14 may 2022-ci il tarixdə Masallı çəhər Gənclər Mərkəzində tanınmış şair-publisist Süleyman Əlisanın “Bir ömrün işığı” kitabının və eyniadlı sənədli filmin təqdimatı keçirilib.
Kitab və filmdə “Şərəf nişanı” ordenli (1971-ci il) gözəl insan, unudulmaz müəllim Kamil Yadulla oğlu Nurullayevin əziz xatirəsinə ithaf olunub, onun ömür yolundan bəhs edilir.
Kitabda Kamil müəllim haqqında doğmalarının, müəllim yoldaşlarının, onu yaxından tanıyanların xatirələri toplanıb. Onun nümunəsində müəllimlik peşəsinin sadəcə iş sənət deyil, böyük fədakarlıq tələb edən çox gərəkli fəaliyyət sahəsi olduğu əksini tapıb. Ona görə də müəllimlər bütün dövrlərdə və cəmiyyətdə ən hörmətli peşə sahibləri sayılıb.
İnsanlardan varını, biliyini, bacarığını əsirgəməyən müəllimin xoşbəxtliyi ondadır ki, bu ömür qətrə-qətrə, damla-damla şagirdlərin qəlbinə hopur, onlar üçün örnəyə çevrilir, neçə-neçə gəncin həyat yolunu işıqlandırır.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan “Yeni həyat” qəzetinin və eyni adlı saytın Baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əlihüseyn Şükürov xəbər verir ki, təqdimat mərasimində rayon rəsmiləri, müəllimin doğmaları, vaxtilə onunla çiyin-çiyinə çalışan Yardımlı və Cəlilabad rayonundan gələn müəllim yoldaşları, şagirdləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən «Masallı ziyalıları» İctimai Birliyinin sədrı, «Tərəqqi» medallı Qardaş Fətullayev qeyd edib ki, mən rəhmətlik Kamil müəllimi görməmişəm. Amma onun övladları Rahim və Rasim Nurullayevləri yaxşı tanıyıram.
Bu yaxınlarda öyrəndim ki, Rasimin atası Kamil müəllim vaxtilə rayonumuzda təhsilin inkişafında göstərdiyi xidmətlərə görə “Şərəf nişanı” ordeni ilə təltif olunub. Təəssüf ki, SSRİ dövründə hansısa məmurun səhlənkarlığı ucbatından həmin orden ona təqdim olunmayıb və sənədlər it-bata düşüb. Rasim və Rahim dostları Murad Nəzərovun vasitəsi ilə bununla bağlı Rusiya Dövlət Arxivinə müraciət ünvanlayıb və həmin təşkilat cavab məktubunda Nurullayev Kamil Yadulla oğlunun 1970-ci il iyulun 21-də həmin ordenlə təltif olunması barədə sənədləri göndərib. Bu özü də Nurullayevlər ailəsinin necə nəcib əməllərə sahib olduğunu bir daha göstərir.
Yadımdadır, 15-20 il bundan əvvəl Kosakül məktəbinin direktoru Fəyyaz müəllim də o dövrdə Kamil müəllimin bu fəaliyyətindən ürəkdolusu danışar, rayonumuzda təhsilin inkişafına böyük töhfə verdiyini söyləyirdi. Bütün bunlar göstərir ki, Kamil müəllim peşəsinin vurğunu olub, əsl pedaqoq kimi ad çıxarıb. Oğlu, mənim dostum Rasim də hazırda ATİAHİ Masallı rayon komitəsinin baş məsləhətçisi kimi öz işini yaxşı bilir, nəcib əməlləri ilə özünə hörmət qazanır. Bu təşkilatın üzvü kimi mən bütün bunların şəxsən şahidiyəm. O ata xoşbəxtdir ki, özündən sonra övladları həyatda onun yolunu davam etdirirlər. Kamil müəllim belə xoşbəxt insanlardandır.
Q.Fətullayev həmçinin 65 iliiyi bu günlərdə tamam olan şair Süleyman Əlisanı ictimaiyyət qarşısında təbrik edib, şeirləri ilkə tanınan S.Əlisaya gələcək yaradıcılıq yollarında uğurlar arzulayıb.
Sonra söz “Bir ömrün işığı” əsərinin müəllifi, həmyerlimiz, istedadlı qələm sahibi, Azərbaycan Yazışılar Birliyinin üzvü Süleyman Əlisaya verilib.
