Ərəb kəndində Vətən müharibəsi şəhidi Masim Qurbanovun, Binə Xocavarda isə Birinci Qarabağ müharibəsi şəhidi Bəşir Nuriyevin xatirəsi anılıb.
Masallı rayonunun Ərəb kənd şəhid Müqəddəs Hacıyev adına ümumi orta məktəbində Vətən müharibəsi şəhidi Masim Qurbanovun doğum günü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə təhsil işçiləri, şəhid valideynləri, kənd sakinləri və məktəblilər iştirak ediblər.
Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra rayon təhsil şöbəsinin məsləhətçisi Hörmət Balakişiyev, məktəbin müəllimi Sənubər İsmayılova, şəhid Masim Qurbanovun atası, Birinci Qarabağ müharibəsi iştirakçısı, II qrup əlil Hafiz Qurbanov, şəhid Cəbrayıl Qasımovun atası Baloğlan Qasımov və başqalarının çıxışları dinlənilib.
Çıxışlarda şəhid Masim Qurbanovun həyatı və keçdiyi döyüş yolu haqqında tədbir iştirakçılarına geniş məlumat verilib, xatirəsi ehtiramla anılıb.
Şagirdlər Vətənə, şəhidlərimizə həsr olunmuş şeirlər söyləyiblər.
Sonda şəhidin ailəsinə baş çəkilib, məzarı ziyarət edilib.
Məlumat üçün bildirək ki, Masim Hafiz oğlu Qurbanov 7 yanvar 2001-ci ildə Masallı rayonunun Ərəb kəndində anadan olub. 2008-2017-ci illərdə Ərəb kənd ümumi orta məktəbində təhsil alıb. 2019-cu ilin yanvarında Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin iyulunda həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra könüllü olaraq Vətən müharibəsiunə yollanıb.
M.Qurbanov 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib. İgid döyüşçü Qubadlı istiqamətində gedən döyüşlərdə düşmən gülləsinə tuş gəlib, şəhidlik zirvəsinə ucalıb.
Şəhidin nəşi 10 yanvar 2021-ci il tarixdə Ərəb kənd qəbiristanlığında torpağa tapşırılıb. Subay idi.
Sil göz yaşlarını, yaxşı sil, ana,
Qoy düşmən görməsin ağlamısan sən.
Başını dik saxla uca dağ kimi,
Məni sinəsində yaşadır Vətən.
Birinci Qarabağ müharibəsi şəhidi Bəşir Nuriyevin xatirəsi isə qəhrəmanın adını daşıdığı Binə Xocavar kənd tam orta məktəbində anılıb.
Anım tədbirində şəhidin doğmaları, Vətən müharibəsi iştirakçıları, məktəbin pedaqoji kollektivi və məktəblilər iştirak ediblər.
Məktəbin direktoru Ülvi Rufullayev, müəllim Hörmət Məmmədli, şəhidin qardaşları Nurəddin və Qasim Nuriyevlər Bəşir Nuriyevin şərəfli döyüş yolundan danışıblar, şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər, mahnılar səsləndirilib, ədəbi-bədii kompozisiya nümayiş olunub.
Bildirilib ki, şəhid Bəşir Nuru oğlu Nuriyev 5 iyun 1973-cü ildə Masallı rayonunun Binə Xocavar kəndində anadan olub. 1988-ci ildə kənd natamam orta məktəbini bitirdikdən sonra təhsilini Göytəpə texniki-peşə məktəbində davam etdirib, traktorçu-sürücü peşəsinə yiyələnib.
O, 1991-ci ilin axırlarında hərbi xidmətə çağırılıb. Gəncə şəhərindəki “N” saylı hərbi hissədə bir neçə ay təlim keçdikdən sonra Bəşirgilin batalyonu Tərtər şəhərinə gətirilib. B.Nuriyev Tərtər, Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib, Sərsəng su anbarının, Çıldıranın, Kasapet yüksəkliyinin, Drambonun, Canyataq, Gülyataq və Sırxavəndin alınmasında böyük fədakarlıq göstərib.
Sırxavənd döyüşlərindən sonra Bəşirə məzuniyyət verilib. O, məzuniyyətinin başa çatmasını gözləməyərək yenidən döyüş meydanına qayıdıb. Növbəti hücum əməliyyatı zamanı şəhid olub.
Şəhid əsgərin nəşi 1994-cü ilin yanvar ayının 5-də doğma kəndində torpağa tapşırılıb. Subay idi.
Binə Xocavar kənd orta məktəbi Bəşir Nuru oğlu Nuriyevin adını daşıyır.
Sonra şəhidin ailəsinə baş çəkilib, məzarı ziyarət olunub, önünə əklil və gül dəstələri düzülüb.
Akif AĞAYEV,
jurnalist-publisist.