununla Azərbaycanla danışıqlar prosesini sonsuz etmək idi. Məhz buna görə danışıqlar heç bir nəticə olmadan 28 il davam etdi. BMT, ATƏT kimi aparıcı beynəlxalq təşkilatların və digərlərinin Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamə və qərarlar qəbul etməsinə, xüsusilə BMT Təhlükəsizlik Şurasının 30 il ərzində kağız üzərində qalan 4 qətnaməsinə və Ermənistana sanksiyalar tətbiq etməklə bağlı bütün müraciətlərə baxmayaraq rəsmi İrəvan öz işğalçı siyasətindən əl çəkmədi.
                 
    Beynəlxalq ictimaiyyət Azərbaycan xalqının humanitar fəlakətinə göz yummağa qərar verdi. Ən çox təəssüf doğuran odur ki, ATƏT-dən mandatı olan Minsk Qrupu adlandırılan struktur və onun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfərlər edib, bütün şəhər və kəndlərin qəddarcasına dağıdılmasının, ermənilərin torpaqlarımızda qanunsuz məskunlaşdırılmasının şahidi olublar, lakin Ermənistanı qınamayıblar.
    Hər hansı vasitəçiliyə artıq ehtiyacımız yoxdur. 10 min kvadratkilometrdən çox ərazinin Ermənistan tərəfindən dağıdılmasına baxmayaraq, insanlarımızın çəkdiyi zülmlərə baxmayaraq, biz Ermənistana sülh təklif etdik. Azərbaycan sülh müqaviləsi üçün əsas olan beynəlxalq hüququn beş əsas prinsipini irəli sürdü: ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınması, gələcəkdə ərazi iddialarından çəkinmək, güc tətbiq etməmək və ya güc tətbiq etmək hədəsindən çəkinmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması.
               
    Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisi ölkəmizin vətəndaşlarıdır. İşğal dövründə dünyanın heç bir ölkəsi, o cümlədən Ermənistan bu qondarma qurumu tanımadı. Ona görə də daxili işlərimizlə bağlı məsələləri heç vaxt beynəlxalq qurumlarla və ya böyüklüyündən və potensialından asılı olmayaraq, heç bir ölkə ilə müzakirə etmirik. 
     


    Müşfiq  Qurbanov,
    Masallı rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi
    PAYLAŞ:

    Oxşar xəbərlər