Fəxr edirik ki, biz bu torpaqların sahibləriyik

Fəxr edirik ki, biz bu torpaqların sahibləriyik
  • Cəmiyyət

  • “Fəxr edirik ki, biz bu torpaqların sahibləriyik” - Bu fikri Cənab Ali Baş Komandan 27 sentyabr tarixində Füzuli rayonunda səfərdə olarkən vurğulamışdır. Füzuli rayonuna səfəri zamanı Prezident İlham Əliyev Azərbaycan xalqının  şanlı tarixi olan 27 sentyabr  Anım Günü haqqında demişdir: ” Bu gün Azərbaycanda Anım Günüdür. Bütün Azərbaycan xalqı şəhidlərimizin əziz xatirəsini yad edir. Allah bütün şəhidlərimizə rəhmət etsin. Şəhidlərimiz Vətən, torpaq uğrunda öz canlarını fəda etdilər. Biz öz şəhidlərimizlə, Qəhrəman əsgər və zabitlərimizlə fəxr edirik. Şəhidlərimizin qanı yerdə qalmadı, biz şəhidlərimizin qanını aldıq.

     Döyüş meydanında qisasımızı aldıq. Doğma torpaqlarımızı düşməndən azad etdik, ölkəmizin ərazi bütövlüyünü bərpa etdik.” Azərbaycan xalqı bütün gücünü səfərbər edib yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu. Prezident demişdir: “ Fəxr edirik ki, biz - bu torpaqların sahibləri bu torpaqlara yenidən həyatı qaytarırıq. ” Azərbaycan Respublikasının Prezidenti Qaraxanbəyli kəndi yaxınlığında şəhidlərimizin xatirəsinə ucaldılan abidə önündə çiçək dəstələri qoyduqdan sonra demişdir:”  Qaraxanbəyli kəndi və digər beş kənd İkinci Qarabağ müharibəsinin ilk günündə azad edilmişdir.
                 
    Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı - Füzuli rayonunun kəndləri və Cəbrayıl rayonunun kəndləri - Böyük Mərcanlı və Nüzgar kəndi müharibənin ilk günündə azad edilmişdir. İlk şəhidləri biz məhz burada, bu yerdə vermişik. Bu abidənin yanında düşmənin səngəri yerləşirdi. Bu istiqamətdə beş-altı müdafiə xətti mövcud idi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bu müdafiə xəttini və bundan sonrakı müdafiə xətlərini yarmaq üçün ölümə gedirdi. Sözün əsl mənasında, ölümə gedirdi, öz canını fəda edirdi ki, üçrəngli Bayrağımız Şuşada və o vaxt işğal altında olan digər bütün torpaqlarda dalğalansın. Öz canını fəda edirdi ki, Azərbaycan xalqı ləyaqətini bərpa etsin, ədaləti bərpa etsin və xalqımız öz torpaqlarına qayıtsın. “           
                 
    Biz xoşbəxt nəsilik ki, bu şərəfli missiya bizim üzərimizə düşüb. Xoşbəxt nəsilik ki, biz bu tarixi hadisənin həm şahidləriyik, həm də iştirakçılarıyıq. Bizdən sonra gələn nəsillər həmişə bu şanlı tarixlə fəxr edəcəklər. Biz fəxr edirik ki, bu torpağın övladlarıyıq. Fəxr edirik ki, döyüş meydanında öz haqqımızı bərpa etdik, düşməni məğlub etdik və bundan sonra biz müzəffər xalq kimi, qalib ölkə kimi əbədi yaşayacağıq.” Prezident şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağını xüsusi vurğulamışdır. “Bu gün şəhidlərimizin əziz xatirəsini yad edərək, bir daha hər birimiz özünə söz verməlidir, vəd verməlidir, and içməlidir ki, biz müstəqilliyimizin keşiyində əbədi duracağıq, biz ərazi bütövlüyümüzün keşiyində əbədi duracağıq. Qoymayacağıq ki, bir daha düşmən başını qaldırsın, qoymayacağıq ki, bir daha bizim üçün təhdid yaratsın. Əgər bunu görsək, dərhal hərəkətə keçəcəyik. Əminəm ki, buna ehtiyac olmayacaq. Çünki ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır.” “ Biz doğma torpaqlarımıza qayıtmışıq, Füzuliyə qayıtmışıq”- cənab Ali Baş Komandan bu sözləri böyük sevinclə söyləmişdir.

    Biz də xalq olaraq dövlət başçımızın yanındayıq və ona güvənirik!
                           

    İlham Ağayev,
    Hişkədərə kənd E.Ağayev adına tam orta məktəbinin direktoru
             
    PAYLAŞ:

    Oxşar xəbərlər