"Leqal.az" xəbər verir ki, Azərbaycanın milli adət-ənənələrini özündə əks etdirən Novruz Bayramı münasibəti ilə Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti və Naxçıvan Müəllimlər İnstitutunda bayram şənlikləri keçirilib.
Naxçıvan Dövlət Universitetdə təşkil edilən tədbirdə rektor Elbrus İsayev Novruzun xalqımızın ən əziz bayramlarından biri olduğunu qeyd edib, ölkəmizdə dövlət səviyəsində qeyd olunmasının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğu bildirilib. Bayramın tarixi kökləri, özünəməxsusluğu, o cümlədən, birlik qardaşlıq bayramı olduğunu bildirən rektor diqqətə çatdırıb ki, Novruz 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Vurğulanıb ki, müzəffər Ali Baş Komandanımız və qüdrətli ordumuzun sayəsində artıq işğaldan azad edilən qədim yurd yerlərimizdə də tonqallar qalanır, ölkəmiz bu milli bayramı yüksək əhval-ruhiyyə ilə qeyd edir. Gənclərə milli-mənəvi dəyərlərimizə hər zaman hörmətlə yanaşmağı tövsiyyə edən rektor hər kəsi bayram münasibətilə təbrik edib, onlara cansağlığı və firavan həyat arzulayıb.
Tədbirdə Novruz tonqalı alovlandırılıb, tələbələr tonqal ətrafında dövrə vuraraq yallı rəqsini ifa edib, maraqlı konsert proqramı ilə çıxış ediblər. Tədbirdə bayramın tarixi dəyərini, xalqımızın adət-ənənələrini, Novruz rəmzlərini əks etdirən nümunələr, tələbələrin hazırladıqları səhnəciklər nümayiş etdirilib.
Ali təhsil ocağında təhsil alan əcnəbi tələbələrin də milli bayramımızda azərbaycanlı tələbələrlə birgəlik nümayiş etdirməsi tədbir iştirakçılarına xoş ovqat bəxş edib.
“Naxçıvan” Universitetində keçirilən tədbirdə rektor Nurlana Əliyeva iştirakçıları Novruz bayramı münasibətilə təbrik edib. Novruz bayramının xalqımızın milli adət-ənənələrini özündə əks etdirən ən qədim bayramlardan olduğunu qeyd edən rektor bildirib ki, ulu öndərin hakimiyyətdə olduğu dövrlərdə xalqımız milli dəyərlərinə daha çox sahib çıxıb, mənəvi irsin zənginliklərinə dərindən yiyələnib.
Tədbir universitetin "Xarici dillər" və "Pedaqoji" fakültələrinin təşkilatçılığı ilə bayramın tarixi dəyərini, xalqımızın adət-ənənələrini, Novruz rəmzlərini əks etdirən nümunələr, tələbələrin hazırladıqları səhnəciklərlə davam etdirilib.
Sonda universitetin həyətində Novruz tonqalı alovlandırılıb, müəllimlər və tələbələr tonqal ətrafında dövrə vuraraq “Yallı” gediblər.
Naxçıvan Müəllimlər İnstitutunda keçirilən tədbirdə ali təhsil ocağının müəllim kollektivini və tələbələri Novruz bayramı münasibəti ilə təbrik edən institutun rektoru Azad Novruzov bildirib ki, Novruz xalqımızın ən qədim bayramlarından biridir. Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaradıb.
Tədbirdə bayram tonqalı alovlandırılıb, tələbələrin hazırladıqları bayram xonçaları və rəsm sərgisinə baxış keçirilib.
Tədbirin davamında gənclər yallı ifa edib, mahnı və şeirlər səsləndiriblər.//Naxcıvan