Masallı Rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrında Vətən müharibəsi şəhidi Masim Qurbanovun xatirəsinə həsr edilmiş tamaşa-kompozisiya oynanılıb.
Yazıçı-publisist Nurəddin Ədiloğlunun şəhidlə bağlı mətbuatda dərc edilmiş yazıları əsasında hazırlanmış "Qanlı təpə" adlı kompozisiyada rolları teatrın aktyorları və Masallı Dövlət Regional Kollecinin tələbələri ifa ediblər.
Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Sonra teatrın rejissoru Cəmaləddin Əliyev şəhidin həyatı, kompozisiyanın məzmunu ilə bağlı çıxışından sonra onlayn tamaşa səhnəyə qoyulub. Səhnə işində döyüşlər zamanı nəvəsini şəhid vermiş babanın və şəhid anasının acı fəryadı aktyorların canlı, parlaq səhnə ifaları ilə virtual izləyicilərə təqdim edilib. Eyni zamanda, tələbələr vətənpərvərlik, şəhidlik məqamı kimi ali mənəvi dəyərləri tərənnüm edən şeir kompozisiyaları səsləndiriblər.
Tamaşadan sonra Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov şəhidin valideynləri ilə görüşüb, şəhidin ruhuna ehtiramını ifadə edib.
"Qanlı təpə" adlı tamaşa-kompozisiyanın hazırlanması və səhnəyə qoyulmasında rejissor C.Əliyev, aktrisa Aybəniz Həsənova, səhnə tərtibatı Elsevər Əliyev, kollec tələbələri və digərləri yaxından iştirak ediblər. Kompozisiya sosial şəbəkələr vasitəsilə canlı yayımlanıb.
Xatırlamaq yerinə düşər ki, şəhid əsgər Masim Qurbanov 7 yanvar 2001-ci ildə Masallı rayonu Ərəb kəndində anadan olmuşdur. 2008-2017-ci illərdə Ərəb kənd ümumi orta məktəbində təhsil alıb. 2019-cu ilin yanvar ayında Azərbaycan Silahlı Qüvvələrinin hərbi hissələrinin birində müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra könüllü olaraq Vətən müharibəsinə yollanıb.
Azərbaycan Ordusunun əsgəri Masim Hafiz oğlu Qurbanov 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib. İgid döyüşçü Qubadlı istiqamətində gedən döyüşlərdə düşmən gülləsinə tuş gəlib, şəhidlik zirvəsinə ucalıb.
Şəhidin nəşi 10 yanvar 2021-ci il tarixdə doğulduğu Masallı rayonunun Ərəb kənd qəbiristanlığında torpağa tapşırılıb.
Evin ortancıl oğlu idi.
Subay idi.
Şəhid Masimin atası Hafiz Qurbanov Birinci Qarabağ müharibəsi döyüşlərinin iştirakçısı olmuş, II qrup Qarabağ müharibəsi əlilidir.
Müəlif: Əlihüseyn ŞÜKÜROV.