Prezident yeni təyin olunan İcra başçılarını qəbul etdi

Prezident yeni təyin olunan İcra başçılarını qəbul etdi
  • Cəmiyyət

  •  Prezident İlham Əliyev yerli icra başçılarını qəbul edərkən çox mühüm məsələlərə toxundu. Bunların bir qismi ölkəmizdə görülən işlər və onların gələcək inkişafımızla bağlı yaratdığı perspektivlərlə əlaqədar olduğu halda, digər bir qismi bu islahatların keyfiyyətini təyin edəcək kadrlar və onların davranışları ilə bağlı idi. Yəni institusional və struktural islahatlar yaxşı rəhbər kadrlarla dəstəklənmədikdə kompleks islahatlardan və onların səmərəli nəticəsindən danışmaq olmur. Bu mənada yeni kadrlar qarşısında qoyulan tələblər son dərəcə mühümdür.

    Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərdən bir daha aydın oldu ki, məmurlar, ilk növbədə, şəhid ailələri və qazilərimizə maksimum diqqət ayırmağa borcludurlar. Çünki tarixi Qələbəmizin əldə olunması məhz onların xidmətidir. Bu istiqamətdə dövlət siyasətimizin doğru olduğu və vətəndaşlarımızı məmnun etdiyi hamıya bəllidir. Ancaq idarəetmədə bəzi rəhbər kadrların yerində olmaması dövlət siyasətimizə kölgə salır. Yeni kadrlar bunları nəzərə almalı, vətəndaşlarla birbaşa ünsiyyət qurmalı, problemləri onların özündən dinləməli, təşəbbüskar olmalı, korrupsiyaya və rüşvətxorluğa qarşı qətiyyətli mübarizə aparmalıdırlar.

    Qoyulan tələblərdən bir digəri isə rayonlarımızda olan iqtisadi potensialı real iqtisadi münasibətlərə çevirməklə yeni iş yerləri və rifah yaratmaqdan ibarətdir. Bunun üçün yerli və xarici sərmayənin rayonlarımıza gətirilməsində təşəbbüskar kimi yerli icra başçıları çıxış etməlidirlər. Yəni yeni məmur artıq özəl sərmayəyə şərik olan, yaxud ondan pay uman subyekt deyil. Bilavasitə cazibədar təkliflərlə sərmayəni rayona gətirən rəhbər olmalıdır. Bu isə rayonlarımızda yeni iş yerlərinin açılması və regionlarımızın inkişafı üçün ciddi əsaslar yaradacaq. Əks mövqe tutanlar cəzalandırılacaqlar və hazırda ibrət üçün çoxlu belə nümunələr var. Ona görə də Prezident İlham Əliyevin verdiyi tapşırıqlar və qoyduğu tələblər məmur obrazını kökündən dəyişən və idarəetmənin fəlsəfəsində yeni məntiqini yaradan tapşırıq və tələblərdir. 

    2030-cu ilədək reallaşdırılması nəzərdə tutulan Milli İnkişaf Prioritetləri kompleks və sistemli tədbirləri özündə ehtiva edir. Yeni kadr təyinatları və onların qarşısında müəyyənləşdirilən vəzifələr də milli inkişafımızın prioritetlərinə və onların realizə olunmasına hesablanıb.



    Müşfiq Qurbanov,
    Masallı rayon Gənclər və İdman idarəsinin aparıcı məsləhətçisi

    PAYLAŞ:

    Oxşar xəbərlər