Prezidentin göstərişi ilə azad olunmuş bütün şəhərlərin baş planları hazırlanır. Yəni uzun illər işğal altında qalan yurd yerlərində həyatın bərpası, müasir infrastruktur layihələrin reallaşması üşün hazırlıq işləri başlanılıb. Bununla bağlı Prezident İlham Əliyev belə deyib: “Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq”. Qeyd edək ki, erməni işğalından azad olunmuş ərazilərdə dövlətimizin başçısının birbaşa təşəbbüsü və tapşırıqları ilə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması nəzərdə tutulur. Pandemiya şəraitində dünya iqtisadiyyatında böyük problemlərin yarandığı bir dövrdə Azərbaycan Prezidentinin təşəbbüsü dövlətimizin güc və qüdrətini nümayiş etdirir. İlk “ağıllı kənd” layihəsi Zəngilan rayonunun Ağalı kəndində icra edilir. Kənddə layihənin icrası əsasən 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələridir. ”Azad edilmiş torpaqlarda bütün bərpa işləri ən yüksək səviyyədə təşkil olunacaq”,- deyən prezidentimizin tapşırıqları uğurla icra olunur.
Səfər çərçivəsində dövlətimizin başçısı Laçın rayonun Güləbird kəndində inşa olunan su elektrik stansiyasının açılışını edib. Torpaqlarımızda düşmənin törətdiri dəhşətli işlərdən biri də odur ki, onlar hər tərəfə minalar basdırıblar və hazırda mina təmizləmə prosesi aparılır. İnsanların öz doğma yurd-yuvalarına qısa müddətə qayıdışı təmin olunacaq. “Şuşa şəhərini elektrik enerjisi ilə təchiz etmək üçün əməli addımlara start verilib və birinci mərhələ başa çatıb”. Dövlət başçısının bu fikirlərinə istinadən demək olar ki, artıq infrastruktur layihələrinə start verilib. Azad edilmiş torpaqlarda bitkiçilik, meyvəçilik, heyvandarlıq sürətlə inkişaf edəcək. Rayonların kənd təsərrüfatı sahəsi daha sürətlə inkişaf edəcək, məhsuldarlıq artacaq.
İşğal altında saxlandığı vaxtlar Azərbaycan kəndləri ermənilər tərəfindən qanunsuz məskunlaşdırılsa da, onlar üçün yaradılan şərait Prezidentin ifadə etdiyi kimi, it damından fərqli olmayıb. Xaricdə yaşayan erməni diasporundan, müxtəlif fondlardan alınan yardımlar qondarma rejimin rəhbərliyi tərəfindən mənimsənilmiş, müxtəlif vədlərlə orada məskunalşdırılmış ermənilər səfalətə məhkum edilmişlər. Lakin ədalət bərpa olundu. Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Yollar, infrastruktur yalnız İkinci Qarabağ müharibəsində ordumuzun şanlı qələbəsindən sonra bərpa olunmağa başlamışdır. Prezidentin göstərişilə hazırda azad edilmiş bütün torpaqlarda bərpa olunan enerji növləri və yerləri müəyyənləşdirilir. Prezident çıxışlarında azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevriləcəyini dəfələrlə bildirib. Prezident İlham Əliyev qeyd edib ki, “Azad edilmiş torpaqlar “yaşıl enerji” zonası olacaq”. Zəngilan rayonunda birinci pilot “ağıllı kənd” layihəsi də məhz bərpa olunan enerji ilə təchiz ediləcəkdir. Kəlbəcər və Laçın rayonlarında külək enerjisinin, Zəngilan, Cəbrayıl rayonlarında daha çox günəş enerjisinin böyük potensialı var.
Həyata keçiriləcək işlər çərçivəsində Kəlbəcər və Laçında ermənilər tərəfindən uzun illər ərzində qanunsuz istismar edilmiş, onlar tərəfindən dağıdılmış bütün su elektrik stansiyalarını bərpa ediləcək. Yalnız Kəlbəcər və Laçın rayonlarında bərpa ediləcək stansiyaların generasiya gücü 120 meqavat olacaqdır. “Xudafərin” və “Qız qalası” su elektrik stansiyalarından da əlavə 120 meqavat güc alınacaq. Səfəri zamanı İlham Əliyevin, strateji əhəmiyyəti böyük olan, uzunluğu 100 kilometr olan Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoydu. Bu nəqliyyat infrastrukturu vətəndaşlarımızın azad olunmuş torpaqlara gediş-gəlişini asanlaşdıracaq, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına töhfə verəcək. Həm də bu dəmir yolu infrastrukturu Türkiyəyə qədər uzanacaq və beləliklə, Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaradılacaqdır.
Torpaqlarımızın işğalçılardan azad edilməsi bütün dünyaya dövlətimizin qüdrəti, xalqımızın əyilməz ruhunu nümayiş etdirdi. Prezident İlham Əliyev deyib ki, “Torpaqları düşməndən azad edən Müzəffər Ordunun Ali Baş Komandanı kimi Azərbaycan bayrağını qaldırmışam və bu bayrağın altında Azərbaycan xalqına doğma Laçın diyarından müraciət edirəm”. “Bizim Qələbəmiz tarixi Qələbədir. Biz tarixi ədaləti bərpa etdik”. “Biz öz haqlarımızı bərpa etdik, biz şəhidlərimizin qanını aldıq, biz düşməndən qisas aldıq və qayıtmışıq”. ”Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
Əziz Şahverdiyev,
Masallı rayon sakini, təqaüdçü müəllim