Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən reket “jurnalist” Ata Abdullayev barəsində olan hökmdən verilən apellyasiya şikayəti təmin edilməyib.
"Leqal.az" bildirir ki, bu barədə report-a onun vəkili Telman Abdıyev məlumat verib.
O bildirib ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.
İttihama əsasən, A.Abdullayev müxtəlif şəxslərdən onlar haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə pul tələb edib. Belə ki, o, Gənclər və İdman Nazirliyinin tabeliyində Avropa Oyunları və “Formula-1” yarışlarıyla bağlı Əməliyyat Komitəsində çalışan Elmar Əliyevə zəng edərək, ondan 10 min manat istəyib. Son nəticədə 2400 manatlıq “iPhone 11 Pro Max” telefonu alıb.
Bundan başqa, A.Abdullayev Abşeron Rayon İcra Hakimiyyətinin Masazır qəsəbəsi üzrə nümayəndəsi Şahlar Həsənovdan 6 000 manat pul istəyib. O, Masazırda məişət tullantılarının vaxtında daşınmamasıyla bağlı video yaymaqla hədələyib.
Həmçinin o, aşmış ağacı videoya çəkərək, sahibkar Cəmil Babayevi ağacları kəsməkdə ittiham etməklə ondan da pul tələb edib.
A.Abdullayev Sabunçuda sahibkar Elçin Əliyevi qanunsuz tikinti aparmaqda ittiham edərək, ondan 15 000 manat pul tələb edib.
Bununla əlaqədar ona CM-nin 182.2.2 (hədə-qorxu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələrilə ittiham verilib.
A.Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən ötən ilin mart ayında saxlanılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, A.Abdullayev yeddi il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.