Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına
"Yeni Azərbaycan naminə " qəzetinin və " YeniAN.az " saytının baş redaktoru Bağırov Ramazan Ruhulla oğlu tərəfindən
MÜRACİƏT.
Hörmətli Cənab Prezident!
Pandemiya ilə əlaqədar bir çox dövlətlərdə sərhədlər bağlanmışdır. Bu da təbii ki, vətəndaşların sağlamlığı ilə bağlı idi.
Lakin son dövrlər xəstəliklərin azalması, pandemiyanın sona çatması müşahidə olunur. Əksər dövlətlərdə pandemiya bitdiyinə görə, hava və quru sərhədləri açılmaqdadır.
Lakin bizim dövlətdə hava sərhədləri açıq olsa da, quru sərhədləri hələ də bağlıdır.
Apardığımız sosial araşdırmalara görə, vətəndaşların əksəriyyəti quru sərhədlərinin bağlı olmasından narazıdırlar. Və dövlətin əleyhinə olan bəzi şəxslər, narazı qalan insanlardan bir elektorat kimi istifadə edirlər.
Bu da təbii ki, oktyabr, noyabr aylarında baş verəcək xaosdan və mitinqlərdən xəbər verir.
Beşinci kalon olanlar bu prizmadan vətəndaşlara siyasi-psixoloji təsir göstərirlər.
Və hətta beşinci kalon üzvləri Con Lokun nəzəriyyələrinə istinad edərək vətəndaşları dövlətə qarşı qoymağa , bu nəzəriyyənin incəliklərindən istifadə edirlər.
Söhbət təbii hüquq və ictimai müqavilə nəzəriyyəsindən gedir!
Baş verə biləcək xaosun qarşısını almaqdan ötrü, tədbirlər görülməlidir və o cümlədən quru sərhədləri tezliklə açılmalıdır.
Sərhədlərin açılması vətəndaş məmnunluğuna, vətəndaş rifahının göstəricisi kimi qiymətləndirilə bilər.
Apardığımız sorğu nəticəsində quru sərhədlərinin açıq olmaması ilə bağlı narazılıqlar 90% təşkil edir.
Sərhədlərin bağlı olması ilə əlaqədar narazı olan vətəndaşlar xəstələrini, tələbə olan övladlarını və istirahət üçün xaricə gedə bilməmələrini sorğu vaxtı dilə gətirdilər.
Onu da qeyd edim ki, 2 il ərzində pandemiya vaxtı çölə çıxa bilməyən vətəndaşların, quru sərhədlərinin açılmaması onların hiddətinə və qəzəbinə səbəb olur. Sorğu vaxtı insanların bu mövzuya qəzəbli münasibət göstərdiklərini müşahidə etdik.
Hörmətli Cənab Prezident!
Dövlətimizin qüdrətlənməsində Sizin apardığınız daxili və xarici siyasət misilsizdir.
Bu təbii ki, bizim kimi Politoloqların və jurnalistlərin gözü önündədir.
Dövlətimizə qarşı hər hansı bir xaosun reallaşdırılması yol verilməzdir.
Əlavə olaraq bildirim ki, Siz daim xalqımızın yanındasınız.
Xahiş edirəm ki, quru sərhədlərinin açılması və gələcəkdə baş verə biləcək xaosun qarşısının alınması üçün müvafiq addımlar atasınız.