Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 2 il ötür

Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 2 il ötür
  • Cəmiyyət

  • “Böyük Qayıdış” Cəbrayıldan başlayıb, desək yanılmarıq. Ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişindən cəmi üç ay sonra – 5 yanvar 1994-cü il tarixində Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndi, 2016-cı il aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi də işğaldan azad edildi.

    2020-ci il, sentyabrın 27-dən başlayaraq erməni silahlı birləşmələrinin təxribat əməllərinə Azərbaycan Ordusunun tutarlı cavabı – düşmənin xeyli sayda canlı qüvvəsinin məhvi, hərbi texnikasının darmadağın edilməsi və qənimət kimi götürülməsi, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələrinin işğaldan azad olunması xalqımızda böyük ruh yüksəkliyi yaratdı.

    Müzəffər ordumuzun uğurlu əks-həmlə əməliyyatları nəticəsində digər ərazi və yüksəkliklərlə yanaşı 27 il sonra, 44 günlük Vətən müharibəsinin səkkizinci günündə Ölkə Prezidentindən aldığımız ikinci müjdəli xəbər – 2020-ci il 4 oktyabr tarixində Cəbrayıl rayonunun,  ümumilikdə 1 şəhər və 80 kəndin düşmən işğalından azad olunması xəbəri hamımızı sevindirdi, böyük Qələbəyə inamımızı daha da möhkəmlətdi.

    Eyni zamanda Cəbrayılın işğaldan azad olunması Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yaratdı.

    Cəbrayıldakı qələbə sevincinin möhtəşəm davamı, xalqımızın növbəti fəxarəti isə məğlub Ermənistanın kapitulyasiya aktını imzalamasından altı gün sonra - 2020-ci il noyabrın 16-da müzəffər Prezidentimizin işğaldan azad olunan ilk şəhərimizdə, Cəbrayıl şəhərində və Xudafərin körpüsündə üçrəngli Azərbaycan bayrağını qaldırması oldu. 

    Ötən iki il ərzində respublika Prezidenti Cəbrayıla səfərləri çərçivəsində işğaldan azad olunmuş torpaqlarda əkinlərlə bağlı görülən işlərlə tanış olub, “Cəbrayıl” yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışında, “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İB-nin birgə servis mərkəzinin, Şərqi Zəngəzur iqtisadi rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının, akademik Mehdi Mehdizadə adına tam orta məktəbin, Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, Memorial Kompleksin və şəhərin bərpasının təməlqoyma mərasimlərində iştirak edib.
    Bu gün Cəbrayıl rayonunda bərpa və quruculuq işləri sürətlə davam etdirilir. “Araz Vadisi İqtisadi Zonası” layihəsi icra olunmaqdadır. Cəbrayıla 4-6 zolaqlı yol çəkilir. Bütün kəndlərin tədricən bərpa edilməsi proqramı təsdiq edilib. Cəbrayıla gələnlər Zəngəzur dəhlizindən faydalanacaqlar. Cəbrayılda 240 MVt-lıq gücə malik elektrik, eləcə də Günəş elektrik enerjisi stansiyalarının tikintisi nəzərdə tutulub və s...

    Böyük Zəfərimiz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, qətiyyətli siyasi mövqeyi, qüdrətli ordumuzun, qəhrəman əsgərlərimizin şücaəti, igidlərimizin qanı bahasına əldə edildi.

    İşğaldan azad edilən bütün ərazilərimiz kimi Cəbrayıl rayonu da abadlaşdıqca, müasir görkəm aldıqca, əvvəlkindən də gözəl, füsunkar olacaq.

    Qürurluyam ki, Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında mən də iştirak etmişəm və dövlət başçısının müvafiq Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunmuşam.

    Şəhidlərimizin ruhu, qəhrəman oğullar böyüdən ata-anaların qarşısında baş əyirəm.

     

    Nurlan MURADOV,
    YAP Masallı Rayon Təşkilatının gənc fəal üzvü, Vətən müharibəsi iştirakçısı
    PAYLAŞ:

    Oxşar xəbərlər