25 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Göygöl, Lerik və Masallı rayonlarına təyin etdiyi yeni icra başçılarını qəbul etmişdir.Dövlət başçısı bu görüşdə çıxış etmişdir. Yeni təyin olunan İcra Başçılarına tövsiyə və tapşırıqlarını verən cənab Prezident demişdir: ” Rayonların inkişafı ilə bağlı siz özünüz təşəbbüs göstərməlisiniz. Bəzi hallarda yerli icra orqanları bir qədər tənbəllik edirlər, ya gözləyirlər ki, dövlət tərəfindən hansısa layihələr icra ediləcək, ya da ki, sahibkar gəlib onların qapısını döyəcək. Belə olan halda, bəzi hallarda sahibkarlar qarşısında müəyyən qanunsuz, əsassız tələblər irəli sürülür. Siz özünüz sahibkarları rayonlarınıza cəlb etməlisiniz, həm yerli sahibkarları, həm də xarici sahibkarları. Göygöl, Masallı və Lerik rayonlarının turizm potensialı çox zəngindir və bu rayonların füsunkar təbiəti bizim böyük sərvətimizdir – meşələr, dağlar, bulaqlar, çaylar, şəlalələr. Yəni, bu rayonları, sözün əsl mənasında, turizm mərkəzinə çevirmək hesab edirəm ki, əsas vəzifələrdən biridir.
Bu sahədə bir çox işlərin görüldüyünü qeyd edən Dövlət başçısı demişdir:"Mən dəfələrlə Göygöl, Lerik və Masallı rayonlarında olarkən, o cümlədən bu məsələ ilə də maraqlanırdım və öz tövsiyələrimi verirdim. Bilirəm ki, bu rayonlarda müasir istirahət zonaları, otel kompleksləri inşa edilib və əlbəttə ki, bu proses daha geniş vüsət almalıdır. Bir neçə il bundan əvvəl, hətta Vətən müharibəsinə qədər biz Göygöl gölünü də ictimaiyyət üçün açdıq. Mən əvvəlki illərdə, müharibədən əvvəlki illərdə də maraqlanırdım ki, nə üçün Göygöl gölümüzə, bizim təbii sərvətimizə insanların yaxınlaşması, yaxud da ki, gəlişi mümkün deyil. Bunu onunla əsaslandırırdılar ki, təmas xəttinə yaxın olan ərazidir. Ondan sonra araşdırmağa başladıq və gördük ki, Göygöl gölü turizm obyekti kimi və bu gölün ekoloji vəziyyəti, ekosistemi qorunmaq şərtilə açıla bilər və bunu da etdik. İndi minlərlə insan hər gün, xüsusilə yaz-yay mövsümlərində Göygöl gölünə gəlir, bu gözəl mənzərəni seyr edir, xüsusilə Vətən müharibəsindən sonra ki, artıq biz düşməni torpaqlarımızdan qovduq. Əlbəttə ki, bu gözəl yerin turizm üçün çox böyük əhəmiyyəti var. Eyni zamanda, nəzərə alsaq ki, bu gün Göygöl rayonundan Kəlbəcər rayonuna yol açılır, tunel çəkilir, bu rayonun Kəlbəcər-Laçın zonasının inkişafı ilə bağlı xüsusi rolu vardır.
Digər rayonlarda da turizm potensialı çox zəngindir. Vaxtilə Lənkəran-Lerik yolu bərbad vəziyyətdə olduğu üçün Lerik rayonuna demək olar ki, turizm axını yox idi. Mənim göstərişimlə yol əsaslı şəkildə təmir olundu, yenidən quruldu. Lerik rayonuna da turizm axını başlamışdır. Bu rayonun da çox böyük tarixi, çox böyük sərvətləri var. Masallı rayonunun da həmçinin. Masallı rayonunun dağlıq hissəsi, düzən hissələri var. Bir daha demək istəyirəm ki, bu rayonların turizm potensialı çox zəngindir".
Cənab Prezident İlham Əliyevin ölkəmizin hər bir vətəndaşına, günbəgün inkişaf edən ölkəmizin hər bir rayonuna diqqət və qayğısı ürəyimizi riqqətə gətirir,qəlbimizi minnətdarlıq hissi ilə doldurur. Bəli, son illər Masallıya turist axınının artması bir rayon sakini kimi məni sevindirir. Rayonumuzda turizmin inkişafı ilə əlaqədar əhəmiyyətli tədbirlər görülür. Masallını hər yerdə tanıdan, ona şöhrət gətirən istirahət məkanları çoxdur. Təkcə onu demək kifayətdir ki, İsti Su “Fatimeyi-Zəhra” Şəfa Sanatoriyasına axışan, hətta Avropa ölkələrindən gələn turistlərin sayı göstərir ki, hər kəs buradakı gözəlliyin, qeyri-adiliyin vurğunudur.Bu fakt, Prezidentin dediyi ki, turizm potensialı ilə zəngin olan rayonumuzun timsalında bir nüminədir.Dövlət Başçımızın rəhbərliyi ilə Vətənimizin bundan sonra da çiçəklənməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik.
İlham Ağayev,
Masallı rayon Hişkədərə kənd tam orta məktəbinin direktoru