Şuşa tezliklə işğalçılardan təmizlənəcək

Şuşa tezliklə işğalçılardan təmizlənəcək
  • Cəmiyyət

  • Hər adı çəkilən zaman gözlərimiz dolar, qəlbimiz qubar eylər. Adam öz isti ocağından necə ayrılar ki? Həsrəti ilə yaşadığımız 28 il ərzində, hər gün dua etmişik ki, heç olmazsa Allahın bizə nəsib etdiyi ömrün qalan hissəsini doğma yurd-yuvamızda yaşayaq.

     Bu sözləri bizə müsahibəsində Masallı rayonunda məskunlaşan, Şuşa rayonunun Xanalılar kənd sakini Elşən Əmrahov söylədi.

     O, dedi: ”1992-ci il mayın 7-dən 8-nə keçən gecə ... Çoxsaylı hərbi texnika və canlı qüvvə ilə təchiz edilmiş amansız işğalçıya müqavimət göstərə bilmədik. Silahsız idik. Gecələr postda durur, könüllü olaraq döyüşçülərə kömək etməyə çalışırdıq. Dayım oğlu Fikrət Hüseynov, əmim oğlu Bəxtiyar Əliyev kimi neçə qohumum, həmkəndlim son anacan igidliklə vuruşub, şəhid oldular.”

     49 yaşlı E.Əmrahov bildirdi ki, cismimiz ayrılsa da ruhumuz orda qaldı. Yalın camaat yurdundan çıxmağa məcbur oldu. May ayı olmasına baxmayaraq dağlarda qar əriməmişdi. Mal-qara da orda qaldı. Uşaq, qadınlar yük maşınları ilə yola salındı. Mən Cənnət və Mirsiyab əmimlə (dünyalarını dəyişiblər), digər yerlilərimizlə birgə bir az gec çıxdıq kənddən. Mirzələr qış yatağında cəmləşən camaatla birgə Laçın-Qubadlı-Cəbrayıl istiqamətində 13 gün yol gəldik. İlk öncə İsmayıllının Xəlilli kəndinə köçsək də, Ağdamın işğalından sonra Şəkiyə getdik. 1993-cü ildən anam, iki bacım və mən Masallıda, Ərkivan qəsəbəsində məskunlaşmışıq.

     “Uşaqlıqdan musiqiyə, özfəaliyyətə həvəsim vardı. Məktəb tədbirlərində fəal iştirak edirdim. Şuşalılara xas o səsdən İlahi mənə də pay ayırıb ki, bu gün “Qurani-Kərim”in qiraətində istifadə edirəm,” - deyərək o, sözünə davam etdi:”Şuşa Kənd Təsərrüfatı Texnikumunu bitirdikdikdən sonra bir müddət Qarabağ ipək kombinatının 3 nömrəli toxuculuq sexinin kəndimizdəki filialında mexanik, müdir vəzifələrində çalışmışam. Onu da qeyd edim ki, Şuşa şəhərində, eləcə də kəndimizdə Bakı “Radioqurma” istehsalat birliyinin 1 nömrəli istehsalatının filialı da fəaliyyət göstərirdi. Zümrüd anam 24 il rabitə sahəsində işləyib. 75 yaşında haqq dünyasına qovuşub, Ərkivanda torpağa tapşırılıb. Atam ağac ustası olsa da, eyni zamanda bacarıqlı təsərrüfat sahibi idi. Mal-qaradan əlavə gözəl bağımız da vardı.”

     Şuşada nişanlansa da toyunun Masallıda keçirildiyini vurğulayan Elşən müqəddəs Həcc ziyarətində olub. İki övladı var. Oğlu Nicat Aprel döyüşlərinin iştirakçısıdır. Hazırda könüllü əsgər kimi Vətənə xidmət edir. Atası diqqətə çatdırdı ki, Nicatın da ən böyük amalı, məqsədi Qarabağımızı, Aydın babasının (1934-1990) uyuduğu Xanalılar torpağını erməni terroristlərindən azad etməkdir. Çünki onunla yan-yana yağıya anbaan qan udduran qorxubilməz, igid əsgərlərimiz bilir ki, Vətəni sevmək imandandır, ona uzanan əlləri qət eləmək haqq işidir.

     Masallılardan həmişə isti məhəbbət gördüyünü dönə-dönə söyləyən Elşən Əmrahov əlavə etdi: “28 ildir ki, ərkivanlılarla duz-çörək kəsirik. Onlar da tezliklə Şuşada qonağımız olmaq arzusundadırlar.

    Yurdsuzluq, köçkünlük ağrılı yerimizdir. Bu dərdə, bu həsrətə son qoymaq üzrəyik. Sanki özümçün bitmiş kimi hesab etdiyim həyata yenidən qayıdacağım, Xanalıların mərkəzində yerləşən evimizə üz tutacağım gün, o torpağı öpə-öpə, qoxusunu ciyərlərimə çəkdiyim anlar yaxınlaşır. Atamın göz bəbəyi kimi qoruduğu meyvə bağını bərpa edəcəyim vaxtda, ruhunun şad olacağı məqamdakı yaşantımı, duyğularımı qabaqcadan ifadə etmək mümkün deyil.”  

     Şuşanın zəngin flora və faunası – təmiz havası, bərəkətli torpağı, müxtəlif dərman bitkiləri, çiçəkləri, mineral su yataqlarından söhbət salan E.Əmrahov xatirələrini təzələdi: “İmamqullar və Xanalılar çaylarının qovuşağındakı turşsu çeşməsi çağlayardı. Sarıbaba dağının ətəyindən çıxan mineral su isə Şuşanın mərkəzinəcən çəkilmişdi.”

     “Quduz, insan qanına susayan bu erməni faşistlərinə etibar yoxdur. Atalar demişkən, itlə yoldaşlıq et, amma çomağını yerə qoyma. Uca Rəbbimizin lütfüdür ki, bu gün mənfur düşmənin son “çırpıntılarıdır”, o, qarşımızda qatlanıb.

    Əminik ki, Ali Baş Komandanımızın qətiyyəti və iradəsi sayəsində, şanlı ordumuzun cəbhədə qazandığı ardıcıl qələbələrin davamı olaraq Azərbaycanın dilbər guşəsi, Qarabağın tacı olan Şuşa, dogma Xanalılar kəndimiz tezliklə işğalçılardan təmizlənəcək,”- deyə, müsahibimiz fikrini tamamladı.

     

    Akif Ağayev


    LEQAL.AZ
    PAYLAŞ:

    Oxşar xəbərlər