Şair-publisist S.Əlisa çıxışında Kamil Yadulla oğlu Nurullayevin 1931-ci il oktyabrın 1-də Masallının Köhnə Alvadı kəndində anadan olduğunu qeyd edib, doğulduğu kənddə ibtidai təhsil aldıqdan sonra Böyük Xocavar yeddiillik məktəbini, daha sonra isə Masallı şəhər 1 nömrəli orta məktəbini bitirdiyini bildirib. 1950-ci ildə Azərbaycan Tibb İnstitutuna qəbul olan Kamil bir il bu ali təhsil ocağında oxuyub. Ancaq növbəti il müəyyən səbəbdən həmin ali təhsil ocağından ayrılaraq Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsilini davam etdirib. 1955-ci ildə həmin institutu riyaziyyat ixtisası üzrə bitirərək təyinatla Astraxanbazar (indiki Cəlilabad) rayonunun Xanəgah kənd orta məktəbinə göndərilib. Kamil müəllim beş il bu dağətəyi kənddə işləyərək təcrübəli və qabaqcıl müəllim kimi püxtələşdi, yerli camaatın dərin hörmətini qazandı. 1960-1962-ci illərdə Təzə Alvadı kənd orta məktəbində müəllimlik fəaliyyətini davam etdirdi.
Xoşbəxtlikdən həm Xanəgah məktəbində, həm də Təzə Alvadı məktəbində Kamil müəllim yüksək səviyyəli pedaqoqlarla əhatə olunmuşdu. 1962-ci ildə təcrübəli müəllim kimi öz doğma kəndinə qayıdan Kamil burada gənc nəslin maariflənməsində böyük rol oynadı. Kamil müəllim heç bir mükafat, ad-san gözləmədən bütün bacarığını xalqın maariflənməsinə sərf edirdi. Tale elə gətirir ki, SSRİ Ali Sovetinin 1971-ci il 20 iyul tarixli fərmanına əsasən, təhsilin inkişafında göstərdiyi xidmətlərə görə o, “Şərəf nişanı” ordeni ilə təltif olunur. Ancaq həmin ərəfədə xəstə olması səbəbindən və ya hansısa bilinməyən səbəbdən orden sahibinə çatdırılmır. 2020–ci ildə bu hadisədən xəbər tutan övladları Rahim və Rasim Moskvada təhsil alan yaxın dostları Murad vasitəsi ilə Rusiya Federasiyası Dövlət Arxiv idarəsinə sorğu məktubu ünvanlayırlar. Arxiv rəhbərliyi sorğuya cavab olaraq Kamil Yadulla oğlu Nurullayevin həqiqətən də “Şərəf nişanı” ordeni ilə təltif olunması barədə arayış göndərir. «Yaşadığı ömrün işığı ayları, illəri adlayaraq günümüzə qədər yetişib.
Düşünürəm ki, bu işıqdan hələ neçəneçə nəsillərə də pay çatacaq. Doğma Köhnə Alvadıda Kamil müəllimin 90 illiyi ilə əlaqədar keçirilən anım mərasimini 50 ildən sonra baş tutan görüş və yaxud bir ömrün keçmişdən bu günümüzə düşən işığı adlandırmaq olar. Bu görüş həm də həyatda çətinliklərə mətanətlə sinə gərən bir ailənin el-oba qarşısında hesabatı və ömür-gün yazısını özündə ehtiva edir… Kamil müəllim təkcə məktəbdəki tədrislə kifayətlənmir, dərsdənkənar vaxtlarda şagirdləri öz evinə dəvət edib onlarla təmənnasız məşğul olardı. Onun yetirmələri riyaziyyata digər fənlərdən daha çox maraq göstərirdilər. Hər bir şagird istəyirdi ki, riyaziyyatdan ona Kamil müəllim dərs desin.
Kamil müəllim bütün şagirdlərini diqqətdə saxlayır, onların problemlərini öyrənir, lazımi qayğı göstərir, dərsi şagirdlərə onların anladığı səviyyədə çatdırırdı. Buna görə şagirdlər evə döndükdə verilən çalışmaları çətinlik çəkmədən həll edə bilirdilər...»-deyə Süleyman müəllim qeyd edib.
Sonra “Bir ömrün işığı” sənədli filminə baxış keçirilib.
Folklorşünaslıq, dil tarixi, təsəvvüf ədəbiyyatı sahəsində tanınmış Azərbaycanlı alim, filologiya elmləri doktoru, professor Füzuli Bayat, filologiya elmləri doktoru, professor Tərlan Quliyev, Azərbaycan Diplomatiya Akademiyasının professoru Rəşad İbadov, Azərbaycan İqtisad Universitetinin dosenti Fariz Əhmədov və başqaları da çıxış edib, müəllim işığı, müəllim ziyası haqqında söz deyib, Kamil Nurullayevin həyatı və pedaqoji fəaliyyəti haqqında danışıblar.
Cəlilabaddan gələn şair İman Abdulla Ulu Öndər Heydər Əliyevin müəllim sənəti haqqına sözlərini və həsr etdiyi şeirini, müəllim ömrü haqqında şeirlərini söyləyib.
Kamil müəllimin böyük oğlu Rəhim Nurullayev tədbirə görə Masallı RİH başçısı cənab Şahin Məmmədova ailələri və doğmaları adından minnətdarlıq edib.
Tədbirdə Masallı RİH başçısının məsul işçisi Abbas Abbaszadə iştirak edib.
Axırda S.Əlisanın “Bir ömrün işığı” kitabı tədbir iştirakçılarına hədiyyə edilib.
www.leqal.az